“Çingiz Mustafayev Rəhim Qazıyevlə mənə eyni sual verdi…”- Bir neçə saniyəlik müsahibəm”

“Vaxtdan səmərəli istifadə edib bu siyasi məsələyə deputatların çox hissəsinin rəyini öyrənmək qabiliyyətinə malik müxbirə ilk dəfə idi ki, rast gəlirdim…”

 

Bu gün – 15 iyun şəhid Milli Qəhrəman jurnalistimiz  Çingiz Mustafayevin anım günüdür. Onun Xocalı rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlər zamanı həlak olmasından 30 il keçir…

 

Şəhid teleoperatorumuz barədə xatirələri araşdırarkən rəhmətlik tanınmış ictimai-siyasi xadim, sabiq parlament üzvü Maksim Musayevin “Mediada düşüncələrim” adlı kitabındakı “Çingiz Mustafayev -50: Bir neçə saniyəlik müsahibəm” adlı xatirə yazısına rast gəldik.

 

Aktuallığını nəzərə alıb sabiq deputatın həmin yazısından maraqlı bir parçanı Moderator.az oxucularının nəzərinə çatdırırıq: 

“Çingiz Mustafayevin 50 illik yubileyi olacağını biləndə yadıma rəhmətliyin məndən götürdüyü bir neçə saniyəlik müsahibə düşdü… Yazdıqlarım bir neçə nəfərə məlum olsa da, digərlərinin bilmədikləridir…

 

Çingizin bir neçə saniyəlik müsahibəsi barədə(Bu da bizim tariximizdəndir. Müdriklər demişkən, “tarix o vaxt tarix olur ki, onu qələmə alırsan…”)

 

Ali Sovetin sədri vəzifəsindən istefa verən Elmira Qafarova  iclasa fasilə elan etdi. Gözlənilməz olan bu hadisəni deputatlar dəhlizdə ikibir-üçbir müzakirə edirdilər. Qəfləti istefanın düşüncələri altında nikotin zəhərindən uzaqda dayanıb  Xəzəri seyr edirdim… Əlində siqaret mənə tərəf gələn deputat Rəhim Qazıyevi görüb uzaqlaşmaq istəyirdim ki, çiynində ağır videokamera tər içərisində bizə doğru yaxınlaşan Çingizin səsini eşitdim: “Xahiş edirəm, dayanın… Bir dəqiqəliyinə gözləyin…” 

 

Rəhim Qazıyev: “… Çingiz, ha indi, sən onunla söhbətini qurtar, ona qədər mən də siqaretimi çəkim…”

 

Çingiz: “Mən hər ikinizə eyni sual verəcəm… Siz müxtəlif siyasi mövqelərdə olan deputatlarsınız. Sizi yanaşı görmək qeyri-mümkündür… Xahiş edirəm, Elmira xanımın istefasına münasibətinizi bildirəsiniz”.

 

Mən “Elmira xanım tələsiklik etdi, o, istefa verməməli idi…” -deyə bildirdim.

 

Rəhim Qazıyev isə “O, çoxdan istefa verməliydi,  onun bu addımını düz hesab edirəm”-söylədi(bəlkə də həmin video-yazı arxivdə saxlanılır-M.M.). Bu bir neçə saniyə çəkən müsahibədən sonra o, əks mövqedə dayanan digər deputatlarımızın üzərinə “şığıdı”. Qısa zamanda o, deputatların çoxundan müsahibə ala bilməmişdi. İclas zalına qayıdanların xeyli hissəsi deyirdi: “… Çingiz istefa haqda mənim  fikrimi soruşdu…” Belə cəldliklə vaxtdan səmərəli istifadə edib bu siyasi məsələyə deputatların çox hissəsinin rəyini öyrənmək qabiliyyətinə malik müxbirə ilk dəfə idi ki, rast gəlirdim. Çingizə müsahibə vermək istəyində olanlar da çoxluq təşkil edirdi.  Çünki sualında dərin məntiq vardı.  Onun müsahibəsi yüksək məsuliyyət tələb edir və bütün ali jurnalist tələblərinə cavab verirdi.  Beynəlxalq tədbirlərdə xarici jurnalistlərə də müsahibə vermiş bir şəxs kimi cəsarətlə deyə bilərəm ki, Çingizdə qeyri-adi istedad var idi. Bu fikir yalnız mənim deyildi…”

 

Təqdim etdi: Sultan Laçın 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button