“Rusiyanın “vurmaq”la fəxr etdiyi Kiyevdəki raket zavodu sovet dövründən işləmir…” 

“Atdıqları mərmi və raketlərin 40 faizi tamamilə hədəfdən yayınır…”

 

Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından biri, Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyev Moderator.az-a  bu dəfəki müsahibəsində Ukraynadakı savaşın artıq 5-ci ayında baş verənlər, Rusiya tərəfinin hərbi əməliyyatlarda, kiçikmiqyaslı olsa  da, üstünlüklərinin əsas səbəbləri, Ukrayna ordusunun genişmiqyaslı əks-hücum əməliyyatlarının avqust ayında başlanması ehtimalının nə dərəcədə doğru olması, “G-7” sammitinin Ukrayna ilə bağlı qərarları və s. haqda danışdıq.

-Elxan bəy, Qərbin  bütün iqtisadi, maliyyə sanksiyalarına və Ukraynaya mümkün silah və texnika tədarükünə rəğmən Rusiyanın cəbhədə hələ də, kiçik də olsa, müəyyən uğurlar əldə etməsinin əsas səbəbləri hansılardır?

 

-Bunun əsas səbəbi ondan ibarətdir ki, Rusiya tərəfi canlı qüvvə və texnikasının sayca bir neçə dəfə çoxluğundan yararlanaraq kütləvi hücumlar təşkil edir və nəinki qarşı tərəfdəki dinc mülki vətəndaşların, hətta öz hərbçilərinin çoxsaylı itkilərinə belə, əhəmiyyət vermir. Məsələn, may ayının 22-də Rusiya siyasi hakimiyyətinə məlumat verilmişdi ki, guya Severodonetsk şəhəri artıq Rusiya ordusunun nəzarətindədir. Halbuki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı hərbçilərin və mülkilərin həyatını qorumaq naminə və digər tərəfdən də Qərbdən gələn müasir silahların taktiki-texniki göstəricilərinə uyğunlaşmaq baxımından lazım bildiyi ərazilərdə gərəkli yerdəyişmələr edir və yeni qruplaşmalar yaradır. Və dediyim kimi, Rusiya əlində olan bütün vasitələrdən, aviasiyadan, raket və artilleriya qurğularından yararlanaraq öz məqsədinə çatmağa çalışır, ancaq Ukrayna tərəfinin ciddi və böyük müaviməti ilə qarşılaşır. Bununla belə, Rusiya müvəqqəti işğal etdiyi əraziləri özününküləşdirməyə çalışsa da, Ukrayna ordusu Qərbdən yeni-yeni silahlar aldıqca, onları yerlərdəki hərbi birləşmələrə təhvil verdikcə, onlarla bağlı təlimlər keçdikcə tezliklə savaşda dönüş yaradacağına əmindir…

 

-Müharibə başlanandan Ukraynaya Qərbdən hansı müasir silahlar göndərilib və onların taktiki-texniki üstünlükləri nədən ibarətdir?

 

-Qərbdən gələn silahlar əsasən artilleriya qurğuları, hava hücumundan müdafiə qurğuları, zirehli texnika əleyhinə qumbaratanlardır və s. Bunlar arasında “Stinger”lər, “Javelin”lər,  “Nlavs” adlı tank əleyhinə raketlər üstünlük təşkil edir. “Stinger” və “Nlavs”lar həm aviasiya, həm zirehli texnikaya qarşı, “Javelin”lər isə yalnız zirehli texnikaya, yəni PDM, ZTR və tanklara qarşı işlənir. Şərqi Avropa ölkələrindən “S-300” HHM qurğuları, zirehli maşınlar, tanklar verilib. Bir sözlə, son günlərədək Ukraynaya əsasən müdafiə silahları tədarük edilib. Artıq bu günlərdən başlayaraq hücum silah və texnikalarının verilməsinə başlanıb. Bu da “lend-liz” proqramının ləngiməsi ilə bağlıdır. Çünki mayın 9-da “lend-liz” haqda qərar verildi, mayın 16-da isə maliyyə ayrıldı. Bundan sonra həmin silah və texnikanın ABŞ-da gəmilərə yüklənməsi, Atlantik okeanından keçib gəlməsi, sonra hansısa limanlarda boşaldılması, yenidən quru yoluyla Ukraynaya gəlib çıxması, hərbi hissələrə paylanılması və onların öyrənilməsi – bunlar hamısı zaman tələb edən məsələlərdir. Amma bütün hallarda  ABŞ-dan, Kanadadan, Böyük Britaniyadan, Avstraliyadan, həmçinin İspaniyadan, Portuqaliyadan, eləcə də Ukrayna ilə həmsərhəd olan Polşa, Çexiya, Slovakiyadan silah və texnika çatdırılmasında ciddi problemimiz yoxdur. Sadəcə, bir müddət silah tədarükünü ləngidən, özlərini Avropa ölkələrinin “ağsaqqalı” hesab edən Almaniya, Fransa və İtaliyadan başqa heç bir digər müttəfiq, dost sayılan ölkələri günahlandırmağa haqqımız yoxdur.  Adı çəkilən 3 ölkənin lideri isə Ukraynaya səfərlər edib Buçada, İrpendə baş verənləri gözləri ilə gördükdən sonra onlarda da müəyyən fikir dəyişiklikləri yarandı. Və son vaxtlar Almaniya tank əleyhinə qurğular göndərib, Fransa və İtaliya da müəyyən  qurğular göndərməyə başlayıb… 

