““Mən türkəm” deyən Paşinyandan Ermənistan müxalifəti bizə daha sərfəli olardı…”

“Mənə elə gəlmir ki, Kreml Paşinyanı devirməyi bir o qədər istəyir…”

 

Xəbər verdiyimiz kimi,  bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərdən birinin “özünüzü türk hesab edirsinizmi?” sualına “hə” cavabını verib. Görəsən, erməni hökumət başçısı bununla nə demək istəyib? Ümumiyyətlə, Paşinyan Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq məsələsində nə dərəcədə səmimidir? Ermənistandakı rusiyayönümlü radikal və revanşist müxalifət olmasa, o, gündəmdə duran Qarabağ, sərhədlər, sülh sazişi və s. məsələlərin tezliklə həllinə nail olarmı, yoxsa onun da Azərbaycan və Türkiyə ilə bağlı digər təhlükəli planları var?

 

Mövzu ilə bağlı Moderator.az əməkdaşıyla telefon söhbətində sabiq baş diplomat Tofiq Zülfüqarov bunları bildirib:

 

-Tofiq müəllim, bu barədə artıq müəyyən rəylər, şərhlər söylənib. Siz necə yozursuz Paşinyanın faktiki olaraq “mən türkəm” deməsini?

 

-Bəllidir  ki, Paşinyan zarafat edib…

 

-Zarafat olsa da, bəlkə burda bir siyasi-diplomatik mesaj da var?

 

-Bilirsiz, Azərbaycanda buna bənzər bir söhbət var; kiminsə kimdən xoşu gəlməyəndə, yaxud biri pis bir hərəkət edəndə deyirlər ki, filankəs ermənidir… Ermənilər arasında da belə situasiyada çoxu bir-birinə “sən türksən” deyir… Ermənistanın 2020-ci ilin 44 günlük savaşındakı məğlubiyyətindən sonra Paşinyana qarşı da bu cür ittihamlar irəli sürülür. O da bu dəfə məsələnin mahiyyətindən uzaqlaşmaq üçün jurnalistin sualına cavab olaraq lağ-lağıya salıb “bəli, mən türkəm” deyib…

Ümumiyyətlə, bir sıra insanlar bu və ya digər hadisəni, prosesi başa düşməyəndə hansısa sadə izahatlar axtarırlar.  Məsələn, deyirlər ki, filankəsin nənəsi ermənidir, ona görə də o, düşməndir, fırıldaq işlərlə məşğul olur… Və nəticədə məsələnin mahiyyəti qalır kənarda, həmin adamın nənəsi müzakirə mövzusuna çevrilir. Bunlar populizm dünyasında baş verənlərə misaldır…

 

-Ola bilərmi, Paşinyanın çəkinmədən “türk olduğunu” “təsdiqləməsi” həm də onun artıq Ermənistan toplumunun çoxluğu tərəfindən buna o qədər də kəskin reaksiya olmayacağına arxayınlığından irəli gəlir?

 

-Görünür, Paşinyan həm də ona qarşı edilən bu ittihamın gülməli və mənasız olmasını vurğulamaq üçün bu cür cavab verib… Söhbət ondan gedir ki, Paşinyan bu və ya digər dərəcədə ermənilərə mövcud reallıqları başa salmağa çalışır… Təəssüf ki, Ermənistanda kimlərsə hələ də özlərinin uydurduqları özgə bir reallıqda yaşayırlar… Yəqin, Paşinyan da belələrinə  məhz bu cür cavab verməyi doğru sayıb…

 

-Ermənistanda son günlər kütləvi aksiyalarla fəallıq göstərən rusiyameyilli müxalifətin nəsə nəticə əldə etmək şansı varmı, sizcə?

 

-Ermənistan müxalifətinin qələbə şansı çox azdır. Çünki onların sayı bir o qədər də çox deyil. Fəal olsalar da, cəmi 2 minə yaxındırlar… Hiss olunur ki, bu, əslində təşkil olunan və bəlkə də maliyyələşdirilən bir dəstədir. Amma bunlar yetərincə təhlükəlidirlər. Yəni təxribatlar-filanlar törədə bilərlər… Lakin hakimiyyətə gəlməkləri xeyli şübhəli görünür. Çünki  erməni toplumunun çox hissəsi bunların marginal olduğunu görürlər. Yəni  ermənilərin bir çoxu artıq gerçəklikləri yavaş-yavaş anlamağa başlayırlar. Çünki başa düşürlər ki,  indiki müxalifətin dediklərinin nəticəsi müharibənin təkrarı ola bilər…

 

-Həm də hazırkı rusiyayönümlü erməni müxalifətinin Paşinyan iqtidarınınkına alternativ real proqramları da yoxdur…

