“Putinin Belarusdan hücum hədəfi Ukrayna yox, başqa ölkədir?..”- ARAŞDIRMA

“Bu, Litvaya hücum etmək üçün uyğun anı gözləyən Putin və Lukaşenkonun qəsdən yaydığı dezinformasiya ola bilər…”

 

“NATO-nun qeyri-müəyyənliyi Rusiyanın gözlənilməz zərbəsini “buraxmaq” şansını xeyli artırır…”.

 

“Təhlükə real olsaydı, Qərb kəşfiyyatı artıq bu barədə məlumat verərdi…”

 

“Litva Avropanın şərq cinahının güclənməsi zamanı daha çox yardım almaq və NATO-nun daha vacib oyunçusu olmaq üçün diqqəti özünə cəlb etməyə çalışır…”

 

“Belarusda artan hərbi fəallıq Ukrayna hakimiyyətini təşvişə salır və sərhədçilərimizi müdafiəyə hazırlaşmağa vadar edir. Belarus Respublikasının özündə Ukraynanı işğal etməyi planlaşdırmadıqlarını iddia edirlər. Çox güman ki, belədir… Putin Lukaşenkonun əli ilə Ukraynaya təhlükə görüntüsü yarada və Qərbin diqqətini yayındıraraq başqa ölkəyə hücum etməyi planlaşdıra bilər”. 

 

Tanınmış Ukrayna jurnalisti  Boqdan Prixodko Rusiyanın hədəfi altında kimin ola biləcəyini və Belarusun haraya hücum hazırladığını anlamağa çalışıb.

Ukraynalı həmkarımızın geniş araşdırma yazısının tərcüməsini  dəyərli Moderator.az oxucularına təqdim edirik:

 

“Belarusun Ukraynaya işğala hazırlaşması faktı müharibənin dörd ayı ərzində rəsmilər, hərbçilər və media tərəfindən bildirilib. İyunun əvvəlində Rusiya Federasiyasının silahlı qüvvələrinin  Belarusda, Ukrayna ilə sərhəd boyu “İsgəndər-M” kompleksi, “Pantsir-S1”, “S-400” zenit-raket kompleksləri və operativ-taktiki aviasiya yerləşdirilməsindən sonra vəziyyət mümkün qədər gərginləşdi.  Respublikanın öz qoşunları da fəallaşdı. Ukrayna ilə sərhədə hərbi texnika kolonları gəlib və Belarus Müdafiə Nazirliyi 20 min əsgər üçün tanınma nişanlarının alınmasını təşkil edib…

 

Hərbi hazırlıq və yeni qoşun və ərazi müdafiə dəstələrinin formalaşdırılması Belarusun Ukrayna ilə müharibədə iştirak etməyə hazırlaşdığını göstərə bilər… 

 

İyunun 22-də Belarusun Ukrayna ilə həmsərhəd Qomel vilayətində hərbi komissarlıqlarla planlaşdırıldığı iddia edilən səfərbərlik təlimləri başlayıb. Xatırladaq ki, təlimlər çox vaxt məhz hərbi əməliyyatların başlamasından dərhal əvvəl olur. Rusiya da Ukraynaya hərbi “təlim”lərindən dərhal sonra hücum edib.

 

Bundan əlavə, iyunun 28-də Jlobin rayonunda ərazi qoşunlarına  “ərazi müdafiə obyektlərinin mühafizəsini və müdafiəsini təşkil etməyə, hərbi vəziyyət tədbirlərini həyata keçirməyə, həmçinin təxribat və kəşfiyyat qruplarına qarşı mübarizəyə” hərbi toplantılar başlayıb.

 

Belarus ordusunda əvvəllər ərazi qoşunları yox idi. Özünü prezident elan edən Aleksandr Lukaşenkonun sözlərinə görə, ərazi qoşunlarının yaradılması ideyası hələ müharibədən əvvəl NATO-nun Polşa, Litva və Latviyada təzyiqi nəticəsində yaranıb. Hərbi təlim kimi, yeni qoşun qrupunun formalaşdırılması da Belarusun Ukrayna ilə müharibədə iştirak etməyə hazırlaşdığını göstərə bilər…

 

Belarusun iki istiqamətdə hücuma keçməsi mümkündür…

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının  katibinin keçmiş müavini Sergey Krivonos “RBK-Ukrayna”ya müsahibəsində etimal edib ki, Lukaşenkonun qoşunları müstəqil şəkildə iki istiqamətdə hücuma keçə bilər.

