İran rejiminin erməni sevgisi nədən islami dəyərlərə hörmətdən xeyli yüksəkdə dayanır..?

Azərbaycan əsgərinin 44 günlük Vətən Müharibəsində misilsiz qəhrəmanlıqlar hesabına 30 ilə yaxın işğalda qalan torpaqlarımızı azad etməsindən sonra ötən müddət ərzində ətrafımızda baş verənlər xeyli düşündürücüdür.

 

Paşinyan iqtidarının nala-mıxa vurması, Ermənistandakı revanşist qüvvələrin yenidən fəallaşaraq iki ölkə arasında nəzərdə tutulan sülh müqaviləsinin imzalanmasının baş tutmaması üçün dəridən-qabıqdan çıxmaları heç də təsadüf deyil və prosesin kənardan drijor çubuğu, daha doğrusu çubuqları ilə idarə olunduğu appaçıq görsənir. Ermənistanın istər işğal dönəmində, istərsə də ondan sonrakı il yarımda dostlarının kim olduğu da heç kimə sirr deyil və acınacaqlısı odur ki, müsəlman dünyasının ən nüfuzlu ölkələrindən biri olan İran İslam Respublikası da Ermənistan adlı faşist xuntasının dostları və əsas havadarlarından biri kimi çıxış etməkdədir.

 

Ən qəribəsi də odur ki, rəsmi Tehran bu fitnəkar siyasəti nəinki gizlətmək niyyətində deyil, hətta daha qabarıq və nəzərçarpacaq formada edərək sanki rəsmi Bakıya gözdağı verir. 

 

Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycana dostla düşmənini ayırd etmək üçün tarixi fürsət qazandırmış oldu və üzdə bizə dost deyənlərin əslində qatı ermənipərəst olduqları üzə çıxdı.

 

Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev dünən Silahlı Qüvvələr günündə Kəlbəcərə səfərə gedərək bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak etdikdən sonra erməni vəhşiliyi barədə danışarkən sovetlər dönəmində dünya şöhrətli “İsti-su” sanatoriyasındakı dağıntıların miqyasını haqlı olaraq “bunu ancaq vəhşi qəbilə edə bilərdi” kimi xarakterizə etdi. Tamamilə dəqiq təsbitdir. Bəllidir ki, ermənilər istər işğal, istərsə də işğaldan sonrakı qarət və misilsiz vəhşiliyi təkbaşına həyata keçirməyiblər, onların İran kimi havadarlarının da talançılıq prosesində iştirak etdiklərini sübut edən çoxsaylı faktlar var. 

 

Nə yazıq ki, hətta ikinci Qarabağ savaşı və Ermənistanın bir dövlət kimi miskin duruma düşməsi belə, İrandakı anti Azərbaycan ideologiyanı səngitmədi və ermənipərəst davranışlar daha da vüsət almağa başlayıb. 

 

Bu arada İranşünas və iransevər, Paşinyan hökumətinin tənqidçisi professor Vardan Voskanyan Qum şəhərində Ayətullah Mərəşinin yaratdığı kitabxanada saxlanılan Quranın ən böyük əlyazmasının yanında poz verməklə əslində İran xalqının “sarı sim”inə toxunub. Qeyd edək ki, Voskanyan Yerevan dövlət universitetində iranşünaslıq kafedrasının müdiridir. İranda Azərbaycana düşmən kəsilən və ölkəmizə qarşı təbliğat aparan qüvvələr ilə əməkdaşlıq edir. O, işğal dövründə guya məscidləri bərpa edən qrupun işini əlaqələndirib. Guya Şuşada, Yerevanda iranlıların məscidləri bərpa etməsi prosesinin koordinatorlarından biri olub. Halbuki ermənilər həmin məscidlərdə donuz saxlayıblar və İslamı təhqir etməklə İrana qarşı aşkar təhqiramiz hərəkətlər etmiş olublar. Amma görünür, İran rejiminin erməni sevgisi islami dəyərlərə hörmətdən xeyli yüksəkdə dayanır…

 

Xatırlatmaq yerinə düşər ki, Voskanyan Qasım Süleymani qətlə yetiriləndə də Təbrizə gələrək rəsmi Tehrana hüsn-rəğbətini ortaya qoymuşdu. 

 

İrandakı hərbi-ruhani dairələrin Azərbaycan əleyhinə fəaliyyətinin genişlənməsi, torpaqlarımızın işğaldan azad edilməsindən narahat olmaları, Azərbaycanın daxilində İran şəbəkəsinin fəallaşması, Ermənistan-İran işbirliyi bir daha onu deməyə əsas verir ki, rəsmi Tehranın Azərbaycanla münasibətləri tamamilə qeyri-səmimidir və onlar tarix boyu olduğu kimi bundan sonra da ermənilərə havadarlıq etməkdə davam edəcəklər.

 

Xoşbəxtlikdən Azərbaycan prezidenti İlham Əliyev və onun diplomatik korpusu bu həqiqətləri təfərrüatı ilə bilir, ancaq adekvat münasibət sərgiləməmələri əslində şeytana uymuş islam dövlətinin Allah yoluna qayıtmaq şansının hələ də tükənmədiyini göstərmək üçün, obrazlı desək, qapını açıq saxlatyır. Amma çətin ki, əsrlərlə şeytana uyanlar o qapıya yaxın gələlər…

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button