“Türkiyənin Cənubi Qafqazda, ilk növbədə Azərbaycanda siyasəti ilə bağlı İranın narahatlığı artıb”

“ABŞ indiyədək kürdləri özünün müttəfiqləri hesab edərək onlara hərbi və iqtisadi yardım göstərir”

 

“Türkiyə və İsrailin xüsusi xidmət orqanları iki ölkə arasında münasibətlərin  sadə olmayan dönəmində də əməkdaşlıq edib”

 

Türkiyə İran terroru ilə mübarizədə İsrailin mühüm tərəfdaşına çevrilir

 

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Qüdsə tarixi səfərindən sonra İsrail öz vətəndaşlarına Türkiyəyə səfərlərlə bağlı sərt xəbərdarıqla müraciət edib. Ankarada bu, təəccüb və narahatlıq doğurub.

 

Nədən belə xəbərdarlıqla açıq şəkildə çıxış etmək lazım olub?

 

Moderator.az xəbər verib ki, bu məsələ ilə bağlı Türkiyənin yüksək vəzifəli nümayəndəsi “HaArets” saytına müsahibəsində fikirlərini bölüşüb.

 

“Müxtəlif təhlükələr hər zaman olub. Ölkələrimizin xüsusi xidmət orqanları birlikdə bunun qarşısını alıb və bu sahədə əməkdaşlıq indi də davam edir”.

 

Ankarada bəziləri hesab edir ki, İsrail qəsdən Türkiyənin turist biznesinə zərbə vurmağa cəhd edir ki, iqtisadi böhran bir qədər də dərinləşsin. Türkiyə və İsrail XİN rəhbərləri, habelə “Mossad” və Türkiyə kəşfiyyatı da xeyli söhbət apararaq bu məsələyə aydınlıq gətirib. 

 

Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidan öz israilli həmkarı ilə hətta iki ölkə arasında münasibətlərin sadə olmayan dönəmində də əlaqədə olub. Bu həftə İsrail Türkiyədə olan öz vətəndaşlarına təcili olaraq evlərinə dönməyə çağırış edib, Ankara buna hazır olub. 

 

Mətbuatın məlumatına görə, “Mossad” tərəfindən Türkiyə xüsusi xidmət orqanlarına ötürülən informasiya İsrail turistlərinə qarşı terror aktları hazırlayan diversantlar qrupunun saxlanılmasına imkan verib. Bu terror aktları İslam İnqilabı Keşikçiləri Korpusunun alim və zabitlərinin həyatlarına edilən sui-qəsdlərə görə İsraili ittiham edən Tehranın qisası olmalı idi.

 

Türkiyə və İsrail xüsusi xidmət orqanlarının əməkdaşlığı İranın Türkiyədə İsrailə qarşı əməliyyatlarının ilk dəfə deyil ki, qarşısını alıb. Fevral ayında israilli-türkiyəli biznesmen Yair Gellerin qətlinin qarşısı alınıb. Tezliklə Türkiyənin xüsusi xidmət orqanları daha bir terror yuvasını ifşa edərək, digər sui-qəsdlər hazırlamaqla məşğul olan bir neçə İran agenti və Türkiyə vətəndaşını saxlayıb.

 

İranın Türkiyədə pozuculuq fəaliyyəti təkcə İsrailə qarşı yönəlməyib. Ötən il Türkiyə polisi İranın narkotik alverçiləri qrupunu saxlayıb. Onlarla birlikdə bir hissəsi İranın xüsusi xidmət orqanları ilə əlaqədə olan daha 11 adam həbs edilib. Onlar kəşfiyyat məlumatlarının toplanması və Türkiyədə sığınacaq tapan İran müxalifətçilərinin qətlinə hazırlıqla məşğul olub.

 

Türkiyənin xüsusi xidmət orqanlarına məlum olub ki, İran-Türkiyə kriminal qruplaşmaları Tehran tərəfindən əməliyyat məlumatlarının toplanması məqsədilə istifadə edilir.