“Birbaşa Volın və Roven istiqamətlərində onlar bunu öz əllərində olan qruplaşmalar və hissələr hesabına edə bilərlər”.

 

Aleksey Danilov: “Ruslar tez bir zamanda Belarusa əlavə ehtiyatlar ötürə və hücuma hazırlaya biləcəklər”. 

 

Ukrayna kəşfiyyatının məlumatına görə, Belarus sərhədyanı Brest və Qomel rayonlarında 7 batalyon saxlayır ki, bu da 3,5-4 min əsgər deməkdir.

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov hesab edir ki, Ukraynaya effektiv müdaxilə üçün bu qədər sayda hərbçi kifayət etmir. Eyni zamanda o qeyd edib ki, Belarus ordusu 60 minə yaxın hərbçidən ibarətdir və hakimiyyət ordunu daha 20 min nəfər artırmaq istəyir.

 

“Müdafiə Nazirliyi istisna etmir ki, ruslar da tez bir zamanda Belarusa əlavə ehtiyatlar ötürə və hücuma hazırlaya biləcəklər”, – deyə Danilov bildirib.

 

Bəs əgər hədəfdə Ukrayna deyilsə?..

 

Bəs Belarusdan Ukraynaya təhlükə süni şəkildə ilk növbədə Qərbin diqqətini yayındırmaq üçün yaradılırsa? Bütün dünya ictimaiyyəti Ukrayna sərhədində baş verənləri izlədiyi bir vaxtda düşmən fərqli istiqamətdə zərbə endirə bilər…

 

Nikolay Patruşev Litvanı cavab tədbirləri ilə hədələyib… 

 

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Patruşevin Litva xalqına qarşı son hədələrini və Litvanın Rusiya yüklərinin Kalininqrada tranzitini dayandırmasından sonra Kremlin digər yüksək rəsmilərinin sərt cavab tədbirləri ilə bağlı mübahisəli bəyanatlarını nəzərə alsaq, Vilnüs təhdid altındadır. Və Rusiya Federasiyası birdən-birə Kalininqrad vilayətində hərbi təlimlər keçirməyə başlayandan, Estoniyaya, qonşu Litvaya raket hücumlarını simulyasiya edəndən sonra Baltikyanı ölkənin havasından əsl müharibə iyi gəlməyə başladı…

 

Gitanas Nauseda: “Belarusdakı hərbi aktivlik Litvanı Rusiyanın sürətli hücumu qarşısında daha həssas edir…”

İyunun 24-də Litva prezidenti Gitanas Nauseda “Politico” nəşrinə müsahibəsində bildirib ki, Rusiyanın Belarus ərazisindən yaratdığı təhlükəyə qarşı çıxmaq üçün NATO Baltikyanı ölkələrdə daha “görünən” mövcudluq yaratmalıdır.

 

Onun sözlərinə görə, qonşu Belarusda hərbi fəaliyyət Litvanı Rusiyanın sürətli hücumu qarşısında daha həssas edir və regionda təhlükəsizlik mexanizmlərinin dəyişdirilməsini tələb edir.

 

“Yeni reallıq bizə reaksiya verməyə vaxt qoymur, çünki rus qoşunları asanlıqla sərhədimizə çox yaxın yerləşdirilə bilər və bu halda müdafiəni əlavə qüvvələrlə möhkəmləndirməyə vaxt olmayacaq”, – Litva prezidenti belə deyib.

 

Ukraynadan sonra rus hakerləri Litvaya hücum ediblər…

 

Gərginlik həmçinin iyunun 27-də Litvanın dövlət qurumlarına və şirkətlərinə edilən kütləvi kiber-hücumlarla daha da artıb.

 

Litva Milli Kiber-təhlükəsizlik Mərkəzinin direktoru vəzifəsini icra edən Yonas Skardinskas “Litva, ehtimal ki, Rusiyadan gələn intensiv kiber-hücuma məruz qalıb” -deyə bildirib.

