“Qarabağı minalardan daha tez təmizləməyin də əlacı var…”-Uçan “istehkamçılar”…-VİDEO

“Bu qurğular minatəmizləmə prosesini on dəfələrlə sürətləndirməyə qadirdir…”

 

“Bunu edərək 30 il doğma yurdunun, evinin uçuq divarlarının həsrəti ilə qovrulan didərgin soydaşlarımızın torpaqlarına qovuşmalarını tezləşdirə bilmərikmi?..”

 

“Ukrayna kimi nefti-qazı olmayan, üstəlik, Rusiyanın son 4 aylıq təcavüzündən sonra iqtisadiyyatı çox acınacaqlı duruma düşmüş yoxsul bir dövlət buna cəsarət edirsə, Azərbaycan dövləti üçün Bakıda bir otaqlı evin qiyməti qədər olan belə uçan “istehkamçılar”ı əldə  etmək problem deyil…”

 

Rusiya-Ermənistan işğalı altındakı torpaqlarımızın əksər hissəsinin şəhid və qazilərimizin canı-qanı hesabına azad olunmasından sonra dövlətimizin qarşısında duran əsas problemlərdən biri həmin ərazilərin əzəli sakinlərinin yurdlarına qaytarılmasıyla mümkün qədər tez məskunlaşdırılmasıdır. Məskunlaşdırmanı, Böyük Qayıdışı ləngidən əsas səbəblərdən(bəziləri üçün isə bəhanə) biri isə bəhs edilən torpaqların xeyli hissəsinin minalı olmasıdır…

 

Son rəsmi məlumatlara görə, 2020-ci ilin noyabrından bu günədək ümumilikdə Müdafiə Nazirliyi, ANAMA, FHN və DSX tərəfindən təmizlənən ərazi azad edilən torpaqlarımızın təxminən 2.62 %-ni təşkil edir. Hazırda ərazilərin təmizləməsində müasir avadanlıqlardan, o cümlədən yeni alınan MEMATT mexaniki minatəmizləmə texnikası ilə bərabər süni intelektə malik PUA-lardan da istifadə edilir…

 

Məlum olduğu kimi, Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkənin xeyli ərazisi işğalçılar tərəfindən minalanıb. Lakin Rusiya ordusunun Kiyev vilayətindən geri çəkilməsindən sonra Buça, İrpen kimi  işğaldan azad edilmiş bəzi məntəqələr Ukrayna  ordusu və digər qurumları   tərəfindən tezliklə təmizlənərək əhalinin öz yerlərinə qayıtması təmin edilib.  Bununla belə, mina təhlükəsi Ukraynanın da bu günü və gələcəyi üçün ciddi bir problem olaraq qalır. 

Moderator.az-ın Ukrayna mediasına istinadla apardığı növbəti araşdırmada məhz bu mövzudan bəhs edilir.

 

Amerika pilotsuz uçaqları ukraynalı istehkamçılara əraziləri adi haldan daha tez təmizləməyə kömək edəcək. Bildiyiniz kimi, hazırda Ukraynada təxminən 300 min kvadratmetr minalanıb, bu da ölkənin demək olar ki, yarısıdır. Ən optimist proqnozlara görə, belə ərazini mövcud üsullardan istifadə etməklə, başqa sözlə, adi mina detektorlarının köməyi ilə təmizləmək 10 ilə qədər vaxt aparacaq.  Bu barədə Ukrayna Daxili İşlər Nazirliyində və Fövqəladə Hallar Dövlət Xidmətində dəfələrlə bəhs edilib.

 

 Qeyd edilir ki, ərazilərin düşmən tərəfindən minalanmasının bir günü mütəxəssislər tərəfindən həmin ərazilərin 30 gün minalardan təmizlənməsi deməkdir…

 

Bu günlərdə Kiyev yaxınlığında texniki mütəxəssislər “uçan istehkamçıların” nəyə qadir olduğunu göstəriblər ki, bu da ölkə ərazisinin minalardan təmizlənməsi prosesini bir neçə dəfə sürətləndirə bilər. Jurnalistlər ən son Qərb texnologiyaları əsasında yaradılmış bu cihazların necə işlədiyini görüb.

