“Son günlərində o adamı istədi, o da gəlmədi, halbuki gəncliyi o adamla keçmişdi”

“Uşaqlıq illərimdə atam hər zaman məni özü ilə ədəbi məclislərə aparırdı. Orada da mütləq ona verilən gülləri mənə verirdilər. Mən də çox ədalanırdım, forslanırdım ki, “mənim atam məşhurdur”. Amma atam o məşhurluğundan heç vaxt istifadə edə bilmədi, etmədi də. Atamın heç bir sözü mənə həyatda kömək olmayıb, əksinə mane olub. O qədər dürüst, düzgün insan idi ki, o cür yaşamaqla heç yana gedib çıxa bilmirsən”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq şairi Məmməd Arazın qızı, əməkdar jurnalist İradə Tuncay deyib. O daha sonra uşaqlıq illərindən danışıb.

“Uşaqlıq illərindən danışanda ilk olaraq Yasamalda, indiki Musabəyov parkının yaxınlığında olan “Xruşşovka” binamızı xatırlayıram. 5-ci mərtəbədə yaşayırdıq. Atamın öz qonorarı ilə aldığı ev isə Xətaidə, Azad Qadın heykəlinin yanında idi. Tramvay yolu da ordan keçirdi. İnsanın müəyyən yaşdan sonra valideynlərini nisgilli xatırlamağı normal bir haldır. Yoxdur, indi onu görə, səsini eşidə bilmirsən, istiliyi hiss edə bilmirsən. Amma həm də xatirələr var. Atam çox ciddi insan idi, mən məhbəs həyatı yaşamışam. Günün müəyyən saatlarına qədər televizora baxmaq olar ya olmaz. Həmçinin də telefonla danışmağı, kitab oxumağı… Atam evə gələndə sevinirdim ki, bizi gəzməyə aparacaq. O vaxt mən doğulanda oğlan gözləyirdilər. Məktublarında da yazırdı ki, oğlan gözləyirik” deyə yazıçının qızı bildirib.

 

Şairin qızı deyir ki, vaxtında atasını çox danışdırmadığı üçün peşmandır.

“Danışanda çətinlik çəkirdi, bu ona əziyyət verirdi. Gərək neçə dəfə danışaydı ki, onda başa düşə biləsən ki, nə deyir?!. Mən baxışlarından tuturdum nə demək istədiyini. İndi bəzi hadisələri xatırlayıram, deyirəm ki, kaş yaşasaydı, soruşsaydım. Düzdü, danışa bilmirdi, amma nəyisə soruşa bilərdim. Çox çətin idi. Gözünün qabağında ölkə ilə bir adı olan şair yaşayır. O şöhrətindən heç istifadə edə bilmirdi. Gizlənirdi hamıdan, istəmirdi ki, heç kim onu bu vəziyyətdə görsün. Həyatının son vaxtlarında bəzi adamlar var idi ki, onları görmək istəyirdi, amma onlar da gəlmədilər. Gəncliyi o adamla birgə keçmişdi, ona çox yaxşılıqlar etmişdi, sonra o adam itdi” deyə İradə Tuncay bildirib.

 

İradə Tuncay atasının son gününü belə xatırlayır.

“Anam zəng etdi ki, “tez elə özünü çatdır, atan boğulur”. Biz elə də uzaq yaşamırdıq, 3-4 dəqiqəyə gedib çatdım. İçəri girəndə hiss etdim ki, artıq sondur. Anam qışqırırdı ki, “təcili yardım çağırmışam, gəlin tez aparaq”. Bu anda oğlum qapıdan girdi, atamı qucağımızda aşağı düşürdüb, xəstəxanaya apardıq. Həkim baxıb dedi ki, “YOX”. Mən onu maşında ha çağırdım, gördüm ki, nəfəsi gəlmir. Həmin anda bacım işdə olmuşdu. Sonradan mənə deyirdi ki, “sən xoşbəxt adamsan ki, atamızı son anda görə bilmisən”. İndi harasa gedəndə birinci yadıma düşən atamla bağlı xatirələr olur” deyə şairin qızı deyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button