Peyğəmbərimiz(s) cəmiyyətdə ekstremizm problemini belə həll edirdi…-ARAŞDIRMA

“Doğru olana sarılın və yaxınlaşın, sevinin və səhər, axşam və gecənin müəyyən vaxtında Allahdan kömək diləyin…”

 

Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda dini təfriqə yaratmaqda maraqlı olanlar olduğu barədə bəyanat yayıb. Sözsüz ki, dini camiədə təfriqə salmaq istəyənlər bunu əsasən ifrat dindarlıq və ektremizm kimi cərəyanlara söykənərək həyata keçirməyə çalışırlar.

 

İslam tarixi ilə maraqlandıqda bəlli olur ki, hələ Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın zamanında da dini ifratçılıq və ekstremizmlə mübarizə güdəmdə olub.

 

Bunu nəzərə alaraq  Moderator.az oxucularını dağıstanlı dini yazar Müslim Abdullayevin  rusdlilli İslam saytlarında dərc olunmuş “Məhəmməd Peyğəmbər(s) ekstremizm problemini necə həll edirdi?” başlıqlı yazısının tərcüməsi ilə tanış edir:

 

“Allah-Taala insanları cəhalət zülmətindən çıxarıb haqq yola yönəltmək üçün Məhəmməd peyğəmbəri(s) göndərdi. Rəsulullah (s.a.s.) ən yaxşı rəhbər, təbliğatçı və məsləhətçi idi.

 

Məhəmməd peyğəmbər cəmiyyətdə yaranan problemləri həll etməklə yanaşı, onların meydana çıxmasına səbəb olan amilləri də aradan qaldıran bir şəxsiyyət idi. Sərt qanunların tətbiqi ilə o, cəmiyyətə zərər verməyə çalışan hər kəsə nəzarət edirdi.

 

Bu yazıda Allah Rəsulunun o dövrdə cəmiyyətdə tez-tez yaranan problemləri həll etmək üçün istifadə etdiyi bəzi üsullardan bəhs edəcəyik. Bu üsulların dühası onun peyğəmbərlik məqamının doğruluğuna dəlalət edir. Çünki o, etdiyi hər şeyi Allah-Təalanın göstərişi ilə etmişdir.

 

İslamın təbliğ etdiyi yüksək əxlaq və əxlaq dəyərlərinə uyğun gəlmədiyi üçün İslam cəmiyyətdə mütləq təhlükəsizliyin təmin edilməsinə və hər cür ekstremizmlə mübarizəyə xüsusi diqqət yetirir.

 

Allah-Təala Qurani-Kərimdə buyurur:

 

“Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! (Fussilət surəsi, 34-cü ayə)

 

Rəsulullahın (sallallahu aleyhi və səlləm) yaşadığı cəmiyyət ifratçılıq baxımından indiki cəmiyyətdən çox da fərqlənmirdi. O dövrlərdə ekstremizm problemi çox aktual idi və o cəmiyyətdən bir çox insanlar bu ideyalara sadiq qalırdılar.

 

Baxın, Cəfər ibn Əbu Talib (Allah ondan razı olsun) Efiopiya hökmdarı Ən-Nəcaşiyə Qüreyşin qeyri-müsəlman cəmiyyətinin o dövrdəki vəziyyəti haqqında nə danışır:

 

“Əziz hökmdar, biz cahil bir tayfa idik, bütlərə sitayiş edirdik, leş yeyirdik, qızları diri-diri torpağa basdırırdıq, mehriban qonşuluq münasibətlərini korlayırdıq, haramlara icazə verirdik, bir-birimizin qanını axıdırdıq…” (Beyhəqi, “Dələil ən-Nubuvva”; “Əs-Sirə ən-Nəbəviyyə”)

 

O cəmiyyətdə adi olan qız uşaqlarının diri-diri basdırılması ənənəsinə nəzər salsaq, o dövrün Məkkə cəmiyyətində ifratçılıq və qəddarlıq probleminin nə qədər dərin olduğunu görərik. Buna görə də Muğirədən (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu ənənənin qəti qadağan olunmasını belə nəql edib:

 

“Həqiqətən, Allah-taala sizə analarınıza hörmətsizlik etməyi, qızları diri-diri basdırmağı qadağan etmişdir…” (Buxari, 2408)

 

Rəsulullah (s.a.s.) ifratçılıq problemini həll etməyə başladı, öz səhabələrinə nəfsi idarə etmə kimi bir keyfiyyətə ehtiyacı təlqin etdi (bu halda onlar həmişə Uca Allahın onları seyr etdiyini xatırlayırlar).

