“Kişinin evi olar…”- “Vicdanı, qeyrəti, insafı olması vacib deyil, hə?..”

“Çox gördük, bu 30-40 ildə evi, villası, malikanəsi olan kişiləri(?)…  Xalqı, Vətəni çapdı, taladı, yoxsulların qanını sordu…”

 

Dünən rəhmətlik Elçibəyin doğum günü idi… Həmişəki kimi onun haqqında çox yazdılar… Tərifli, bərli-bəzəkli sözlər… Onu səmimi olaraq sevənlər də yazdı… Onun təbliğ etdiyi milli ideyalara xəyanət etməsinə rəğmən “millətçi”, “elçibəyçi”, “cəbhəçi” maskasını zorla “padoş” sifətinə sıxıb çıxarılmasına imkan verməyənlər də, siyasi və maddi karyerasını Eliçibəyin kölgəsində quranlar da, öncə zahirən elçibəyçi, cəbhəçi, bozqurd olub, sonradan  tamamilə əks cəbhənin hesabına varlanıb, hallanıb, mandatlanıb, sadəcə, cəmiyyətin müəyyən kəsiminin gözündə öz “xalqsevər”, “vətənsevər” obrazını qorumağa cəhd edənlər də…

 

*** ***

 

Dəfələrlə dediyim kimi, gördüyü işlərin gözəlliyinə, böyüklüyünə rəğmən hər hansı insanın bütləşdirilməsinin qəti əleyhinəyəm… Və daim daşdan, ağacdan, tuncdan, kağızdan və s. olan bütlər kimi, canlı bütləri də  baltalamağa, çəkicləməyə, ən azı iynələməyə çalışmışam ki, cəmiyyətimiz, dünyamız mümkün qədər şirkdən, çirkdən, allahsızlıqdan, ədalətsizlikdən uzaq olsun…

 

*** ***

 

Nə YAP-ın, nə AXCP-nin, nə Müsavatın, nə mütəllibovçuların, nə xaricdən söyüş söyən blogerlərin xoşuna gəlmək üçün yazmışam, yazmıram və yazmayacağam da… Sadəcə, mümkün qədər gözümün gördüyü, ağlımın kəsdiyi, qəlbimin hayqırmaq istədiyi gerçəkləri qələmə almağa çalışmışam… Buna necə nail olduğuma qoy öncə Allah, sonra da xalq qiymət versin!.. 

 

*** ***

Bu gün  Elçibəyin milli azadlıq hərəkatındakı rolundan, hakimiyyətə necə gəlməsindən, necə getməsindən, hansı düz işləri, hansı səhv işləri görməsindən yazmıram… 

 

*** ***

 

Elçibəyin adını eşidəndə, şəklini, görüntüsünü görəndə öncə onun  aforizmə çevrilmiş bəzi kəlamlarını xatırlayıram: “Təbii haldır…”, “Zamana ehtiyacı var…” 

Bir də Kələkidə rəhmətliyin özünə də xatırlatdığım 1992-ci ilin martında verdiyi bir proqnozu yadıma düşür: “Üç aydan sonra seçdiyiniz prezidenti bir ildən sonra yıxacaqsınız…”

 

*** ***

 

Doğrudan da dediyi kimi oldu – yıxdılar, sevə-sevə yıxdılar…

 

*** ***

 

Həm də onun sadəliyi, təkəbbürdən, lovğalıqdan, şan-şöhrətdən, dəm-dəsgahdan, cah-cəlaldan, bər-bəzəkli, möhtəşəm görüntülü kabinetlərdən, yaşayış məkanlarından uzaq olmasını xatırlayıram… 

 

*** ***

 

Bir də o yadıma düşür ki, məhz Əbülfəz bəyin sadəliyindən, vara-dövlətə can atmamasından, tamahkar olmamasından yararlanan və təəssüf ki, cəmiyyətə təsiri çox olan ağzıgöyçəklər hələ onun AXC sədri olduğu, müstəqil(!) Azərbaycan dövlətinin başına gəlmək ehtimallarının səsləndiyi bir vaxtda “Əşşi, kişinin evi olar- heç bunun Bakıda evi də yoxdur, düz-əməlli kostyumu da yoxdur” kimi ikrah doğuran düşüncələr yayırdılar…

 

*** ***

 

Bəli… Həmişə demişəm, yenə də deyirəm, Azərbaycan Respublikasının birinci Prezidenti Ayaz Mütəllibov kimi, ikinci Prezidenti Əbülfəz Elçibəyin də nə özünün, nə övladlarının adı hansısa korrupsiya faktlarında, hansısa villaya, malikanəyə, obyektə sahib olmaqda, dinimizə, milli-mənəvi dəyərlərimizə zidd hansısa əməllərdə hallanmadı… 

Nə yazıqlar ki, çoxluq bunlara dəyər vermədi… Çoxluq yalnız səhvlər, günahlar axtardı, qarayaxmalara cumdu… Çoxluq “bacarana can qurban” deyib nə yolla olursa-olsun, ev, maşın alanları, vəzifəyə, kürsüyə yiyələnənləri “fərasətli”, “bacarıqlı”ları kişi saydı… 

 

*** 

 

Deməli, deyirsiz ki, kişinin evi olar, hə?..  Ilk meydana çıxdığı günlərdən Elçibəyə də bu stereotiplə yanaşdınız… 

 

*** ***

 

Kişinin evi olar, amma vicdanı, milli qeyrəti olması lazım deyil, hə?.. 

