“Rusiyanın üzdəniraq müttəfiqləri inteqrasiya birliklərinə İsveç masası kimi baxır…”

“Millətlərin öz müqəddəratının həlli prinsipinin geniş tətbiqi dünyada xaosa gətirib çıxara bilər”

 

Tokayevdən Putinə qarşı “nəzakətsizlik”? Qazaxıstan “DXR” və “LXR”-i tanımayacaq…

 

Rusiya Dövlət Dumasında Qazaxıstana Ukrayna variantı ilə hədə-qorxu gəldilər…

 

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev “DXR” və “LXR”- i “kvazidövlət” adlandırıb və bəyan edib ki, onun ölkəsi onların müstəqilliyini tanımayacaq.

 

Moderator.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

 

Qazaxıstan liderinin fikrinə görə, millətlərin öz müqəddəratının həlli prinsipinin geniş tətbiqi dünyada xaosa gətirib çıxara bilər.

 

“Hesablanıb ki, əgər millətlərin öz müqəddəratının həlli hüququ Yer kürəsində gerçəkdən icra edilərsə, BMT-nin hazırda tərkibində olan 193 dövlət əvəzinə 500 və ya 600-dən artıq dövlət yarana bilər, – Tokayev deyib. –  Əlbəttə, bu, xaos olacaq. Bu səbəbdən də biz nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanımırıq. Çox güman ki, bu prinsipi kvazidövlət olan Donetsk və Luqanska da şamil edəcəyik”.

 

“Danışır Moskva” radiosunun efirində Tokayevin belə “qeyri-korrekt” ifadəsi Dövlət Dumasının deputatı, MDB üzrə Komitə sədrinin müavini Konstantin Zatulinin qəzəbinə səbəb olub.

 

Onun fikrinə görə, “Rusiya Federasiyasının müttəfiqləri onlara sərfəli olanda əməkdaşlıqda maraqlıdır, yerdə qalan hallarda onlar Rusiyanı dəstəkləmir”.

 

“Qazaxıstanın onların müstəqilliyini tanımayacağı Tokayevin bəyanatı olmadan da bəlli olub. Bunu Putinin iştirak etdiyi tədbirdə bəyan etməsi sanki səmimi etirafdır, amma, zənnimcə, nəzakətsizlikdir. Bu, öz yanında olan prezidentə meydan oxumaq təsiri bağışlayıb”, – Zatulin deyib.

 

“Mən şübhə etmirdim ki, bizim MDB, Avrasiya İttifaqı və KTMT üzrə üzdəniraq müttəfiqlərimiz öz vəzifələrini və öz müttəfiqliklərini özünəməxsus anlayırlar. Onlar bütün inteqrasiya birliklərinə İsveç masası kimi baxır – istədiklərini götürür, istəmədiklərindən imtina edirlər. Onlardan heç nə gözləməyəndə, heç olmasa susa bilərdilər, – Zatulin bəyan edib.

 

“Onlar çox yaxşı bilir ki, əksəriyyəti rus əhalisi olan bir çox vilayətlər və yaşayış məntəqələrinin Qazaxıstan adlanan məkana aidiyyəti yoxdur” – o, sözünə davam edib.

 

“Biz hər yerdə, o cümlədən Ukrayna ilə bağlı da deyirik ki, əgər biz dostluq, əməkdaşlıq və tərəfdaşlıq münasibətlərində olacağıqsa, ərazi məsələləri qaldırılmır. Ona görə də mənə elə gəlir ki, Qazaxıstanda da məsələnin bu tərəfinə diqqət yetirməyə dəyər”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button