“Özümə söz vermişdim ki, məndən sonrakı nəsillər qarmonu mənə görə sevməlidir…”

“Məni nəinki böyüklər, uşaqlar da tanıyır, küçədə gedəndə salam verirlər, ləzzət edir”

 

“Bu gün qarmon ifaçıları arasında çox istedadlı sənətkarlar var. Həm mən yaşda, həm də ki, gənclərdən qarmonu xalqa sevdirənlər çoxdur. Gənclərdən Orxan Mirnatiqoğlunun adını çəkə bilərəm. Bu gün də bilmədiyini soruşur, məndən bəhrələnir. Belə gəncləri görəndə necə sevinməyə bilərsən?”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Aftandil İsrafilov deyib. O daha sonra əlavə edib.

“Hamı mənə sual verir ki, “Aftandil müəllim, siz artıq qarmonun simvoluna çevrilmisiniz. Bu nə sirrdir?”. Bunun heç bir sirri yoxdur, mən yalnız yaşıdlarımın məni sevmələri ilə kifayətlənmədim. Özümə söz vermişdim ki, məndən sonrakı nəsillər də qarmonu mənə görə sevməlidirlər. Məni nəinki öz yaşıdlarım, gənclər, hətta küçədə gedəndə uşaqlar da tanıyırlar, yaxınlaşıb salam verirlər. Təbii ki, sənətdə qısqanclıq olmalıdır, qısqanclıq olmasa sənətkar sənətkar olmaz. Bəzən deyirlər ki, qarmonu başdan-ayağa bəzəmisiniz. Bunu mən etməmişəm, mənim üçün ediblər. Qarmonuma vurulan qızıldan bəzəklər mənim sənətimə hörmətin əlamətidir. İndi artıq bu bəzəklərdən hamıda var, çox yayılıb. Mən barmağıma da qızıl üzüklər taxıram. Barmağı hərəkətə gətirən o qızıl üzüklər yox, ürəkdir” deyə sənətkar bildirib.

 

Sənətkar yay istirahətindən də danışıb.

 

“Hazırda Novxanıda bağdayam, istirahət edirəm. Heç bir yerə getməyəcəyəm, bağda qalacam. Bağda həm işləyirəm, həm yaşıllığın içərisindəyəm, adama ləzzət edir. Xarici ölkəyə getməyəcəm, Azərbaycanımıza nə gəlib ki? Maşallah olsun, o qədər bölgələrimiz var ki, hələ gəzib qurtarmamışıq” deyə sənətkar deyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button