“Peşəkar aktyor heç vaxt nə özünə, nə də ki, tamaşaçısına hörmətsizlik etməz”

““Bəxtiyar” tamaşasında mən Hüseynova bacılarından birini-Gülzarı oynayırdım. Təbii ki, möhürü vurulmuş obrazı yenidən canlandırmaq çox məsuliyyətli və çox çətin idi. Sözün düzü səhnəyə çıxanda çox həyəcanım var idi ki, tamaşaçı görəsən bu rolu necə qarşılayacaq? Çünki bu obraz dillər əzbəridir və insanların hələ də göz yaddaşında qalıb. Şükürlər olsun ki, tamaşaçılar çox gözəl qarşıladılar. Tamaşanın sonundakı alqışlardan bilirəm ki, obrazım qəbul olundu”.

 

Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva deyib. O daha sonra əlavə edib.

“Tamaşaçıdan qətiyyən heç nəyi gizlətmək olmur. O dəqiqə özünü biruzə verir. Mən inanmıram ki, peşəkar aktyor səhnədə obrazını yola versin, teatr dilində desək “xaltura” etsin. Bu mümkün deyil. Onu yalnız qeyri-peşəkarlar edə bilər. Peşəkar aktyor heç vaxt nə özünə, nə də ki, tamaşaçısına hörmətsizlik etməz” deyə aktrisa bildirib.

 

Ülviyyə Əliyeva dostluqlarından da danışıb.

 

“Allahın qəzəbindən başqa heç nə və heç kimdən qorxmuram. Amma qeyri-səmimi, yalan söyləyən insanlardan qaçıram. Uzaq dururam ki, onlardan mənə ziyan gəlməsin. Azdan-çoxdan insan tanıyanam deyə bu mənə o qədər də çətin olmur. Allahın ən xoşbəxt bəndəsiyəm ki, dostluq baxımından bəxtim çox gözəl gətirib. Həyatda ilk dostlarım, rəfiqələrim analarım olub. Bilirsiniz ki, mənim iki anam, iki atam var (gülür). Həyatda iki rəfiqəm olub, artıq rəfiqə deyil, ailə üzvlərimdir. Dostluğumuzun müddəti 15 ilə yaxındır. Onlardan biri gözəl rejissor və ssenarist Səidə Haqverdiyeva, digəri isə Məryəm xanımdır. O cəhətdən bəxtim gətirib. Onlar ən çətin və xoşbəxt, yıxıldığım və ucaldığım günlərimdə yanımda olublar. Sevincimə sevinib, kədərimə şərik olublar” deyə aktrisa bildirib.

 

Ülviyyə Əliyeva xınayaxdı mərasimlərindən də danışıb.

 

“Ruzini verən Allahdır. Bu gün kim necə bacarırsa o ruzini qazanır. Əksinə, sevinirəm ki, xınayaxdı seçimləri çoxdur, toy edənlər də öz büdcələrinə, zövqlərinə uyğun xına aparıcısı seçib, dəvət edə bilirlər. Bunun nəyi pisdir ki? O ki, qaldı mənim digərlərindən fərqimə. Yəqin ki, peşəkar aktrisa olmağım məni həm teatrsevərlərə, həm də xınayaxdı mərasimlərindəki insanlara sevdirib” deyə o deyib.

 

 

Məşhur aktrisa istirahətlə bağlı suala belə cavab verib.

 

“Teatrdan məzuniyyətə növbəti ay çıxacağıq. Heç bir xarici ölkədə istirahət etməyəcəm. Azərbaycanımızın hələ o qədər dilbər güşələri var ki, onları gəzib-dolaşmamışıq. Kifayət qədər xarici ölkələrdə olmuşam, düşünürəm ki, ən gözəl yer elə vətənimizdir. Ailəmlə birlikdə vətəndə istirahət edəcəyəm” deyə sənətçi bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button