“Deyirdim ki, sənə bir şey olsa yaşamaram, yalançı çıxdım…”

“Qarabağ bülbülləri”… Bir zamanların ən məşhur uşaq qrupu olan “Qarabağ bülbülləri” nəinki Azərbaycanı gəzib, konsertlər vermişdi. Onların səsi dünyanın bir çox ölkələrindən, tanınmış konsert salonlarından, səhnələrindən gəlirdi. Qrupun solistlərindən biri də İzahat Cəfərov idi.

Bir neçə aydır dünyasını dəyişən sənətçi haqda qızı və həyat yoldaşı Moderator.az-a danışıb. Sənətçinin qızı Günel Cəfərova atası ilə hər zaman qürur duyduğunu bildirib.

“1993-cü ildə Ağdam işğal olundu, onda mən 1-ci sinfə gedirdim. Atamın qardaşı, bacısı orada idi, bizim evə köç etdilər. Bir şəxsiyyət ortaya çıxmalı idi ki, onlara dayaq olsun, atam o yükü öz üzərinə götürdü. Onlar bizim evdə illərlə yaşadılar. Atam onların hamısını rahat etdi. Atam çox əziyyət çəkdi. Amma özü bir gün olsun belə rahat olmadı, rahat yaşamadı. Qaçqın düşəndən sonra, Ağdam alınandan sonra atam sənətini davam etdirmədi. Bu qayğılarla mümkün deyildi sənəti davam etdirmək. Xoş günlərimizdə, yaxın insanların məclisində oxuyurdu. Atam son illər internat məktəblərində qida bölümünə baxırdı, nəzarət edirdi. Səhər saat 5-də o oyanırdı ki, o uşaqlar səhər yemək yeyənə qədər gedib çatsın. Yeməyi verən o deyildi, amma diqqət edirdi ki, kim yemək yeyir, kim yemir. Belə böyük ürəyə sahib idi. Çox böyük şəxsiyyət idi, mən hər zaman deyirəm ki, o şəxsiyyətin qızı olmaq başqa bir qürurdur. Bu qüruru bizə yaşadan atam oldu. Çox heyf ki, çox cavan yaşda dünyasını dəyişdi, heç 60 yaşı yox idi. Hər zaman yuxuma gülərək gəlir. Xoş simasını görürəm, amma danışmıram, dinmirəm” deyə sənətçinin qızı bildirib.

İzahat Cəfərovun ömür-gün yoldaşı Rahilə Cəfərova həm həyat yoldaşını, həm də dostunu itirdiyini bildirib.

 

“Mənim üçün o həm dost idi, həm də həyat yoldaşı. Bəlkə də inanmazsız, mən ona ata, ana kimi baxırdım. Anamı itirmişdim, elə bilirdim ki, anamı itirməmişəm. Çünki arxamda böyük bir gücün olduğunu hiss edirdim. Amma indi boşluqdur. Yaxşı, dəyərli oğlum və qızım, nəvələrim var. Hər kəs var, amma mənə onu əvəz edən yoxdur. Onunla tanış olanda 16 yaşım var idi. Onun da 18 yaşı var idi. Tanış olduq, o hərbi xidmətə getdi, əsgərlikdən gələndən sonra biz ailə qurduq. Mən özümü onunla xoşbəxt sayırdım. O qədər o mehriban, o qədər səmimi bir ailəyə düşdüm ki” deyə xanımı bildirib.

Rahilə Cəfərova həyat yoldaşının “Qarabağ bülbülləri” qrupundakı fəaliyyətindən də danışıb.

 

“Düzdür, seçim turuna çox uşaq qatılsa da, onların içindən yalnız 4 nəfər seçilmişdi. “Qarabağ bülbülləri” dünyanın bir çox ölkələrində olublar. Zeynəb Xanlarovanın ansamblı ilə Amerikaya gediblər, Rusiyada konsert veriblər. Orda da böyük bir səs qazanıblar. Onların səsi “Qızıl fond” da qorunub saxlanılır. İzahat deyirdi ki, sənətimi çox sevirəm, amma universitetdən kəsiləndən sonra hərbi xidmətə getdi, davam etdirə bilmədi. Hərbi xidmətdən gələndən sonra da ticarətlə məşğul oldu. Amma hər gün, hər vaxt o səsi ilə oxuyurdu. Yaxın dost-tanışın toyları olanda xahiş edirdilər ki, bir kəlmə də olsa “Bayatı Şiraz”ı oxu. Söz vermişdi, deyirdi ki, yerim yurdum qayıdandan sonra mən Qarabağda o mahnıları oxuyacam. Qrupdakı uşaqlarla da tez-tez görüşürdü. Bu günlərdə “Ağdam və mən” verilişi çəkildi, həmin uşaqlar orada iştirak etdilər, təkcə İzahat yox idi. Onu da xatırladılar, yeri çox görünürdü. Evdə idik, xəbər gəldi ki, Ağdam alınıb. O qədər sevindi ki, anası da bizdə idi. Anasının da 80 yaşı var idi. Soruşdu ki, ay oğul, görəsən Ağdamı gedib görəcəyik? İzahat dedi ki, əlbəttə görəcəyik, babamın yerində ev də tikdirəcəm. Mənim də ad günüm, ən xoşbəxt günüm idi. Bu biri ad günümdə onu itirdim. Anası da ölümünə dözməyib dünyasını dəyişdi” deyə sənətçinin həyat yoldaşı bildirib.

 

Rahilə Cəfərova sənətçinin ağır xəstəlikdən əziyyət çəkdiyini bildirib.

 

“Qəfil halsızlıq oldu. Nəvələri də bizdə idi. Ailəsini, nəvələrini canından çox sevirdi. Dedim ki, atanız gecələr nəsə narahat yatır. Sonra oğluma dedi ki, “Nicat, istəyirəm nəsə söz deyim, yadımdan çıxır”. Bu əlamətləri nəzərə alıb onu özəl xəstəxanaya yoxlatdırmağa apardıq. Orda bir də gördüm ki, həkim Nicata nə dedisə, Nicatın halı pis oldu. Həkim dedi ki, vaxt itirmədən başı təcili əməliyyata salınmalıdır. Sən demə başında şiş var idi. 90 gün xəstəxanada qaldı, ayın 2-si çıxmalı idi, 1-i dünyasını dəyişdi. Deyirdim ki, İzahat, əgər sənin başından bir tük əskik olsa mən yaşaya bilmərəm. Amma mən yalançı oldum, neçə aydır yaşayıram. Evdə heç kim olmayanda şəkilləri ilə danışıram. Biri var ki, evdən gedə, biri də var eldən. Həqiqətən də İzahat eldən gedib” deyə sənətçinin həyat yoldaşı bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button