“O daşları belində daşıyıb bu qalanı tikib, yetim oğlan idi”

Sevgi elə bir meyvədir ki, hər kəs bu meyvəni dada bilmir. Necə ki, Əsli Kərəminə, Məcnun Leylisinə, Fərhad da Şirininə qovuşa bilməyib. Kürdəxanıda illər öncə tikilən “Nakam sevgi” qalasından yəqin ki, bir çoxlarınızın xəbəri var.

 

Moderator.az vasitəsilə qalanın tarixinə nəzər salacağıq.

Kürdəxanıda elə bir şəxs yoxdur ki, bu qalanı tanımasın. Haqqında maraqlı rəvayətlər danışılır. Deyirlər ki, qan düşməninin qızına aşiq olan Yamin sevgisinə qovuşa bilmir. Ondan sonra tərkidünya olub, insanlardan uzaqlaşır, sığındığı bu qalanı tikir. Ömrünün sonuna qədər də elə bu qalada qalır. O gündən bəri bu qala “Nakam sevgi” abidəsi olaraq yaddaşlara həkk olur. Digər bir rəvayətə görə isə Yamin yaşıdlarından seçilən, fiziki görkəmcə çox qüvvətli bir cavan olur. Hətta deyirlər ki, o vaxt üzərində silah gəzdirmək qadağan idi, amma Yaminin hər zaman üstündə silah olub. Lakin bir gün düşmənləri onu güdərək, başından ağır zərbə vururlar. Beləliklə Yamin həm yaddaşını, həm də həyatdakı mövqeyini itirir. Düzdür, yerli sakinlər ona maddi yardım göstərirlər, Yamin isə həmin bu sədəqələri yığıb, simvolik bir qala ucaldır. O sökülmüş, uçulmuş evlərin daşlarını öz belində daşıyaraq bu qalanı ucaldır. Onun kimsəsi olmadığına görə həmişə özündən sonra bir yadigar qoymaq istəyirdi.

Bu qalaya Yamin qalası da deyirlər. Tikilmə tarixi ilə bağlı dəqiq məlumat olmasa da bəziləri bu qalanın ötən əsrin ortalarında tikildiyini deyirlər. Bəzi iddialara görə isə qala 12-ci əsrə aiddir. Tikiliyə baxanda isə birinci versiya daha inandırıcı gəlir. Kürdəxanı kəndinin köhnə sakinlərindən biri olan Əkbər Sətyarov Moderator.az-a açıqlamasında qalanı tikən Yamini yaxından tanıdığını bildirib.

“Qala mənim gözümün qabağında tikilib. Yamin kimsəsiz bir şəxs idi. 10 yaşım olardı təxminən, 1947-ci ildən sizə danışıram. Dükanın qarşısında dayanardı, dilənərdi. İnsanlar da aldıqları çörəkdən ona verərdilər, o da gedib yaşayardı, dolanardı. Daşları iplə arxasına atıb daşıyardı, elə edərək nə qədər daş yığmışdı. Nəsir adlı bir şəxs var idi, kəndin ağsaqqalı idi. Yamin gedib ona deyəndən sonra Nəsir əmi onun üçün balaca bir ev tikdi. O evdə yaşayırdı. Halbuki kəndin aşağı tərəfində ata-bala evləri var idi, amma uçulmuşdu. Tək uşaq idi, onun heç kimi yox idi. Əyin-başını da camaat verirdi” deyə o o bildirib.

 

Kənd sakini qala haqqında deyilən rəvayətləri yalanlayıb. O deyib ki, Yamin qalanı başqa niyyətlə tikib.

“Dilənə-dilənə gəlib şəhərə çıxıb. Orada “Qız qalası”-nı görüb. Soruşub, deyiblər ki, bu filan qaladır. Beyninə girib ki, mən də oğlan qalası tikməliyəm. Yadımdadır, başına yığışırdıq, deyirdik ki, “Yamin neynirsən?”. O da başını aşağı salıb, deyirdi ki, “oğlan qalası tikirəm”. Zarafata salırdıq, deyirdik ki, bu qala tikə bilər? Nə çəkici var idi, nə də ki, baltası. Heç bir texnika olmadan tikirdi bu qalanı. Özü üçün pilləkən də düzəltmişdi, daşı qoyub, palçığı vurub, çəkic yerinə ayağından istifadə edirdi. Yamin 1990-cı ildə dünyasını dəyişib, elə bu qalanın yaxınlığındakı qəbirstanlıqda da dəfn edilib. Qala indi uçuq-sökük vəziyyətdədir. Bura mal-qara üçün örüş yerinə çevrilib. Çox təəssüf ki, qalanın qorunub-saxlanılması üçün heç bir iş görülmür” deyə müsahibimiz bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button