“Ona görə biz bu avtomobilləri yeriyən tabut adlandırırıq…”

“Bu avtomobillər hamısı qəza riski və qəzada ölüm riski başqalarına nisbətdə daha artıq olan avtomobillərdir. Ona görə biz deyirik ki, bu avtomobilləri sıradan çıxarmaq lazımdır. Araşdırsaq, zavod tərəfindən onun kostruksiyasında nəzərdə tutulan təhlükəsizlik elementləri belə yox vəziyyətindədir. Təhlükəsizlik kəməri heç bəzilərində yoxdur. Sovet maşınlarında xarici maşınlarla müqayisədə başqa təhlükəsizlik sistemləri də nəzərdə tutulmayıb”

 

Bunu Moderator.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Ekspert istismar müddətini başa vuran avtomobillərin insan həyatı üçün çox riskli olduğunu bildirib: 

 

“Biz bu avtomobilləri yeriyən tabut adlandırırıq. Dünən Biləsuvarda baş verən qəza nəticəsində avtomobil iki yerə bölündü, ölüm olmadı, amma iki nəfər xəsarət alıb. Bu da böyük bir faciədir. Onunla toqquşan müasir tipli avtomobilin isə sadəcə ön hissəsi zədələnib. Bu avtomobillərin əksəriyyətinin ön hissəsi qaynaq olunmuş, qəzalı avtomobillərdir. 

 

Gürcüstandan Azərbaycana gətirilən “Mercedes” markalı avtomobillərinin də əksəriyyətinin ön hissəsi qaynaq olunmuş, başqa maşının hissəsidir. Ona görə də onlar qəza zamanı iki yerə bölünürlər. Bu təhlükələrin qarşısını almaq üçün biz bu avtomobillərin sıxdaş məsələsini gücləndirməliyik, onların ölkəyə gətirilməsi üçün aidiyyatı qurumlara geniş səlahiyyətlər verilməlidir. Artıq bir çox ölkələrdə  bu məsələni həyata keçirirlər. 

 

Cənab Prezidentin imzaladığı sərəncam əsasında köhnə avtomobillər də sıxdaş olunmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə işlər görür, amma proses ləngiyir. Burda isə məsələyə fərdi şəkildə yanaşılmalıdır və avtomobillər ayrı-ayrılıqda qiymətləndirilməlidir. Hər rayonun Yol Polis Şöbəsi var və onların tərkibində komissiya yaratmaq olar ki, onlar öz rayonlarında olan avtomobillərə baxış keçirib, rəy yazsın, təqdim etsin və onun da əsasında qərar vermək lazımdır. Başqa cür yanaşma nümayiş etdirsən, bunu bazara çevirəcəklər. Hansı ki, bu gün doğrudan da o bazara hazırlaşan insanlar var və onlar köhnə maşınları alıb qarajda saxlayırlar ki, bu proqram çərçivəsində satıb pul qazansınlar”. 

 

Qeyd edək ki, dünən Biləsuvarda baş verən qəzada “jiquli” markalı avtomobil digər avtomobillə toqquşub və iki yerə bölünüb.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button