Dmitri Medvedev “Putinin varisləri” siyahısında yer almaq arzusundadır…

“Bu, artıq isterika deyil, Putinin mirası uğrunda mübarizənin başlanmasıdır”

 

“Rusiya rəhbərliyinin doğmaları və yaxınlarının ölkəmizin mənafelərinə birbaşa zidd olan mövqelərini normal saymaq olmaz”

 

“Bu nümunə gəncləri partiya sıralarını genişləndirməyə sövq edəcək”

 

Medvedev Rusiya liderlərinin doğmaları və yaxınlarını faktiki olaraq düşmən adlandırıb və oğlunu “Vahid Rusiya”ya daxil olmağa çağırış edib

 

Rusiyanın sabiq prezidenti və baş naziri Dmitri Medvedev ölkə rəhbərliyinin doğmaları və yaxınlarını tənqidə məruz qoyub.

 

Moderator.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

 

“Dmitri Anatolyeviç Rusiya Federasiyası rəhbərliyinin doğmaları və yaxınlarının hazırda aydın olmayan və ya üstəlik də ölkəmizin mənafelərinə birbaşa zidd olan mövqelərini qeyri-normal hesab edir”, –  “RİA Novosti” agentliyi Medvedevin köməkçisinin sözlərindən iqtibas gətirib.

 

Bununla Medvedev oğlu İlya Medvedevin “Vahid Rusiya” partiyasına daxil olmasını şərh edib.

 

Medvedevin köməkçisi “Rusiya Federasiyası rəhbərliyinin doğmaları və yaxınları” dedikdə kimləri nəzərdə tutmasını göstərməyib.

 

Bundan öncə KİV və sosial şəbəkələrdə Rusiya liderlərinin bəzilərinin qohumlarının Qərb ölkələrində yaşaması mövzusu dəfələrlə geniş müzakirələrə səbəb olub. O cümlədən Putinin və Lavrovun qızlarının adları çəkilib.

 

“Vahid Rusiya” partiyasının partiya biletini İlya Medvedevə Federasiya Şurasının sədr müavini Andrey Turçak təqdim edib və ümid etdiyini bildirib ki, bu nümunə “gəncləri partiya sıralarını genişləndirməyə sövq edəcək”.

 

İlya Medvedev Andrey Turçaka deyib ki, partiyada “uşaq idmanı, səhiyyə və təhsil, kiçik və orta biznes” sahələrində, “idxalı əvəzləməklə bağlı bütün prosedurların nizamlanmasında” fayda verə bilər.

 

O, “həm dövlətin, həm partiyanın, həm də biznesin rəqəmsal transformasiya istiqamətinin” onun üçün xüsusilə “aktual və maraqlı” olduğunu söyləyib.

 

Qeyd etmək lazımdır ki, dünən Dmitri Medvedev Qərbin Rusiyaya kritik informasiya infrastrukturu sahəsində güclü təzyiqi mövzusuna toxunub.

 

“Bizim üçün hazırda ən vacibi bu sahədə də ölkəmizə göstərilən çox güclü təzyiqi dəf etməyimizdir. Bunlar həm kiberhücumlar, həm texnoloji blokada, həm də bizim mütəxəssislərin xaricə cəlb edilməsi üçün kütləvi şəkildə təhrik edilməsidir”, – bunu Medvedev Rusiya Təhlükəsizlik Şurasının dövlətin kritik informasiya infrastrukturunun inkişafı sahəsində texnoloji suverenliyinin təmin olunması məsələləri üzrə idarələrarası komissiyasının iclasında çıxışı zamanı deyib.

 

“Açığını desək, bu düşmənçilik tədbirlərində heç bir yenilik yoxdur. Çoxdan aydın idi ki, ilk fürsətdəcə Qərb təzyiq vasitələrinə əl atmağa başlayacaq və biz öz opponentlərimizin hücumlarına qarşı etibarlı müdafiə olunmalıyıq”, – agentlik Medvedevin sözlərindən iqtibas gətirib.

 

“Azadlıq” radiosu qeyd edib ki, dünənədək İlya Medvedevin adı ictimai məkanda hallanmayıb. Radio xatırladıb ki, o, 2017-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq fakultəsini bitirib, onun diplom işi Rusiya və Böyük Britaniyada səhmdar cəmiyyətlərinin hüquqi tənzimlənməsinə həsr edilib.

 

Bir sıra KİV-lər belə bir informasiya dərc edib ki, İlya Medvedev, guya, ABŞ-da işləyib. Bu məlumat təsdiq edilməyib, “Azadlıq” radiosu qeyd edib.

 

2022-ci ilin iyunun əvvəlində Belarusun “Nexta” nəşri iddia edib ki, ABŞ hakimiyyəti İlya Medvedevə ölkəni tərk etmək üçün iki gün möhlət verib.

 

Xatırladaq ki, son zamanlar Dmitri Medvedevin çıxışları qalmaqallı xarakter daşıyıb. O, siyasətçi üçün məqbul olmayan leksikondan istifadə etməyə başlayıb: “Mən onlara nifrət edirəm, yaramazlar, rəzillər. Onlar bizim, Rusiyanın ölümünü arzulayır”.

 

Bəzi ekspertlər bunu Medvedevin “Putinin varisləri” siyahısında” yer almaq arzusu ilə əlaqələndirib.

 

Son vaxtlar Rusiya liderlərinin övladlarının adları mümkün “Varis” əməliyyatı ilə bağlı hallandırılmağa başlanıb.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button