“Quldurların arxasında oliqarxlar, nazirlər, ‘”adlı-sanlı” işbazlar dayanır”

Moderator.az“-ın 17 iyul 2022-ci il tarixli sayında “Ticarət quldurları”  haqqında yazmışdım. İndi “Rrestoran quldurları”ndan yazıram. Onlar quldurluq edib müştəriləri soyurlar, bizim də peşəmiz yazmaq olduğu üçün yazırıq! Nə edək, bekarçılıqdansa, bir işlə məşğul olmaq yaxşıdır… Bilirəm, belə yazıların heç kimə, o cümlədən hüquq-mühafizə orqanlarına da heç bir ‘istisi-soyuğu” yoxdur. Axı, onlar, restoranlarda, kafelərdə, yeməkxanalarda çalışan “quldurlara” bir söz deyə bilməzlər! Çünki “dəvədən böyük fil var!” Quldurların arxasında oliqarxlar, nazirlər, ‘”adlı-sanlı” işbazlar dayanır…

 

Məxləs, iyulun 19-da az getdik, çox getdik, Buzovnanı küçə-küçə gəzdik, axırı Xəzərin sahilində “şerloks” restoranını tapdıq. Həm də üç ailə üzvü ilə reklamdakı təmtəraqdan çox uzaq, köhnə tikililərdən (televiziyalarda deyildiyi kimi “müasir”i də vardı.. ) ibarət bir əraziyə daxil olduq. Soruşduq “harada oturaq?” Biz 4 nəfər olduğumuzdan arada-ortada gəzən biri 4 nəfərlik bir masa göstərib dedi ki, “Bu masada otursanız, gərək 50 manat oturmaq haqqı ödəyəsiniz!” Keçib başqa masanın arxasında oturduq. Oturan kimi xidmətçi xəbərdarlıq etdi ki, “əgər çay istəsəniz, gərək hamınız şirniyyat da yeyəsiniz!” Dedik “a gədə, ikimiz şirniyyat yeyə bilməyəcəyik, çünki şəkər xəstəliyimiz var.”  Nə desə yaxşıdır: “Yox, olmaz, biz hər adama şirniyyat verməliyik, çay dəzgahı olmalıdır!” Səhv etmirəmsə, orada “çay dəzgahı da 50 manata “sırınır” müştərilərə!

 

Masadan qalxıb səliqəli bir restoran axtarmağa başladıq. Axtara-axtara gəlib çıxdıq Şıxovdakı “Narşərab” restoranına. Əlqərəz, 2 pay,  hərəsi 4 balaca tikədən ibarət az qızardılmış ət, 1 pay toyuq kababı, 2 qrafin rəngli su, bir şüşə “Sirab”, 5 ədəd barmaq boyda qutab, 5 ədəd barmaq uzunluğunda “blinçik”, bir “Sezar” salatı üçün bizdən  125 manat aldılar. 5 manat da mən “çayvoy” verdim ki, deməsinlər “simicdir”. Ət son dərəcə dadsız-tamsız idi, ürəyimiz bulandı, bir az yediyimizə də peşiman olduq… Xidmətçidən soruşduq ki, “niyə belədir?” Cavab verdi ki, “aşpazımız yaxşı bişirə bilmir”. Ağ süfrə deşik idi. Deyəsən, güvə yemişdi… Qrafinin birinin başı sınmışdı. Axırda hesabı ödəmək üçün 40 dəqiqə də gözləməli olduq…

İndi mən “Narşərab restoranının böyüyünə-kiçiyinə sual vermək istəyirəm: Bizə verdiyiniz yeməyin, suyun qiyməti heç 50 manat da etməz, 130 manatı (“çayvoy”u çıxın), yaxşı 125 manatı nə üçün almısınız? Heç bizə  qəbz də təqdim etmədiniz!..

Ümumiyyətlə Bakıdakı bütün restoran, kafe və yeməkxanalarda vəziyyət eynidir! Bəzi yeməkxanalarda saqqalı gədələr xalatsız-filansız xidmət göstərirlər,  onların  sifətinə baxanda adam iyrənir! Bəzi yerlərdə müştərilərə guya hesab qəbzi yazırlar, başdan-ayağa uydurma qiymətlərdir  və istədikləri pulu quldurcasına alırlar! Müştərilər isə abırlarına qısılıb, onların istədiklərini verməyə məcbur olurlar. Sonra da deyirlər ki, “haram xoşunuz olsun!” 