 

Bu xüsusiyyətə malik olan insan Allah-Təalanın onun haqqında hər şeyi bildiyini dərk etdiyi, onun aşkar və gizli əməllərini daim izlədiyini xatırladığı üçün həmişə Rəbbin və insanların haqqına riayət etməyə çalışar, ifratçılıq göstərməz.

 

Muaz ibn Cəbəl (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu buyurdu:

 

اعبد الله كأنك تراه, فإن كنه يراك, واعدد نفسك في الموتى, وإياك ودعوة المظلوم فإنها مستجابة

 

“Allaha heç bir şeyi şərik qoşmadan ibadət edin, Allah üçün əməllər edin, sanki Onu görürsən, əgər sən Onu görmürsənsə, şübhəsiz ki, O, səni görür. Özünü ölülərdən say və məzlumun duasından ehtiyat et, çünki o, cavabsız qalmaz (Beyhəqi, “Şuab əl-iman”, 10060; Təbərani, “Əl-Mucəm əl-Kəbir”, 374).

 

Rəsulullah ifratçılıq probleminin həllində bu üsulla məhdudlaşmadı, başqa da addımlar atdı. Bir insanın yaşamalı olduğu cəmiyyətin müddəalarını formalaşdıraraq onun həmin cəmiyyətin üzvlərini istiqamətləndirən müəyyən dəyərlərə sahib olması qənaətinə gəldi:

 

 1. Milli, dini və irqi ayrı-seçkiliyə yol vermədən cəmiyyət üzvləri arasında xeyirxahlıq və ədalət ruhunun yayılması.

 

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu:

 

“Ey Aişə! Həqiqətən, Allah mehribandır və O, hər şeydə yaxşılıq etməyi sevir. O, şiddətlə və ya başqa bir şeylə əldə edə bilmədiklərimizi mehribanlıqla əldə etməyə imkan verir. (İmam Əhməd, 902; Buxari, 6927; Müslim, 2593; Əbu Davud, 4807; İbn Macə, 3688; İbn Hibban, 549)

 

İmam Buxarinin Aişədən (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisin başqa bir variantında Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi bildirilir:

 

مَهْلًا يَا عَائِشَةُ، عَلَيْكِ ب

 

“Tələsmə, Aişə! Xeyirxahlığa sarılın, sərtlikdən (ifratçılıqdan, ekstremizmdən) və ədəbsizlikdən çəkinin”. (Buxari, 6030)

 

 2. Səhv edənlərə mərhəmət.

 

Bu, müsəlman cəmiyyətinin riayət etməli olduğu ən böyük dəyərlərdən biridir, çünki o, cəmiyyətdə ekstremizm və terrorizmdən uzaq olan mərhəmətə əsaslanan münasibət yaradır.

 

Rəsulullahın bu dəyərə verdiyi əhəmiyyəti anlamaq üçün onun həyatına nəzər salaq. İshaq ibn Əbu Təlhətdən rəvayət olunur ki, Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir:

 

“Bir dəfə biz Rəsulullah (sallallahu aleyhi və səlləm) ilə məsciddə olarkən bir bədəvi içəri girdi və məsciddə ayaq üstə ikən  “kiçik” təbii ehtiyacını ödəməyə başladı. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələri ona qışqırdılar: “Hey, hey!”. Lakin Allah Rəsulu: “Ona mane olmayın. Onunla işiniz yoxdur”- dedi. Və işini bitirənə qədər səhabələr ona qarışmadılar. Sonra Allah Rəsulu (s) bədəvini çağırıb ona dedi: “Məscidləri sidik və çirkab su ilə çirkləndirmək olmaz. Məscidlər ancaq Allahı zikr etmək, namaz qılmaq və Quran oxumaq üçündür”(Müslim, 285).

 

Görün, Rəsulullah bu münaqişəni necə yumşaq və hikmətlə həll edib. Səhabələrə  səhv edənə, mahiyyət etibarı ilə ifratçılıq olan şiddət göstərməyi qadağan etmiş, xəta edənə isə, onu məzəmmət və sərt qadağalarla qorxutmadan, gözəl şəkildə məsciddə rəftar və davranışları öyrədib.

