“Ermənilər Zabuxdan çıxacaq, qorxulusu Rusiya ordusunun torpaqlarımızı tərk etməməsidir…”

“1941-1945-ci illərin müharibəsi zamanı Ermənistanın qonşu Dığ kəndindən bir erməni qadın uşaqlarının acından ölməməsi üçün gəlib Zabuxa sığınıb…”

 

“Dəfələrlə deyildiyi kimi, Laçın rayonunun digər kəndlərində olduğu kimi, Zabuxda da  keçmişdən köklü şəkildə orada məskunlaşmış bir nəfər də erməni olmayıb. Mən kəndimizdə Laçın işğal olunanadək sonuncu sovxoz direktoru olmuşam. Odur ki, Zabuxun da, onun hər bir sakininin də keçmişini yaxşı bilirdim. Kəndimizə bircə nəfər erməni qadın azərbaycanlıya ərə gəldiyindən işğaladək orada yaşamışdı”.

Bunu Moderator.az-a açıqlamasında son günlər adı Azərbaycan və erməni mediasında gündəmə dönmüş Laçın rayonunun Zabux kəndindən məcburi köçkün, işğaladək həmin kənddəki sovxozun direktoru işləmiş, rayon ictimaiyyətinin tanınmış nümayəndəsi Məhər Quliyev söyləyib. 

 

“Məsələ belə olub.  Hələ 1941-1945-ci illərin müharibəsi zamanı Zabux kəndi ilə qonşu olan Ermənistanın Gorus rayonunun Dığ(erm. “Tex”-S.L.) kəndində ağır vəziyyətdə yaşayan bir erməni qadın uşaqlarının acından ölməməsi üçün gəlib Zabuxa sığınıb. Buna əsas səbəb  Zabux kənd sakinlərinin qonaqpərvər, ürəyiyumşaq olması və kənddə tut ağacının bolluğu olub. Həmin erməni anaya kolxozun anbar otaqlarından birində yer veriblər və o, kənddə qalaraq zabuxluların gücü çatan yardımı və tut meyvəsi sayəsində övladlarını acından ölməkdən qoruya bilib. Bir müddət sonra qonşu kəndlərdən birindən köçüb gəlmiş bir azərbaycanlı bu erməni arvadın qızlarından birini alıb. Digər qızlar Ermənistanda köçsə də, azərbaycanlıya ərə getmiş o erməni qadın daimi olaraq Zabuxda qalıb.  Kənd sovetində çalışdığım vaxtlarda sənədlərlə işədiyimdən həmin qadının adı-soyadı da yadımda qalıb: Qriqoryan Arapik Qriqorovna…  Laçının və kəndimizin işğalından bir neçə il sonra öyrəndim ki, bu erməni qadın əri və uşaqları, nəvələriylə   birgə qaçqın kimi Bakıya gəlib. Heç kəs ona “gözün üstə qaşın var” deməyib və  o da öz razılığıyla adını-soyadını dəyişib Salmanova Gülzar olub. Bakıda da dünyasını dəyişib. Bir daha təkrar edirəm, bundan savayı Zabuxda erməni yaşamayıb” -söhbətinin ardında bunları söyləyən  Zabux kəndinin köklü sakini Andranik Çavuşyan adlı bir məxluq başda olmaqla doğma kəndində qanunsuz məskunlaşmış hayların iddialarına və kənddə qalmaları barədə Azərbaycan tərəfinə riyakar təkliflərinə də münasibət bildirib.  

“Ermənilər çox şey deyə bilər. Amma başa düşənlər yaxşı bilir ki, çox şeyi Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonrakı reallıq diqtə edir. 10 noyabr  2020-ci il razılaşmasına görə, alternativ yol tamamlandıqdan sonra Rusiya “sülhməramlı”ları artıq yeni yolu mühafizə etmək üçün Laçın şəhəri və digər bir neçə kəndimiz kimi, Zabuxu da tərk etməli olacaqlar. O halda bu gün hay-küy edən, yaxud “Azərbaycanın nəzarətində yaşayarıq” deyən ermənilər sakitcə ərazilərimizi tərk edəcəklər. Hazırda isə onlar sadəcə, gah təhdidə, gah hiyləyə əl ataraq nəyəsə nail olmaq istəyirlər. Eləcə də  Zabuxdakı, həmçinin Laçın şəhərindəki ermənilərin bizim torpaqlarda qalmaq üçün heç bir hüquqi əsası yoxdur. Azərbaycan üçün, o cümlədən laçınlılar, qarabağlılar üçün qorxulusu bilirsiz, nədir? Təhlükəlisi odur ki, Rusiya hərbi kontingenti müəyyən bəhanə ilə Qarabağdan və alternativ yolda olsalar belə, Laçın rayonu ərazisindən çıxmasınlar.  Ancaq Rusiyanın, inşallah, Ukraynada başı tam əziləndən sonra Moskva da özü məcbur olub ordusunu Azərbaycan ərazisindən çıxaracaq”- deyə Laçın rayonunun sakini vurğulayıb.

 

Sultan Laçın    

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button