 

-Bəzən Rusiyanın rəsmi və ya qeyri-rəsmi mənbələri guya Amerika, yaxud Avropadan göndərilmiş silah və texnikaların aviasiya, raket və ya artilleriya vasitəsilə toplu halında vurulması haqda informasiyalar yayırlar. Bunlar nə dərəcədə həqiqətə uyğundur?

 

-Belə məlumatların heç biri həqiqətə uyğun deyil. Çünki əvvəla, belə hal, demək olar ki, olmayıb. İkincisi də, Ukraynanın Qərb sərhədlərində 5 Avropa ölkəsi var. Bu mənada ölkəmizə  həmin ölkələrdən onlarla yox, yüzlərlə avtomobil və dəmir yolları gəlir, yəni yüzlərlə giriş-çıxış var. Və üstəlik, silah və texnikaların Ukraynaya tədarükü tam ciddi təhlükəsizlik şəraitində icra edilir. Yəni onların haradan və necə keçirilməsi yüksək səviyyədə qorunan hərbi sirr olaraq qalır. Bunu bilənlər barmaqla sayıla bilər.  Bəzi hallarda hətta silah və texnikalar hissə-hissə göndərilir. Necə ki, biz 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində silahları unun, digər ərzaqların içərisində keçirdirdik, hazırda Ukraynada da oxşar tədbirlər daha texnoloji formada həyata keçirilir. Bu mənada Rusiyanın Qərbdən gələn silah və texnika karvanlarını vurması, demək olar ki, qeyri-mümkündür. Amma dəmir yollarını müəyyən dərəcədə vurmaq mümkündür. Lakin qatarla nə vaxt, haradan gətirələcəyini də bilmirlər. Sadəcə, dəmir yolundakı müəyyən ifrastrukturlara zərbələr endirməyə çalışırlar. Və buna bəzən müəyyən mənada nail olurlar. Fəqət bu da kütləvi xarakter daşımır. Bir sözlə, Rusiya tərəfinin Qərbdə gələn hansısa silah, texnika karvanını vurması haqda bizdə elə bir ciddi məlumat olmayıb… Bundan əlavə, Rusiya raketləri və artilleriya qurğularının hədəfdən kifayət qədər yayınma problemi var.  Çünki Putin rejimi hələ də 70-80-ci illərin geridə qalmış, pas bağlamış, korrektirovkası pozulmuş raketlərindən istifadə edir… Özüm ixtisasca həm də elektron aparatlar mütəxəssisi olduğumdan bunu qısaca izah edə bilərəm. On illərlə saxlanılan raketlərdə uçuşu təmin edən platalardakı kondensatorlar quruya bilər. Bu və digər səbəblərdən Rusiyanın köhnə raketlərinin dağıdıcı gücləri qalır, amma dəqiqliklərində problemlər var. Demək olar ki, onların 40 faizə qədəri hədəflənən yeri vurmur. Bu, rəsmi statistikadır…

-Məsələn, rəsmi Moskva iyunun 26-da Kiyevə atılan raketlərlə guya “Artyom” raket istehsalı zavodunu vurduğunu bildirdi. Doğrudan da həmin zavodun ərazisinə raket düşübmü?

 

-Xeyr, əslində,  iyunun 26-da  bildiyiniz kimi, Kiyevə atılan raketlər yaşayış binalarına düşüb və dinc insanların həlak olması və yaralanmasına səbəb olub. İkincisi də, “Artyom” zavodu işləmir, sovet dövründən – 1980-ci illərdən bağlanıb. Rusiya siyasi və hərbi rəhbərliyi isə guya həmin “raket zavodu”nu vurmaqla fəxr edir… 

 

-Yeri gəlmişkən, 26 iyun, səhər saatlarında  Rusiyanın Kiyevə atdığı raketlərdən birinin Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşməsi və səfirlik binasının guya zədələnməsi, divarlarda çatlar əmələ gəlməsi haqda məlumatlar yayılıb.  Bəzi siyasi şərhçilər Xəzər dənizi vasitəsi ilə atıldığı deyilən bu raket zərbəsinin Azərbaycana da bir mesaj olduğunu bildirirlər. Siz bu məsələyə necə baxırsız?

