“İlhamın adını qoymağa heç kimə icazə verməmişəm, inşallah öz nəvəmə qoyacam…”

“İlhamın altmış illik yubileyi idi. Ona görə də nəvələrimi də götürüb məzarını ziyarət etməyə getdim. İlhamın adını hansısa uşağa qoymağa icazə verməmişəm, inşallah öz oğul nəvəmə  qoymaq arzum var. İnşallah, Allah o arzumu da yerinə yetirər”.

 

Bunu Moderator.az-a açıqlamasında Qanlı 20 Yanvar şəhidi İlham Allahverdiyevin (İlham və Fərizə) qardaşı Elxan Allahverdiyev deyib. Şəhid qardaşı illər ötməsinə baxmayaraq, hələ də qardaş itkisiylə barışa bilmədiyini deyib:

 

“İlham şəhid olanda 28 yaşındaydı. Tədbirə bir deputat qardaşımız, Şəmistan Əlizamanlı, İlqar Rəsul və başqa dostlar gəlmişdi. Mən  bu arada mətbuat nümayəndələrimizə də təşəkkür edirəm ki, onlar bizi həmişə işıqlandırır. 

 

İlhamın şəkiliylə danışdım. Onda da kövrəlirəm. (Ağlayır) Məzarını qucaqladım, ağladım, bağrıma basdım. İyunun 30-da da İlham və Fərizənin toy günüdür. Bu da ki, bir neçə ildir qeyri-rəsmi olsa da Sevgililər günü kimi qeyd olunur. 

 

Torpaqlarımızın işğaldan azad olunmasına görə sevinirəm. Elə bil ki, dünyanı mənə veriblər. Qabaqkı kimi fikir, dərd çəkmirəm. Bilirəm ki, ürəyimiz istəyən vaxt o torpaqlarımızı gəzəcəyik”. 

 

Qeyd edək ki, İlham və Fərizə 1989-cu il martın 19-da nişanlanıblar. 1989-cu il iyunun 30-da isə toyları olub. 1990-cı il 20 yanvar hadisəsi zamanı İlham şəhid olduqdan sonra bu faciəyə dözməyən Fərizə də zəhər içərək özünü öldürüb. Onların qoşa məzarları Şəhidlər Xiyabanındadır. Cütlüyün sevgi dastanı bu gün Azərbaycanda dillər əzbəridir. 30 iyun İlham və Fərizənin toy günü 2004-cü ildən qeyri-formal olaraq Azərbaycanda “Sevgililər Günü” kimi qeyd olunur. Bu gün isə Fərizənin doğum günüdür. O, 1970-ci il avqustun 11-də anadan olub.

 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button