 

Litva Müdafiə Nazirliyi qeyd edib ki, onlar ən güclü “DDoS” -hücumlarının öhdəsindən gələ bilib və təhlükəsiz Milli Məlumat Ötürmə Şəbəkəsinin xidmətləri bərpa edilib. Xatırladaq ki, Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində Ukraynanın dövlət və maliyyə qurumları da Rusiya Federasiyasından olan hakerlərin kütləvi hücumlarına məruz qalıb…

 

NATO müdafiəni tələsmədən gücləndirir…

 

Baltikyanı rəsmilər NATO-dan əlavə qoşun, silah və hava hücumundan müdafiə sistemi tələb ediblər. Artıq Litvada NATO-nun döyüş qrupuna rəhbərlik edən Almaniya ölkənin müdafiəsinə töhfəsini artıracağını bəyan etsə də, Litvaya əlavə qoşun göndərməyə tələsmir. Bölmələr Almaniyada yerləşəcək və işğal halında o ölkəyə yollanacaqlar…

 

Nausėdanın fikrincə, indi ümumilikdə Baltikyanı ölkələr və xüsusən də Litva üçün ən vacib şey müttəfiqlərdən “Baltikyanıda daha aydın öncül mövcudluqlarıyla” bağlı  aydın təminat almaqdır”.

 

“Biz bu qoşunların daimi əsasda olmasında çox maraqlıyıq”, – deyə Litva lideri vurğulayıb.

 

Ned Prays: “NATO-nun bir üzvünə hücum hamıya hücumdur…” 

 

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın hərbi təcavüzü halında Amerikanın Litvanı dəstəkləməyə hazır olduğunu bildirib və ABŞ-ın Şimali Atlantika Alyansının 5-ci maddəsinə sadiq qaldığını vurğulayıb. Həmin maddədə NATO üzvlərindən birinə hücumun alyansın bütün üzvlərinə hücum kimi anlaşıldığı qeyd olunur. Lakin elə indi, Litvada NATO kontingentinin kifayət qədər məhdud olduğu və alyans rəsmilərinin onu necə gücləndirəcəyi barədə düşündüyü və prinsipcə, Rusiyanın qəfil hücumuna inanmadığı bir vaxtda Moskva qəfil zərbə endirə bilər. Axı gözlənilməzlik hərbi taktikanın əsas elementlərindən biridir ki, bu da məhdud resurslar və ciddi cavab tədbirləri riskləri ilə uğur əldə etməyə imkan verir.

 

Litvaya mümkün hücum olacağını nələr göstərir?

 

Belaruslu hərbi ekspert Yeqor Lebedok qeyd edir ki, gözlənilmzliyə nail olmağın yolları arasında məhz Belarus sərhədində baş verənləri qeyd etmək olar:

 

-öz qoşunlarının hazırlığının artırılması və düşmənin hazırlığının azaldılması;

-niyyətlərini düşmən üçün mümkün qədər qeyri-müəyyən etmək.

Yeqor Lebedok: “NATO-nun qeyri-müəyyənliyi Rusiyanın gözlənilməz zərbəsini “buraxmaq” şansını xeyli artırır”.

 

“Belarusda tez bir zamanda zərbə qüvvəsi yaratmaq üçün Rusiyanın ən qısa müddətdə edə biləcəyi əlavə qoşunların göndərilməsi kifayətdir. Rusiyanın düşməni kimi NATO-nun hazırlığı informasiya əməliyyatları, ilk növbədə  Belarusun Ukraynaya ehtimal edilən müdaxiləsi haqqında dezinformasiya bununla əlaqədar sakitləşdirici tədbirlərlə sayəsində artıq azalıb”, – deyə Lebedok Telegram kanalında yazır.

