“Onların bir çoxu ailə qurub, amma bu günə qədər mənim yanımdadırlar…”

“Sevgi təkcə bir şəxsə deyil, hamıya, hər kəsə aid edilir. İnsan sevir, sevinir, sevilir. Mənim də ürəyimdə sevənlərimə, xalqıma böyük sevgi var. Mənə olan bu sevgi qarşılıqsız deyil. Əgər bu sevgi qarşılıqsız olsaydı mən nankor olardım. Məni görəndə yaxınlaşıb şəkil çəkdirirlər, xoş sözlərini deyirlər, dərdimə şərik olurlar. Mən onları sevməyə bilərəm? Heç vaxt! Məni həm gənclər, həm orta nəsil, həm də yaşlı nəsil sevir. Bu sevgiyə görə Allahıma şükürlər edirəm”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib. O daha sonra əlavə edib.

“Ucuz şeylərlə şou yaratmaq mənlik deyil. Heç vaxt olmayıb, olmayacaq da. Mən sənətimlə gündəmə gəlmişəm. Allaha şükür edirəm ki, o sənətimin qarşılığında bu qədər sevgi qazanmışam. Hətta məni sevməyən olubsa da, o da bir mahnıma görə sevib məni. Fanatlarım çoxdur. Elələri var ki, uşaqlıqdan bu günə qədər fanatlıq edir. Bu da hər müğənniyə nəsib olmur. Onların bir çoxu ailə qurub, amma bu günə qədər mənim yanımdadırlar” deyə sənətkar bildirib.

 

Xalq artisti plastik əməliyyatlardan da danışıb.

 

“Plastik əməliyyatlara münasibətim çox yaxşıdır. Niyə də olmasın? Səhnə gözəlliyi, estetiki sevir. Xüsusilə də səhnəyə çıxan bəylərimiz, xanımlarımız bunu etdirməlidir. Əvvəl bu hadisələri tamaşaçılar birmənalı qarşılamırdı, indi normal qarşılayırlar. İnsanlar qəbul etməyə başlayıblar. Nəinki sənətçilər, adi insanlar da plastik əməliyyat etdirir. Əməliyyat o zaman olar ki, insanın qüsuru olar və bu ona kompleks yaşadar. Amma bəzən gənclər də plastik əməliyyat etdirir. Buna heyfim gəlir, deyirəm ki, niyə gəncliyinizi korlayırsınız? Sizin gəncliyiniz elə sizin gözəlliyinizdir. Məni yaxından tanıyanlar bilir ki, imicimdə də, görkəmimdə də heç vaxt dəyişiklik etmirəm. Bu yalnız hansısa layihə, yaxud fotossesiya üçün ola bilər. Məni hamı belə görüb, dəyişən saçlarımın rəngidir. O vaxt saçlarım daha qara idi, indi isə bir az rəngini açmışam. Təbii ki, tam sarı saçlar mənə yaraşmaz. İnsan ona yaraşanı etməlidir” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button