“Dan ulduzu çıxan vaxtı doğulduğuma görə adımı Ulduz qoyublar, evin 12-ci uşağıyam…”

“Bəzən deyirlər ki, niyə qadın aşıqlar azdır? İstedadı Allah verir. Hər saz çalan aşıq deyil. İstər qadını olsun, istərsə də kişisi. Deyirlər ki, “qadından aşıq olmaz”. Mən bu sözü heç cür qəbul etmirəm. Əsl sənətkar qadın da ola bilər, kişi də. Mənə elə gəlir ki, bu sözü deyənlər bir növ qadın aşıqlara qarşı qısqanclıqla yanaşanlardır. Hansı sənətdə olursansa ol zamanla ayaqlaşmaq lazımdır. Zaman öz dəsti-xəttini göstərir. Südü nə qədər qaynadırsansa qaynat qaymaq üzə çıxacaq. Hər sənətin qaymağı var, üzdə olan, sevilən seçiləni var. 40-50 ildə bir sənətkar yetişir. Tarix öz sənətkarını sevir, seçir və özünə həkk edir. Bu sənət oyuncaq deyil. Hər “sənətkaram” deyənin özü səviyyədə, özü ağılda tamaşasısı var”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq, əməkdar mədəniyyət işçisi Ulduz Sönməz deyib. O daha sonra əlavə edib.

“Mən heç kimin əleyhinə deyiləm. Əlinə saz götürüb, 5 addım aparana da böyük hörmətim var. Çünki o xalqımıza məxsus olan varlığımızı daşıyan bir adamdır. Amma  çoxdur, hamısı da özünə sənətkar deyir. Qoy desinlər də, əsl qiyməti xalq özü verəcək. Mən uşaqlıqdan bu sənətdəyəm. Dəcəl olmasaydım, aşıq ola bilməzdim. Bizim kəndimiz dörd bir dağın əhatəsində idi. Belə bir diyarda mən doğulmuşam. Özü də dan ulduzu çıxan vaxtı doğulmuşam, ona görə də adımı Ulduz qoyublar. Evimizdə 12 uşaq olub, mən sonuncusu olmuşam. Hündür dağın başında çıxıb oxuyurdum. İnanırdınız, kəndlərə səs yayılırdı, hamı bilirdi ki, oxuyan aşıq Əsgərin qızıdır. Hələ bilinmirdi ki, mən aşıq olacam yoxsa yox! Mən 10 il Filarmoniyada işləmişəm, orada dəstgah muğamı oxumuşam. Çox böyük sənətkarlarla çıxış etmişəm. Aşıqların 4-cü qurultayına hazırlıq gedirdi. Əzizə Cəfərzadə mənə dedi ki, “sənin atan aşıqdır, niyə saz çalmırsan?”.  Dedi ki, sən saz al, bilirsən sənə necə yaraşar? O zaman saza gələn yox idi, əlimdə saz aparanda gülürdülər, deyirdilər ki, “qız hara, saz hara? Düşündüm ki, mən neyləyim bu qurultaya hədiyyə edim? Qızları yığdım, “Sazçı” qızlar qrupu yaradaraq qurultayda iştirak etdik” deyə aşıq bildirib.

 

Aşıq Ulduz imicindən də danışıb.

 

“İmicimdə, xüsusən də saçlarımda dəyişiklik etməyi qətiyyən sevmirəm. İnsan sənətində yenilik edər. Saçlarımı çox sevirəm, onları tez-tez fenləmirəm. rəngləmirəm. Xüsusi qulluq edirəm. İndi görürsən ki, gənc qızdır, saçını saraldıb. Nəyə lazımdır axı bu?” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button