 

*** ***

 

Çox gördük, bu 30-40 ildə evi, villası, malikanəsi olan kişiləri(?)…  Vicdanını, qeyrətini, namusunu, insafını-mürvətini itirib xalqı, Vətəni çapdı, taladı, yoxsulların qanını sordu… Çünki elə o evləri, villaları da vicdanını, qeyrətini, insafını, abır-həyasını itirməklə, vicdansızlıqla, həyasızlıqla əldə etdi, tikdirdi…

 

*** ***

 

“Evi olmayandan kişi olmaz”… Məhz bu cür baxışlar, bu cür həyat tərzi yıxdı evimizi… Bizləri Elçibəyin təbliğ etdiyi dəyərlərə tamamilə zidd olan  əməllərə ürcah etdi… Bizləri, bütövlükdə Azərbaycanı yağılara yem etdi… Dələduzların, fırıldaqçıların, rüşvətxorların, korrupsionerlərin açıq-aşkar köləsi etdi…

 

*** ***

 

Bizləri hələ imperiya, sovet dövründən insanlıq, kişilik dəyərlərinə yanlış baxışlara sövq etdilər yavaş-yavaş, addım-addım… Biri dedi: “kişinin evi olar”, o biri dedi: “siqaret çəkməyən kişi deyil”, başqa birisi: “araq içməyən kişi deyil” -söylədi, digəri: “bazlıq etməyən kişi deyil”- dedi… Bu minvalla “kişinin vicdanı olar”, “kişinin qeyrəti olar”, “kişinin namusu olar”, “kişinin abır-həyası, insafı olar” kimi baxışlar kölgədə qaldı… Və nəticədə vicdansızlar, qeyrətsizlər, abırsızlar, alkoqoliklər, manyaklar, narkomanlar, binamus zinakarlar, arvadının fahişəliklə qazanmasına göz yumanlar məmləkəti çapdı-taladı, o qədər evlərə, mülklərə sahibləndilər ki, bu çirkabxananın, dələduzxananın içində abırana qısılmış vicdanlılar, qeyrətlilərin çoxu evsiz-eşiksiz qaldı…

 

*** *** 

 

Deməli, “kişinin evi olar” dediniz, hə?..  Ilk meydana çıxdığı günlərdən Elçibəyə də bu stereotiplə yanaşdınız, hə?.. Fəqət, I Qarabağ savaşında torpaqlarımızın çoxunu azad edib evli, villalı “kişi”lərin ucbatından sonradan itirən də, canlarını verib mümkün qədər müdafiə edən də, II Qarabağ savaşında canını-qanını verib o torpaqların əksəriyyətini azad edən də elə evi-eşiyi olmayanlar, uzaqbaşı, bir yarıuçuq daxması olanlar, yataqxanalarda, kirayələrdə, özgə qapılarında yaşayan kişi(!) oğullar oldu…

 

*** ***

 

Deməli, sizin məntiqinizlə, evi, villası olmayan hökumət adamı, deputat kişi deyil, torpaqlarımızı qoruyub, azad edib yataqxanalarda, kirayələrdə yaşayan veteranlar, qazilər kişi deyil, amma sizləri barmağına sarıyıb qoyun yerinə qoyub sərvətlərinizi çapıb talayıb ölkədə, xaricdə onlarla, yüzlərlə evi, villası, obyekti olanlar kişidir, hə?.. Yazıqlar olsun! 

 

*** ***

Bilirəm ki,  onsuz da bu sözlərim simasızlara zərrə qədər təsir etməyəcək… Əksinə, həmişəki kimi yazdıqlarıma güləcəklər… Və məhz belə düşünən çoxluğun ucbatından “dünya belə gəlib belə də gedəcək”…

 

*** ***

 

Amma bilin ki, hər ev də, hər mülk də öncə Allahındır!.. Bu dünya belə də gedəcək… Fəqət, o biri dünya gələcək… Axirət günü gələcək… Və o gündə bu gün ev, villa almaqla “kişi” olub Mütəllibovu, Elçibəyi təftiş edənlər həmin evləri, mülkləri hansı yolla, hansı əməllə, hansı yalanla, hansı talanla, hansı saxtakarlıqla aldıqları və s. barədə də hesabat verəcəklər…  Və yalnız onda, inşallah, kimin kişi, kimin nakişi olduğunu Yaradanımız deyəcək…

 

*** ***

 

Allah rəhmət eləsin Elçibəyə! Evsiz, villasız Prezidentə!..

 

Qiyamətdə görüşənədək!..

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button