“İstəməzdim ki, kimsə sarsıntı keçirsin…”

Xəbər verdiyimiz kimi, Kəlbəcər sakini Vasif Qurbanovun doğulduğu Yuxarı Buludlu kəndinə gedərkən çəkdiyi video gündəm olub. Ağlayaraq sinif yoldaşı İsmayılı çağıran Vasif, hönkürtü vuraraq ağlayır, keçmiş günlərini xatırlayır. 

 

Moderator.az-ın əməkdaşı həmin görüntülərdən sonra Vasif Qurbanovu tapıb və onunla söhbət edib:

 

“Kəlbəcər işğaldan azad ediləndən sonra hələ ki, o yerlərə gedə bilməmişdim. Mən 1978-ci ildə Kəlbəcərin Yuxarı Qılınclı kəndində anadan olmuşam. Bu otuz ilin həsrəti hamımızın dərdidir. Təəssüf ki, itirdiklərimizi axtarıb tapa bilmədik. Biz rayonun özündə yaşasaq da, kənddə doğulmuşam. İnsana da həmişə kəndi doğma gəlir. Görüntülərdəki ev yaxın qohumlarımızın evi idi, onlar da Kəlbəcər həsrətiylə dünyalarını dəyişdilər. Ziyəddin keçmiş döyüşçü, polis idi, amma koronavirusdan dünyasını dəyişdi. Qardaşım Zimistan da 1994-cü il yanvar ayında Murovda şəhid olub. Onlar Kəlbəcəri azad etmək istəyirdilər. Gedib orda da şəklini vurdum. İsmayıl isə həmyaşıdımdır, indi Gəncədə yaşayır. Biz həmişə bir yerdə oynayırdıq. 

 

Mən daşa-qayaya yox, itirdiklərimizə heyfslənirəm. O fəryadıma görə istəməzdim ki, kimsə sarsıntı keçirsin. Kimsə o torpaqlara istirahətə gedir, amma mən Ömər aşırımından keçəndən sonra namaz qıldım, torpağı öpdüm. Şükür ki, o şəhidlərimizin sayəsində torpaqlarımıza ayaq basa bilirik. On üç yaşımda Kəlbəcəri tərk etmişdim, 40 yaşımda geri qayıtdım. Özüm 44 günlük Vətən müharibəsində qeyri-rəsmi döyüş meydanlarında oldum. Ordumuza maddi, mənəvi dəstək oldum”. 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button