 

3. Dində mötədillik və həddi aşmamaq.

 

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu:

 

إن الدين يسر, ولن يشاد الدين أحد إلدين أحد إلا غلبه, فسددوا وقاربوا, وأبشروا, واستعينوا بالغدوة والروحة, وشيء من الدلجة

 

“Həqiqətən, bu din asandır, lakin hər kəs onunla mübarizə etməyə başlasa, şübhəsiz ki, din ona qalib gələr. Ona görə də doğru olana sarılın və yaxınlaşın, sevinin və səhər, axşam və gecənin müəyyən vaxtında Allahdan kömək diləyin” (Buxari, 39; İbn Hibban, 351).

 

Yəni bu din çox asandır və əgər kimsə onunla mübarizə aparmağa, gücü çatmayan bir iş görməyə başlasa, məsələn, gecə-gündüz tam tükənənə qədər namaz qılsa və ya gündəlik oruc tutsa, bu, arzuolunmaz nəticələrə gətirib çıxarar. Çünki gec-tez  insan gücünü itirir və hər kəsin bacardığını belə, edə bilmir.

 

Ona görə də dində həddi aşmaq – fərqli fikirdə olanlara qarşı ifrata varmaq və  onlara öz fikrini zorla qəbul etdirməyə aparan qapıdır.

 

 4. Cəmiyyət üzvləri arasında sülh və harmoniya.

 

Həzrət Məhəmməd Peyğəmbər (s) insanın Rəbb qarşısında və cəmiyyətdəki üstünlüyünü və ləyaqətini onun cəmiyyətdə insanlara zərər vermədən yaşaya bilməsi ilə əlaqələndirib.

 

Əbu Burda rəvayət edir ki, Əbu Musa (Allah ondan razı olsun) deyib:

 

قُلْتُ: رَسُولَ اللهِ أَيُّ الْإِسْلَامِ أَفْضَلُ؟ قَالَ: مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ

 

“Bir dəfə soruşdum: “Ya Rəsulullah, müsəlmanlardan hansı daha layiqlidir?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə cavab verdi: “O kəs ki, digər müsəlmanlara dili və əli ilə zərər verməz” (Buxari, 11; Müslim, 42).

 

5. Qan tökməyi qadağan etmək.

 

Allah Rəsulu diri canın öldürülməsini və günahsızın qanının axıdılmasını qəti şəkildə qadağan edərək bunu ən ağır günahlardan hesab etmişdir. O, hədislərində insanları bu günahdan uzaqlaşdırmaq üçün bu cinayətin şiddətini vurğulayıb.

 

Əbu Səid əl-Xudri və Əbu Hureyrə (Allah onlardan razı olsun) rəvayət edirlər ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurub:

 

“Əgər göylərin və yerin bütün əhli bir möminin qanını tökməkdə günahkar olsalar, Allah onların hamısını Cəhənnəm oduna qərq edər” (Tirmizi, 1398).

 

Nəinki qan tökmək, hətta insanı qorxutmaq da qadağandır. Mömin insanı qorxudan və qorxuya səbəb olan hər bir işdən çəkinməlidir, çünki insanın həyatı toxunulmazdır.

 

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Əbu əl-Qasim (Allahın ona salavat və salamı olsun) dedi:

 

“Həqiqətən, mələklər silahının ucunu qardaşına tərəf yönəldəni, hətta bu şəxs öz qardaşı olsa belə, silahı geri çəkənə qədər lənətləyərlər” (Buxari, 7072; Müslim, 2616).

 

Beləliklə, Allah Rəsulu bu problemi həll etdi, cəmiyyətdə təhlükəsizliyi təmin etməyə çalışdı, necə adlanmasından asılı olmayaraq insanı hətta qorxuda biləcək hər şeyi; ifratçılıq, terror, zorakılıq və zülmü qadağan etdi və onlarla mübarizə apardı.

 

Bütün bu hadisələr cəmiyyətdə qorxu və dəhşət yayır, insanları qorxuya salır, təhlükəsiz və dinc həyata mane olur. Cəmiyyətdə əmin-amanlıq isə onun inkişafının, tərəqqisinin təminatçısıdır”.

 

Tərcümə və təqdim etdi:

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button