“Xəlil Rza kimi insanlar olmasaydı, bəlkə də müstəqillik illərimiz yaranmazdı…”

“Mən Xəlil Rzanı ədəbiyyatı dərk edəndən, poeziyanı duyandan sonra oxumağa başlamışam. Xəlil Rza yaradıcılığıyla qiyabı tanışlığım orta məktəb illərindən başlayıb. Sonra ali məktəbdə həmçinin onun şeirlərini oxumuşam. Tələbə olanda şeir yazırdım və günlərin bir günündə məni də o cərgəyə qoşdular və Xəlil Rzanın qarşısında şeir oxudum. O da yadıma gəlir ki, Xəlil Rza “Göyərçin” jurnalında işləyirdi və mən də ora şeir göndərirdim. O şeirlər çap olunmurdu, amma Xəlil Rza cavabında şeir çap olunmaması səbəbini yazmırdı, əvəzində isə mənə uğurlar arzulayırdı”

 

Bunu Moderator.az-a açıqlamasında filologiya elmləri doktoru Vaqif Yusifli Xalq şairi Xəlil Rza Ulutürk haqqında danışarkən deyib. V.Yusifli daha sonra Xəlil Rzanın ədəbiyyatımıza bəxş etdiyi şeirlərindən də danışıb:

“Həmin vaxtdan bu adama qarşı mənim rəğbətim olub. Daha sonra tələbəlik illərində onun məclislərində iştirak etmişəm. Aspirantura dövründə onunla məclislərdə oldum, bir neçə məqalə yazdım. Yadıma gəlir ki, Gəncədən mənə badam göndərmişdilər ki, onu Xəlil Rzaya çatdırım. Aparıb bunu ona verəndə dedi ki, “igid, bu sənindir, götür”.

 

Bütün bunlarla yanaşı Xəlil Rzanı bir tribuna şairi, alovlu şair, həm də gözəl tərcüməçi şair kimi tanıyıram. O, Nizami Gəncəvinin iki əsərini tərcümə edib. Tərcümə etmək üçün fars ədəbi dilini öyrənib. Onun başqa yazıçılar haqqında da monoqrafiyaları var. O, həm də istiqlal şairi idi. Xəlil Rza kimi insanlar olmasaydı, bəlkə də müstəqillik illərimiz yaranmazdı. Yəni insanları bu adamlar hazırladı. Xəlil Rzanın oğlu Təbriz Xəlilzadə şəhid olanda dəfn mərasimində mən də iştirak etdim. Dəfn mərasimində iştirak etdim və gördüm ki, Xəlil Rza şəhid atası kimi özünü saxladı, gözündən yaş axmadı. Özünü elə saxladı ki, yəni mən oğlumu vətən üçün qurban verdim deyirdi”.

 

Qeyd edək ki, bu gün Xəlil Rza Ulutürkün vəfat etdiyi gündür. Xatırladaq ki, bu il mayın 22-də şairin həyat yoldaşı Firəngiz xanım da dünyasını dəyişib. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button