 

İstehkamçı dronların iş prinsipi belədir: altında maqnitometri olan dron havaya qalxır.   Həmin maqnitometr drona kabellə bərkidilmiş çəki daşına bənzəyir.  Məhz bu “çəki daşı” müəyyən ərazi üzərində uçaraq yerin üzərində və daxilində mina, mərmi və digər döyüş sursatlarını aşkar edir…

“Onların çoxlu perspektivləri mövcuddur. Konkret olaraq bu dronların minaları aşkar edə bilən sensorları var. Qruntda metalı aşkar edən maqnitometr və xəritədə yerdə tapılmış digər materialları göstərən hiperspektral kameraları mövcuddur. Oxşar dronlardan digər ölkələrdə faydalı qazıntıların axtarışı, boru xətlərinin xəritəsini çıxarmaq üçün istifadə olunur”- deyə  istehsal şirkətinin rəhbəri Kemeron Çell  bildirib.

 

1 hektar ərazini araşdırmaq üçün pilotsuz uçağa təxminən 20 dəqiqə vaxt lazımdır. Bundan sonra süni intellekt xəritə tərtib edir ki, onun sayəsində istehkamçılar ölümcül obyektləri zərərsizləşdirə biləcəklər. Başqa bir daha kiçik dron isə sursatların yerini kameraya çəkə bilir. Hər iki qurğu iri uçan robotlara bənzəyir və minatəmizləmə prosesini on dəfələrlə sürətləndirməyə qadirdir. Onlar ərazini skan etdikdən sonra mina xəritəsini tərtib etmək daha bir sutka lazım gələcək.  Bundan sonra isə  istehkamçılar minaları nisbətən təhlükəsiz şəkildə təmizləməyə başlaya biləcəklər.

 

Bildiyimiz kimi, avadanlıqların qiyməti kifayət qədər yüksəkdir: 70 min dollardan 100 min dollara qədər. Ona görə də Ukrayna hələ belə dronları almayıb. Amma Radanın artıq bəyan etdiyi kimi, onları “humanitar yardım” kimi almaq şansı var…

 

Radanın ekoloji siyasət komitəsinin rəhbəri Oleq Bondarenko izah edib ki, belə dronlardan hələ Ukraynada istifadə olunmayıb.

 

“Ümid edirəm ki, Qərb tərəfdaşlarımızla  əməkdaşlığımız sayəsində biz dronlardan istifadə edə biləcəyik. Düşünürəm ki, Ukrayna onları həm pulla,  həm də humanitar yardım kimi alacaq. Biz xahiş edəcəyik ki, bir hissəsi bizə humanitar yardım şəklində verilsin. Əlbəttə ki, həm də pulla alacağıq. Bu avadanlıq özünü necə göstərir? Biz hələ son nəticəni görməmişik. Nəticəni görəndə onu qiymətləndirəcəyik. Amma gördüklərimiz kifayət qədər yaxşı görünür”, – deyə  Bondarenko  bildirib.

Qeyd etdiyimiz kimi, Azərbaycanda da mina təmizlənməsində artıq süni intelektə malik PUA-lardan istifadə edilir. Lakin bildiyimizə görə, onların sayı kifayət qədər deyil.

Amma əgər Ukrayna kimi nefti-qazı olmayan, üstəlik, Rusiyanın son 4 aylıq təcavüzündən sonra iqtisadiyyatı çox acınacaqlı duruma düşmüş yoxsul bir dövlət minaları müəyyən edən  70-100 min dollarlıq Amerika dronlarını almaqdan danışmağa cəsarət edirsə, deməli, neftli-qazlı, qızıllı-gümüşlü güclü iqtisadiyyata malik, hər biri ölkəmizdə və xaricdə azı 100-200 milyon dollarlıq villa və obyektlərə sahib oliqarxları olan Azərbaycan dövləti üçün Bakıda bir otaqlı evin qiyməti qədər olan belə uçan “istehkamçılar”ı əldə  etmək problem deyil. Bunu edərək 30 il doğma yurdunun, evinin uçuq divarlarının həsrəti ilə qovrulan didərgin soydaşlarımızın torpaqlarına qovuşmalarını tezləşdirə bilmərikmi?..

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button