 

-Mən Kiyevə endirilmiş sözügedən raket zərbəsini belə şərh etməyin əleyhinəyəm. Burada heç bir mesaj-filan yoxdur… Əvvəla, raket Azərbaycan səfirliyindən bir neçə yüz metr məsafəyə düşüb. Və bu, təsadüfdür. Sadəcə, rayon eyni rayondur.. Və onu da deyim ki, həmin ərazidə bir çox digər ölkələrin də səfirlikləri var.  Azərbaycan səfirliyi, ərazisinə  görə, demək olar ki, Ukraynada ən böyük səfirlikdir. 7-8 hektarlıq ağaclıq bir ərazidədir. İkincisi də, deyildiyi kimi, heç bir ciddi zədə-filan da dəyməyib səfirlik binasına… Məlumatlar şişirdilir… Üçüncüsü də, həmişə dediyimiz kimi, heç Rusiya hərbçiləri nəzərdə tutduqları hədəfləri vura bilirlər ki? Atdıqları mərmi və raketlərin 40 faizi tamamilə hədəfdən yayınır…

 

-“G-7” ölkələrinin son sammitinin qərarları Ukrayna dövləti və  konkret ölkənin Silahlı Qüvvələri üçün nə vəd edir? 

 

-“G-7” sammiti iyunun 26-da Ukraynaya müddətsiz maliyyə və hərbi yardımlar edilməsi haqda qərar verdi. Müddətsiz nə deməkdir? Yəni Ukrayna müharibəni udana qədər, öz ərazisini işğalçı düşməndən təmizləyənə qədər Ukrayna dövlətinə və Silahlı Qüvvələrinə yardımlar ediləcək… Ertəsi gün – iyunun 27-də də Böyük Britaniya baş naziri Boris Consonun təklifi ilə  məsələyə təkrar olaraq olaraq baxılıb, yeni təkliflər verilib. Bu mənada bizim gözləntilərimiz çox müsbətdir…

 

-Elxan bəy, siz necə hesab edirsiz, Ukraynanın bir sıra rəsmilərinin və ekspertlərinin dediyi kimi, genişmiqyaslı əks-hücum əməliyyatları avqust ayında baş tuta biləcəkmi?

 

-Bəli, mən buna əminəm. Artıq Qərbdən tədarük olunan silahların hesabına əks-zərbələr endirilir. Rusiyanın, demək olar ki, bütün ölkə boyu raketlərdən istifadə edərək əzələ nümayiş etdirməsi, hətta hərbi əməliyyatlara dəxli olmayan Çerkası Ternopol, Nikolayev şəhərlərini, eləcə də Kremençuqda dinc insanların alış-veriş etdiyi “Amstor” ticarət mərkəzini amansızlıqla atəşə tutması məhz Ukraynanın əks-zərbələri səbəbindən Rusiya komandanlığının əsəblərini nəzarətdə saxlaya bilməməsinin  göstəricisidir… 

Əvvəllər təbliğat üçün mən də daxil olmaqla, məcbur olmuşuq “Ukraynanın hər şeyi var” deməyə. Halbuki, müharibənin ilk vaxtlarında, hətta bəzi yerlərdə iki həftə bundan öncəyədək, elə olub ki, Ukrayna ordusunun bəzi birləşmələri yalnız yüngül atıcı silahlara möhtac qalıb. Yəni artilleriya qurğuları, topları da, mərmilər də çatışmayıb. İndi, Allaha şükür, vəziyyət xeyli qaydasına düşüb. Odur ki, hazırda mən də elə düşünürəm ki, təxminən avqustun ikinci dekadası üçün genişmiqyaslı əks-hücum əməliyyatları başlana bilər. Həmin vaxtadək silahların, texnikaların hərbi hissələrə  çatdırılması, onların öyrədilməsi üçün təxminən 50 gün lazım gələcək. Bu mənada da “appendiks” kimi Ukrayna ordusunun mühasirəyə düşməsinə şərait yarada biləcək yerləri də nəzərə almaq lazımdır. Məsələn, bayaq xatırlatdığım Severodonetski… Ruslar həmin şəhərin hələ mayın 22-də “azad edildiyi”ni desə də, bu şəhəri yalnız bir ay sonra – iyunun 25-də Ukrayna qüvvələri tamamilə tərk edib. Severodonetsk şəhərinin, demək olar ki, Mariupol kimi 90 faizi məhv edilib. Yəni bu şəhəri nəzarətdə saxlayıb mühasirəyə düşməkdənsə, NATO sistemində olduğu kimi, yerli, birbaşa səngərdə olan səhra komandirlərinin qərarları əsasında Ukrayna ordusu geri çəkildi. Burada söhbət ondan gedir ki, canlı qüvvə itkiləri mümkün qədər azaldılsın, həm də onlar gələcək daha vacib əməliyyatlar üçün qorunub saxlanılsın. Amma Rusiya ordu sistemində belə bir qayda  olmadığı üçün Kremldə qərarlar yalnız yuxarı komandanlıq tərəfindən verilir və nəticədə canlı qüvvə itkilərinə də heç bir əhəmiyyət verilmir…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button