“Düşmənlərimiz bir-biri ilə savaşırlarsa, biz kənarda dayanıb nəticəni gözləməliyik…”  

“Əgər Çin Putinin çağırışına cavab, daha doğrusu, razılıq vermədisə, inanmıram ki,  Tayvana hücum etmək addımıyla  diqqəti öz tərəfinə çəkəcək…”

 

Məlum olduğu kimi, Çin son illər fəal şəkildə Tayvanı güc yolu ilə ilhaq etmək üçün öz ərazisi olduğunu iddia edir…  Mayın 30-da bazar ertəsi adaya yaxın hava məkanına 30 hərbi təyyarə göndərib. Tayvanın Müdafiə Nazirliyi buna cavab olaraq təyyarələrini havaya qaldırıb, hava hücumundan müdafiə raket sistemlərini həyəcan vəziyyətinə gətirib və radio xəbərdarlıqları yayıb.

 

Bəs Rusiyanın Ukraynaya məkrli və amansız təcavüzü fonunda rəsmi Pekin doğrudan da Tayvana hərbi müdaxilə etmək fikrinə düşə bilərmi? Bu, Rusiyanın Ukrayna savaşında uduzub-uduzmamasından asılıdır, yoxsa  Çin bundan asılı olmayaraq uyğun məqamda həmin təcavüzü gerçəkləşdirə bilər? 

 

Sabiq baş diplomat Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında məsələyə qısa və konkret münasibət ifadə edib:

 

“Bilirsiz, Çinin son dövrlərdə də ənənəvi diplomatiyası ondan ibarətdir ki, əgər  düşmənlərimiz bir-biri ilə savaşırlarsa, biz kənarda dayanıb həmin savaşın nəticəsini gözləməliyik.  Və indiki halda bəllidir ki, həm Qərb, həm də Rusiya Ukraynadakı münaqişədən güclü yox, zəif çıxacaqlar.  Əgər Çin Putinin çağırışına cavab, daha doğrusu, razılıq vermədisə, inanmıram ki,  Tayvana hücum etmək addımıyla  diqqəti öz tərəfinə çəkəcək. Ümumiyyətlə, Çinin xarici siyasətinə xas olan ehtiyatlı davranışı, hesab edirəm ki, hələlik olacaqdır. Yəni indiki şəraitdə Çinin Tayvana müdaxilə edəcəyini  düşünmürəm. Çünki bu halda Çinin də Ukraynanı işğal edən Rusiyanın vəziyyətinə düşməsi, yəni ABŞ başda olmaqla dünya ölkələri tərəfindən təklənməsi ehtimalı az deyil” . 

 

Xatırladaq ki,  Pentaqon sözçüsü Con Kirbi də ABŞın Çinin Tayvana mümkün hücumu ilə bağlı əlamətlər görmədiyini bildirib.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button