“Bu münasibəti özümə, incəsənət xadimlərinə təhqir bilirəm”

“Ağstafadayam, hava təmiz, insanlar saf. Hər gün gedirəm Səməd Vurğun parkına, Yazıçılar İttifaqına. İttifaqda danışırıq, şeirlər oxuyuruq, müzakirələr edirik. Çəkilişlər olandan-olana Bakıya gəlirəm. Teatrda da çalışmıram, Bakıya niyə gəlim ki? Vacibli bir iş üçün kim dəvət edirsə səhəri gün Bakıda oluram”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Tariyel Qasımov deyib. O, daha sonra əlavə edib.

“Yeganə teatrdır ki, yaşı 65-i keçənləri çıxarırlar. Gənc Tamaşaçılar Teatrı o demək deyil ki, mütləq burada gənclər çalışmalıdır. Doğrudur, tamaşa hazırlayanda əsas gəncləri nəzərə alırlar, amma orada ata, baba, nənə rolları da var. Həmin rolları biz oynamalıyıq da. Heç bir teatrda yaş məhdudiyyəti yoxdur. Allah Rafiq Əzimovun, Hacı İsmayılovun canını sağ etsin, indi də teatrda işləyirlər. Teatra qocaman aktyor da lazımdır, gənc də. Repertuarda olan tamaşalarda da çıxış edirdik, rolumuzu da yaxşı oynayırdıq. Bilmirəm ki, niyə bizi bəyənmədilər?! Mənə 50 yaşdan artıq vermirlər. Ağasadıq Gəraybəyli 90 yaşında səhnəyə çıxırdı, onun heç gözləri də görmürdü. Bu münasibəti özümə, ikinci də incəsənət xadimlərinə olan təhqir kimi bilirəm. Aktyorun cənazəsi səhnədən götürülür, əl çalıb onu yola salırlar. Yaşlı rolları kim oynayacaq? Cavan akyorun üzünə saqqal bağlasalar da gözləri cavan gözləridir. Onu dəyişmək mümkün deyil. Cavan rolları cavan aktyorlar, qoca rolları isə qocaman aktyorlar oynamalıdır. Biz sənətə populyar olmaq üçün gəlməmişik, yaddaşlarda qalmaq üçün gəlmişik. Biz yaşlılar ən dəqiq insanlarıq, məşqə yarım saat əvvəl gəlirik. Cavanlar isə hər zaman gecikirdilər, gözləyirdik ki, gəlsinlər, məşqə başlayaq. Biz belə görmüşük, sənətə belə gəlmişik” deyə xalq artisti bildirib.

 

Tariyel Qasımova Qazax Dövlət Dram Teatrında işləmək istədiyini bildirib.

 

“Bilirsiniz ki, mən uzun illər Qazax Dövlət Dram Teatrında direktor və bədii rəhbər işləmişəm. Bir dəfə aktyor Elxan Yunis Qazax teatrının direktoruna dedi ki, “ay Sakit müəllim, bu aktyoru niyə işə götürmürsünüz? Onu götürün qoy teatrda yaşlı rolları oynasın. Mən də gəlib orada onunla birgə tamaşalarda oynayaram”. Direktor nazirliyə məktub yazdı, təsdiq cavabı gəldi. Məni işə götürmür, deyir ki, “ o teatrda səni işdən azad ediblər, mən səni necə işə götürüm?”. Onu da qınamıram, çünki qayda-qanunlar dəyişib. Mənim üçün ayıbdır ki, kimdənsə xahiş edim ki, məni işə götürsün” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button