 

Bir dəfə şəhərin mərkəzində, Nizami küçəsində yerləşən “Kolorit” yeməkxanasına getmişəm, langet sifariş vermişəm. Köhnədən qalma, qapqara qaralmış ətdən yekə boşqabın ortasında nəyə isə oxşayan yeməyi gətirib qoydu masanın üstünə. Ətin köhnəliyi, qaralmışlığı qalsın bir kənara, ətrafında boşqabda başqa heç nə yox idi.   Heç olmasa, bir tel göyərti də qoyulmamışdı. Xidmətçidən soruşdum, “a bala, bazarda pomidorun kiloqramı neçəyədir?” Cavab verdi ki, 1 manatadır”. Dedim “olmaz ki, bu murdar ətin yan-yörəsini doğranmış pamidorla, 50 qəpiklik xiyarla bəzəyib, sonra müştərilərə təqdim edəsiniz?” Gözlərini döyə-döyə qaldı, “müdirimiz qoymur” dedi. Sıxma apelsin şirəsi sifariş verdim, getdi qaralmış, bulanıq su gətirdi. Məəttəl qaldım, soruşdum “a bala, bu nədir?” Cavab verdi ki,  “sokun suyu!” Dedim a gədə, “sokun suyu”nə deməkdir? Mən bu yaşa çatmışam, birinci dəfədir ki, “sokun suyu” sözünü eşidirəm! Get, apelsini sıxsınlar, apelsindən çıxan şirəni mənə gətir!” Nə isə getdi, bir bardaq apelsin şirəsi gətirdi. Allahıma “şükür!” edib, şirəsni içdim, qaralmış ətdən bişirilmiş langeti isə yeyə bilmədim! Hesab vaxtı gələndə xidmətçi gədə avazla dilləndı: “Langet 6 manat 50 qəpik, aprelsin soku 8 manat!” Belə çıxdı ki, mən 4 kiloqram apelsinin şirəsini içmişəm! Görəsən, bunlar utanıb, xəcalət çəkmirlər? Ümumiyyətlə bu restoran, kafe və yeməkxana işçilərinin bir heysiyyatı var? Bu quldurlar dörd müştəriyə 1 pomidoru 4 yerə,  bir xiyarı 4 yerə bölüb salat kimi verəndə xəcalət çəkmirlər? Dünyanın heç yerində belə “kraxaborluq”, belə ləyaqətsiz xidmət yoxdur! Yenə məqsəd birdir: Tezliklə bahalı maşınlar almaq, villa sahibi olmaq!

 

“Qulyaş”adı ilə bir boşqab “qreçka” verirlər, üstündə 4-5 ədəd dırnaq boyda ət qoyurlar! Nə olub, ölkədə ət tapılmır? Hesabı isə beş qat alırlar!

 

Restoranlarda, yeməkxanalarda insanları qapıda qarşılayıb, oturmaq üçün yer göstərmək mədəniyyəti yoxdur. Masanın üstünə yemək düzürlər, çörək yaddan çıxır. İstiot qoyurlar, duz yaddan çıxır! Müştəriyə 4-5 gündən qalmış çörək verirlər! Çörəyi heç isitmirlər də! Bəzən də dünəndən qamış yemək gətirirlər!

 

Bilirsiniz niyə belə olur? Yeməkxanaların işçiləri heç kimdən, heç nədən qorxmurlar! Gündə 10-15 manat verib onları işlədirlər, başqası gəlir ki, “gəl, bizdə işlə, mən sənə hər günə 20-25 manat verərəm”. Türkiyə isə iaşə obyektində işdən çıxarılan adama ömründə o sahədə iş vermirlər! Düşünürlər ki, yaxşı işləsəydi, işdən çıxarmazdılar!

 

Yazılası, danışılası çox biabırçılıqlar var! Görəsən, ictimai-iaşə sahəsinə nəzarət edən bir idarə, təşkilat, müəssisə var? Yoxsa, yoxlama adı ilə gələnlər öz “haqqlarını” alıb gedirlər?

 

Sözün qısası, restoran, kafe və yeməkxanalarda təcili qayda-qanun yaratmaq, bu quldurluğa, fırıldaqçılığa son qoymaq lazımdır!

 

Yeri gəlmişkən, Bakıda bütün çay verilən yerlərdə əsil “dəzgah” çıxarırlar, çamaatdan zorla pul qoparmaq istəyirlər! Əvvəllər bir kiçik çaynik çay 2 manata verilirdisə, indi yanına məcburuq mürəbbə, balaca şirniyyat qoyub 10-29 manata verirlər! Bu ki, əsil quldurluqdur!

 

Xeyrəddin QOCA, yazıçı.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button