“Atam öləndən sonra düz 3 ay anama Rəsulun adından çiçək göndərdik ki…”

“Rəsul Rzanın ev muzeyi çoxdan yaradılmalı idi. Çünki rəhmətlik, ulu öndər Heydər Əliyevin vaxtında belə bir qərar var idi. Daha sonra aralığa başqa işlər düşdü, ona görə də gecikdi. Bu xəbəri oxudum, həqiqətən də çox sevindim. Çünki atamın o evində mənim kiçik bacım Təranə xanım yaşayırdı, onlar da ordan köçüblər. Evi Mədəniyyət Nazirliyinə təhvil vermişik. İndi ora muzey olacaq. Hələ görüləcək işlər çoxdur, stendlər hazırlanmalıdır, şəkillər vurulmalıdır. Ona görə yəqin ki, bu işlər bir az vaxt alacaq. Mənə elə gəlir ki, bu muzey hamı üçün çox maraqlı olacaq”.

 

Bunu Moderator.az-a açıqlamasında Rəsul Rzanın qızı, şərqşünas Fidan Rzayeva deyib. O daha sonra əlavə edib.

“Mən çox istərdim ki, ev olduğu kimi qalsın. İndi muzey işçiləri necə edəcəklərsə bilmirəm, amma mənim fikrim odur ki, necə onlar orada yaşayıblar eynilə elə də olsun. Təbii ki, içində avadanlıqları ilə dolu olan bir evi xatırlatsın. Atam rəsmləri çox sevirdi, rəssamlardan alıb evə gətirirdi. Nazim Hikmətlə birlikdə Moskvaya gedəndə ordan da rəsm əsərləri gətirmişdi. Bizim evimizdə şəkillər çoxdur. Onlar hələ hazır deyil, gərək səliqəyə salınsın, daha sonra divarsan asılsın. Çox istərdim ki, muzeydə bədii qiraət və musiqi gecələri keçirilsin. Çünki atamın sözlərinə bir çox musiqi əsərləri bəstələnib. Muzey daim fəaliyyətdə olsun, daim tədbirlər keçirilsin. Fəaliyyətsiz muzey olmasın” deyə Fidan Rzayeva bildirib.

 

Yazıçının qızı valideynlərinin son günə qədər bir-birlərini çox sevdiyini bildirib.

“Atamın və anamın dünyalarını dəyişdikləri günü hər dəfə xatırlayanda qəribə hisslər keçirirəm. Onlar həqiqətən də bir-birləri üçün yaranmışdılar. Atam Mərdəkandakı sanatoriyada dünyasını dəyişdi. Anamın ümumi narahatlıqları var idi, onu xəstəxanaya yerləşdirdik. Təbii ki, atamın ölüm xəbərini ona deyə bilməzdik. Atamın adından anama çiçək göndərirdik. Anar bir gün mənə dedi ki, Fidan, bu xəbəri Nigara nə vaxt deyək? Dedim ki, heç vaxt! Əgər Nigar bu xəbəri eşitsə o dəqiqə keçinər, qoy nə qədər ömrü qalıbsa Rəsul onun üçün çiçək göndərsin. 3 ay sonra anam da vəfat etdi” deyə ədibin qızı bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button