 

-Bəli. Proqramları yalnız populist şüarlardan ibarətdir. Məsələn, gedək Azərbaycanın azad etdiyi Qarabağ torpaqlarını geri qaytaraq… Amma bunun hansı yolla, hansı qüvvə ilə edə biləcəklərini söyləmirlər. Axı ermənilərin çoxu artıq savaş da istəmir, vuruşmaq istəmir… İkincisi də, Ermənistanın hazırda nə hərbi gücü, nə pulu, nə də beynəlxalq dəstəyi var növbəti bir haqsız-ədalətsiz müharibə aparmağa. Rusiya da öz problemləriylə məşğuldur, ona kömək edən deyil… Yəni Ermənistan müxaləti, sadəcə, populist şüarlarla çıxış edir. Amma populizm də çox təhlükəli bir şeydir.  Çünki hərdən reallıqdan uzaq hansısa modellər çox populyar olur insanlar arasında və bəzən cəmiyyətlərdə, ölkələrdə çox mənfi nəticələrə də gətirib çıxarır…

 

-Bəs  Rusiya 1990-cı illərdəki kimi İrəvanda Paşinyana qarşı sui-qəsd, yaxud hərbi çevriliş həyata keçirə bilərmi? Yoxsa Moskva artıq bunun marağında deyil? 

 

-Bilirsiz, mənə elə gəlmir ki, Kreml Paşinyanı devirməyi bir o qədər istəyir…İkincisi də hesab edirəm ki, Moskvada Rusiyanı idarə edənlər, o cümlədən Paşinyanla bağlı qərarlar qəbul edənlər çox da sadəlöhv insanlar deyil. Çünki Rusiya rəhbərliyi indiki mərhələdə bunlara nə təklif edə bilər? Bəllidir ki,  Azərbaycan-Türkiyə tandemi ilə hərbi toqquşma Kremlə qətiyyən lazım deyil… Və bu baxımdan ruslar İrəvanda yenidən bu radikal və revanşistləri hakimiyyətə gətirib özlərinə problem yaratmaq da istəmirlər… Yəni belə görünür ki, Paşinyan Moskvaya hələ də sərf edir…

 

-Deyəsən, elə bizə də sərfəlidir hələ ki?..

 

-Baxaq görək də… Yavaş-yavaş ağıllanır deyəsən. Amma çox tələsmir, ləng gedir işlər…

 

-Bəlkə də Paşinyan daxildəki bəhs etdiyimiz revanşist müxalifətin təzyiqlərini nəzərə alır və bəzi çıxışları da buna hesablanıb… Bu baxımdan ola bilərmi ki, daxildən Rusiyanın dəstəklədiyi müxalifət olmasa, Paşinyan Azərbaycanla sülh sazişi bağlanması məsələlərini tez həll etsin?

 

-Bilirsiz, bütün hallarda hesab edirəm ki, Paşinyanın özünün də daxilində ifrat bir millətçilik mövcuddur.  Və belə görünür ki, o da özünün dediyi kimi, yeni şəraitdə Qarabağ siyasətini davam etdirmək nyyətindədir…Və Azərbaycanda deyəndə ki, Paşinyan bizə sərf edir, mən cavab verirəm ki, Ermənistanda hazırda müxalifətdə olanlar bizə daha çox sərf edə bilərdi…

 

-Revanşistləri nəzərdə tutursuz?

 

-Bəli. Təsəvvür edin, onlar iqtidarda olsaydılar, nə qədər səhvlər buraxardılar, biz də o səhvlərdən istifadə edərdik… 

 

-Yəni deyirsiz ki,  həmin səhvləri bəhanə edib qalan torpaqlarımızı da azad edərdik?

 

-Bəli…

 

-Deməli, hesab edirsiz ki, Paşinyan daha realist siyasətçidir?..

 

-Bəli, o, realist, eyni zamanda erməni millətçiliyi əsasında qurulmuş bir siyasət aparır… Yenə də deyirəm, Paşinyan imkanlardan asılı olaraq Qarabağla bağlı öz siyasətini davam etdirir… Ermənistan rəsmiləri Xankəndinə mütəmadi səfərlər edir, oradakı separatçı rejimə maliyyə yardımları edilir, təhlükəsizlik adıyla oraya hərbçiləri yerləşdirir… Və s. və i.a. Bu mənada mən Paşinyanın bizə sərf etməyinə o qədər də optimist baxmıram… Yəni o məqam yetişib ki, biz Ermənistan hakimiyyətinin Qarabağa uzanan əllərini kəsməliyik… 

 

Sultan Laçın

  

 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button