 

İran yalnız Türkiyədə gizlənən müxalifətçilərə qarşı hərəkət edəndə Ankara vəziyyəti diplomatik kanallarla yoluna qoyurdu. Lakin Türkiyə ərazisi İsrailə qarşı zərbələr endirmək məkanına çevriləndən sonra Ankara açıq şəkildə öz sərt mövqeyini ortaya qoyub. İranın hərəkətləri təkcə Türkiyənin suverenliyini sarsıtmır, həm də Türkiyənin İsraillə münasibətləri normallaşdırmaq niyyətini təhlükə altına salır və onsuz da gərgin olan Türkiyə-İran münasibətlərini daha da mürəkkəbləşdirir.

 

Bu gərginlik Ərdoğanın Suriyada sayca 4-cü olan hərbi əməliyyat keçirərək iki ölkə arasında “təhlükəsizlik zonası” yaratmaq niyyətindən sonra pik həddə çatıb.

Türkiyə Suriya ərazisinin 30 km dərinliyinə irəliləyərək oradakı kürd terrorçularını sıxışdırıb çıxarmağa hazırlaşır.

 

Bu plan ABŞ və İranla Türkiyənin Suriya əməliyyatına qarşı çıxan bir növ “alyans”ın yaranmasına gətirib çıxarıb. Vaşinqton indiyədək kürdləri özünün müttəfiqləri hesab edir, onlara hərbi və iqtisadi yardım göstərir. ABŞ Türkiyəyə açıq şəkildə anladıb ki, kürdlərə qarşı istənilən hərəkətlərə etiraz edəcək. Öz tərəfindən İran da ehtiyat edir ki, Türkiyə Hələb rayonuna müdaxilə edəcək və oradan ona dost olan şiə milisini sıxışdırıb çıxaracaq.

 

Türkiyə mətbuatı Suriyada İranla toqquşmanın tamamilə gerçək ola biləcəyindən yazıb. Ola bilər ki, Ankara bununla İrana xəbərdaredici siqnal göndərir.

 

Suruyadakı gərginlik Türkiyənin Cənubi Qafqazda, ilk növbədə Azərbaycanda siyasəti ilə bağlı İranın narahatlığı ilə daha da artır. İran Dağlıq Qarabağda müharibə zamanı Türkiyə ilə İsrailin birgə alyans yaratmasından hiddətə gəlib. Tehran hesab edir ki, məhz belə alyans Azərbaycana Ermənistan üzərində qalib gəlməyə imkan verib.

 

Mədəni və tarixi əlaqələrlə bağlı Türkiyə Qafqaz ölkələrinə özünün təbii təsir sferası kimi baxır. İran ehtiyat edir ki, bu ökələr ona hücum etmək üçün platsdarm kimi istifadə edilə bilər. Bu narahatlıq Türkiyə ilə İsrailin yaxınlaşması və Türkiyənin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin möhkəmlənməsi yolu ilə Yaxın Şərqə dönüşü fonunda daha da artmaqdadır.

 

Regionda Türkiyənin əlaqələrinin yeni konturları və Ankara ilə Tehranın münasibətlərinin pisləşməkdə davam etməsi Türkiyəni İran təhlükəsi ilə mübarizədə İsrailin ən mühün tərəfdaşına çevirir.

 

Bu zaman İsraillə alyans heç də Türkiyə-İran əlaqələrinin kəsilməsi demək deyil. İran əvvəlkitək Türkiyənin vacib ticarət tərəfdaşıdır və onun üçün xarici siyasət nöqteyi-nəzərindən maraq kəsb edir.

 

Lakin hazırda ABŞ İrana qarşı regional müdafiə ittifaqı yaratmağa cəhd edir, prezident Co Bayden isə bəyan edib ki, onun Yaxın Şərqə gələcək səfərinin başlıca səbəblərindən biri də İsrailin təhlükəsizliyinə qayğı göstərilməsidir.

 

Ankara bu alyansdan kənarda qalmaq istəmir və onun bir hissəsi olmaq üçün İsrailin dəstəyinə bel bağlayır. Bu isə öz növbəsində Türkiyəyə Vaşinqtonla son illər mürəkkəbləşən münasibətləri bərpa etməyə imkan verəcək.

 

“HaArets”, İsrail

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button