“Deyirdi ki, deyəsən filankəsin adı qulağına dəyib, məşhurluqdan başınız gicəllənməsin”

“Hər zaman çalışmışam ki, özümə, görkəmimə qarşı tələbkar, baxımlı olum. Mən milyonlarla tamaşaçı qarşısına çıxıram, tamaşaçılar məni həmişə baxımlı, gözəl tərzdə görməlidir. Bu baxımdan özümə çox nəzarət edirəm. Səhnənin səhnə geyimi var. Cinsdə çıxıb səhnədə muğam oxuya bilməzsən. Mən öz daxili aləmimi gözəl saxlamışam. Hər zaman istəmişəm ki, sənət yoldaşlarımla doğma olum, gözəl ünsiyyətimiz yaransın. Kimsə mənimlə ünsiyyət qurmaq istəməyibsə çəkilmişəm kənara. O insana heç vaxt pislik etməmişəm. Belə şeylər mənlik deyil. Çox şükür Allaha ki, bütün sənət yoldaşlarımla gözəl münasibətimiz var, hamısı ilə can deyib, can eşidirəm”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Mələkxanım Əyyubova deyib. O daha sonra tələbələrindən danışıb.

“Öncə tələbə istedadlı olmalıdır. Hər zaman tələbələrimə tövsiyyə edirəm ki, əvvəlcə böyük-kiçik yeri bilsinlər. Bu öz yerində. Ağac nə qədər bar versə başını aşağı dikər. Gənc vaxtı görürsünüz ki, bir az məşhurluq olur. Rəhmətlik müəllimim Qulu Əsgərov deyirdi ki, deyəsən filankəsin adı qulağına dəyib. Mən də onlara hər zaman tövsiyyə edirəm ki, məşhurluqdan heç vaxt başınız gicəllənməsin. Hər zaman başınızı aşağı salıb, işinizlə məşğul olun. Səhnədə əsas şərt təkcə istedad deyil. Bir çox nüanslar var. Səhnəyə gəlişin, tamaşaçılarla qarşılaşmağın, sənin əyləşməyin, oturuşun, duruşun hamısı şərtdir, məktəbdir. Mən hər zaman tələbələrə deyirəm ki, bunları mütləq öyrənin. Lap gözəl ifa etsən də, mütləq səhnə mədəniyyətin olmalıdır. Sən ifanla tamaşaçını elə aludə etməlisən ki, o özünü unutmalıdır. Çox nüanslar var. Mən təkcə muğam öyrətmirəm. Öhdəmə düşən, düşməyən şeylər də var ki, həmin şeyləri tələbələrə öyrədirəm. Elə istedad var ki, Allah vergisidir. Doğulanda onda bu formalaşır. Sən səhnədə gözəl görünməlisən, obrazla o ifanı çatdırmalısan” deyə xanəndə bildirib.

 

Xalq artisti gözlərinin rəngindən də danışıb.

 

“Bizdə atamın gözləri yaşıl olub, amma heç bir bacı və qardaşının gözləri bu rəngə olmayıb. Hamı heyfslənirdi ki, sənin niyə gözünün rəngi övladlarına keçmədi? Bu da Allahın bir qismətidir. İstərdim ki, gözlərimin rəngi övladlarımda da olsun. Çox insanlar olub ki, övladları dünyaya gəlməzdən öncə mənə o qədər baxıb, dua edirdilər, deyirdilər ki, istərdik övladımızın gözünün rəngi sizin gözünüzün rəngində olsun. Vallah belə də olurdu. Şükür Allahın məsləhətinə” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button