“Bu gün fəxrlə deyə bilərəm ki, Azər Axşam, Kamilə Babayeva onun məktəbinin yetirməsidir”

Bu gün yazıçı-dramaturq Qasım Səfəroğlunun doğum günüdür. Yaşasaydı 78 yaşı tamam olacaqdı.

 

Moderator.az yazıçının qızı, jurnalist Nərmin Səfərli ilə müsahibə edib. 

– Nərmin xanım, bu gün yazıçı-dramaturq Qasım Səfəroğlunun doğum günüdür. Qasım Səfəroğlunu hamı “Yuxu” filminin ssenaristi və həmin filmdə ifa olunan “Gilavar” mahnısının söz yazarı kimi tanıyır. O sizin üçün atadan savayı kim idi?

 

– Qasım Səfəroğlu mənim üçün ilk növbədə uzun illər mədəniyyətimizə, incəsənətimizə  tövhələrini vermiş bir şəxsiyyət idi. Bəli, ən çox sadaladığınız işləri ilə tanınsa da, o “Azərbaycanfilm” Kinostudiyasında 20-dən çox ekran işinin direktoru, rejissoru, ssenari müəllifi, redaktoru olaraq çalışıb. “Anlamaq istəyirəm”, “Arvadım mənim, uşaqlarım mənim”, “Qara gölün cəngavərləri”, “Fəryad” və s. Mən həmişə onunla fəxr etmişəm, amma indi sanki daha çox qürurlanıram. Ölümündən sonra gördüm ki, onu və işlərini sevən, dəyər verən nə qədər insan var imiş. Getdiyim hər yerdə bircə kəlmə kimin qızı olduğumu deməyim kifayət edirmiş bunu bilməyim üçün. Əsl incəsənət adamı idi. O incə ruh, yaradıcı düşüncə sahibi idi, dünyanın “pəmbə” tərəfini görürdü. Əgər o mənim atam olmasaydı, onun kimi şəxsiyyətin qızı olmağı sadəcə arzulayardım.

 

– İstərdim “Yuxu” filminin ərsəyə gəlməsindən danışaq. Bu ssenari haqda bir çox şayələr dolaşır. Ssenari həqiqətənmi yuxudan yozulub?

– “Yuxu” elə aktyor, xalq artisti Şamil Süleymanovun yuxusudur. Günlərin bir günü filmin rejissoru, mərhum Fikrət Əliyev və atam Şamil Süleymanovun nənəsigilə qonaq gedirlər. Elə hər şey də buradan başlayır. Nənəsinin gileylənməsindən bezən Şamil müəllim nəhayət yuxusunu dostlarına da danışır. Onu filmə çevirmək isə Fikrət Əliyevin ideyası olur. Çox adam bu mövzuya ssenari yazmağa cəhd etsə də, sonda Fikrət müəllim yenə də dost qələminə güvənir. Atam hamıdan uzaqlaşıb, Əmircandakı bağa çəkilir və  28 günə “Yuxu”-nun ssenarisini tamamlayır.

 

– Atanız çox məşhur kursda oxuyub. Səhv etmirəmsə  Amaliya Pənahova, Elxan Qasımov və s.məşhur şəxslər o kursdan çıxıb. Atanız sizə tələbəlik illərindən nələr danışırdı?

 

– Bəli, Ədil İsgəndərovun tələbəsi olub. Onun kimi ustadın yetirməsi olması ilə fəxr edirdi. Dediyinə görə sərt, kobud adam olsa da, əslində çox zarafatcıl insan idi və sizə deyim ki, atam Ədil müəllimin sevimlisi idi. Tələbə yoldaşlarına gəldikdə Elxan Qasımovla, Əbdül Mahmudovla ( Şeyx Əbdül) yaxın dost olublar. Yedikləri, içdikləri, paltarları, demək olar ki, hər şeyləri ortaq olub.

– Bilirik ki, atanızın televiziya sahəsində də uğurlu işləri çox olub. İstərdim bundan danışaq.

 

– Əsasən kino adamı kimi tanınsa da, o həm də televiziya sahəsində uzun müddət işləyib. O dövr fəaliyyət göstərən “ABA”, “Lider” telekanallarının baş redaktoru, layihə müəllifi olub. “Milyonçu”, “Zəif Bənd” verlişləri onun yazdığı suallar əsasında çəkilirdi. Bu gün fəxrlə deyə bilərəm ki, bir çox tanınmış sima, həmçinin Azər Axşam, Kamilə Babayeva kimi aparıcılar atamın məktəbinin yetirməsidir.

 

– Aranızda böyük yaş fərqi olub. Deyərdim ki, qızı yox, nəvəsi yaşında olmusunuz. Atanızla münasibətləri qurmaq çətin deyildi?

– Hətta nəvəsindən də balacayam (gülür). Yox, əksinə, uşaqlığımdan bəri məni tək anlayan, rahatlıqla çətinliklərimi bölüşə bildiyim, istənilən mövzuda müzakirə apara, söz soruşa biləcəyim yeganə adam olub. Mən indi təkcə atamı yox, hər şeyimi itirmişəm.

 

– Bilirəm ki, siz itkiləri ard-arda yaşadınız. Daha öncə ananızı, sonra isə atanızı itirdiniz. Olmaya ananızın yoxluğu atanızın ölümünü tezləşdirdi?

 

– Hərdən mən də elə düşünürəm.. Nə qədər çalışsam da, qulluğu, diqqəti əksik etməsəm də ona anamı əvəz edə bilmədim. Tam da ehtiyacı olan yaşında ömür-gün yoldaşını itirmişdi. Mənim üçün güclü görünməyə çalışsa da, hiss edirdim.. Çox sarsılmışdı. Hər gün şəkili ilə danışırdı, səs yazılarına qulaq asırdı.

 

– Atanızın dostları, Şamil Süleymanov, Elxan Qasımov saytımıza açıqlamalarında sizə müraciət edib demişdilər ki, “çox istərdik ondan geriyə yarım qalan hər bir şeyi qızı tamamlasın”. Nələr tamamlanacaq, bəs nələr tamamlanmayacaq?

– Əlyazmaları var, ekranlaşdırılmamış əsərləri, səsləndirilməmiş şeirləri, oynanılmamış pyesləri, təbi gəlib qələmə aldığı hər şeyi üzə çıxaracam, onları tanıdacam, qoymayacam toz bassın, bunu özümə söz vermişəm. Amma çox heyf, hələ içində çox yazıb-yaratmaq arzusu var idi. Onları burada tamamlamadan götürüb apardı özü ilə.

 

– Yanınızda olsaydı nələri bölüşərdiniz? Hansı ki, onları hansısa səbəblərdən heç vaxt bölüşməmisiniz…

 

– Mənim ondan gizli heç nəyim olmayıb. Hətta bir çox ailələrdə qız övladı atadan çəkinir, münasibətlər soyuq olur. Bizdə isə tərsinə, bəzən anama belə demədiyim şeyləri, atama demişəm. İndi yanımda olsaydı, heç kəslə paylaşa bilmədiklərimi yenə onla bölüşərdim.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button