 

Ekspert qeyd edir ki, düşmənin qeyri-müəyyənliyi gözlənilməz zərbəni “buraxmaq” şansını xeyli artırır. Diqqətin dağılmasından  ötrü əlavə faktor kimi bir sıra siyasətçilərin və politoloqların Lukaşenkonun Putinə kömək etmək və hərbi münaqişələrə qarışmaq istəməməsi ilə bağlı açıqlamaları ola bilər. Bununla belə, özünü Belarus prezidenti elan edən şəxsin Kremlin ağasından siyasi və iqtisadi asılılığını nəzərə alsaq, bu,  hücum etmək üçün uyğun anı gözləyən Putin və Lukaşenkonun qəsdən yaydığı dezinformasiya ola bilər.

İşğaldan sonra nə baş verəcək?..

 

Lebedokun qeyd etdiyi kimi, gözlənilməz zərbədən sonra NATO rus qoşunlarının və avropalı mülki əhalinin olduğu şəhərləri azad etməli olacaq. Bunu da mülki insanları öldürmədən etmək son dərəcə çətinlik yaradacaq…

 

“Mülki əhalinin öldürülməsi təhlükəsi hərbi əməliyyatlarda və danışıqlara sövq etməkdə ciddi maneə törədən amil olacaq ki, bu da sonda Krımın nümunəsində olduğu kimi, Baltikyanı mövzusunu da daha yaxşı vaxtlara qədər formallığa çevirə bilər”, – deyə  ekspert izah edib. .

 

Litvaya hücumun nəticələri Kreml üçün ölümcül ola bilər…

 

Bununla belə, hərbi ekspert Oleq Jdanov əmindir ki, Rusiya Litvaya hücum etsə, bunun nəticələri Kreml üçün ölümcül olacaq.

 

“NATO dərhal müharibəyə qoşulacaq. İlk olaraq almanlar döyüşə  girəcək, çünki Litvada AFR-nin tank taboru var. Və yaxın gələcəkdə o, briqada sayına qədər artırıla bilər”, – Jdanov belə deyib. .

 

Oleq Jdanov: “NATO təyyarələri Moskvaya qədər bütün Rusiyanı əhatə edəcək”.

 

Ekspert onu da qeyd edib ki, ABŞ əsgərlərindən ibarət bir tabor qonşu Estoniya ilə sərhəddə yerləşdirilib.

 

“Latviyada isə – NATO-nun aviasiya qanadı mövcuddur. Təyyarələr havaya qalxsa, Moskvaya qədər bütün Rusiyanı əhatə edəcəklər. Putin bunu başa düşür. O ki, intiharçı deyil. Ona görə də Litva ilə müharibəyə başlamayacaq”, – deyə Jdanov əmin edib.

 

Vadim Karasev: “Təhlükə real olsaydı, Qərb kəşfiyyatı artıq bu barədə məlumat verərdi…”

 

Politoloq Vadim Karasev də Rusiyanın Litvaya hücumunun çətin  ehtimal olunduğunu  hesab edir.

 

“Bu, NATO ilə birbaşa hərbi toqquşmadır və bu, dünya və nüvə müharibəsinə gətirib çıxara bilər, həm Rusiya, həm də Alyans bundan qaçmağa çalışır”, – ekspert  izah edib.

 

Politoloq qeyd edib ki, təhlükə real olsaydı, Qərb kəşfiyyatı artıq bu barədə məlumat verərdi.

 

“Xarici kəşfiyyat orqanları Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı xəbərdarlıq etmişdi. Və belə də oldu. Əgər Rusiya və Belarus Litvaya hücuma hazırlaşsaydı, Qərb artıq aktiv şəkildə müdafiəyə hazırlaşardı. Hələlik şərq cinahının gücləndirilməsi tələsmədən gedir” – Karasev belə deyib.

Ekspertin fikrincə, Belarusdakı nümayişkaranə hərbi aktivliyin arxasında Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin Donbassdakı bölmələrini gücləndirə bilməmək üçün bu istiqamətdə Ukrayna qoşunlarının bir hissəsini geri çəkmək istəyi dayanır.

 

“Kalininqrad tranzit qalmaqalı fonunda Litva Avropanın şərq cinahının güclənməsi zamanı daha çox yardım almaq və NATO-nun daha vacib oyunçusu olmaq üçün diqqəti özünə cəlb etməyə çalışır. Litvanın burada hesablaması geosiyasidir”, – deyə Karasev yekunlaşdırıb.

 

Tərcümə və təqdim etdi: 

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button