“Türkiyə NATO üçün baş ağrısı yox, vacib müttəfiqdir”

“Ərdoğan Türkiyənin NATO üzvlüyündən öz ölkəsinin milli maraqlarının təmin edilməsi üçün istifadə edir”

 

“Türkiyə alyansın cənub-şərq cinahında yerləşərək, Rusiya ilə Qərb arasında həlledici buferdir”

 

“Türkiyə NATO-nu özünün müdafiə və təhlükəsizlik siyasətinin təməl daşı hesab edir”

 

NATO bloku rəsmən Finlandiya və İsveçi alyansa daxil olmağa dəvət edib. Bu, Türkiyənin Şimali Avropanın iki ölkəsindən və ABŞ-dan bəzi güzəştlərə nail olduqdan sonra öz etirazını geri götürəndən sonra mümkün olub.

 

Prezident Rəcəb Tayyib Ərdoğanın razılığı müqabilində Co Bayden administrasiyası Türkiyəyə F-16 qırıcılarını satmağı vəd edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşrində dərc edilən analitik yazıda qeyd edilib.

 

Bu, Türkiyənin alyansda öz təsirindən istifadə edərək (həm də Nizamnaməyə görə, bütün ən mühüm qərarların yekdilliklə qəbul edilməsi faktı) öz maraqlarına nail olduğu ilk dəfə deyil.

 

2009-cu ildə Türkiyə danimarkalı Anders Foq Rasmussenin NATO-nun baş katibi postuna təyin edilməsinə etiraz edib, nəticədə o zamankı ABŞ prezidenti Barak Obama Rasmussenin müavinlərindən birinin türk olacağını vəd edib.

 

Türkiyə iddia edib ki, Rasmussenin Danimarka qəzetində Məhəmməd Peyğəmbərin təhqir edilməsinə münasibəti problematik olub.

 

Türkiyə ilə İsrail arasında münasibətlər pozulandan sonra Ərdoğan alyansın yəhudi dövləti ilə əməkdaşlığını altı il ərzində məhdudlaşdırıb.

 

O, həmçinin NATO-nun Şərqi Avropa ölkələrinin Rusiyaya qarşı möhkəmlənməsi üzrə planlarını bir neçə aya ləngidib, yenidən kürd yaraqlılarına istinad edərək alyansdan Suriyada fəaliyyətdə olanların terrorçu elan edilməsini tələb edib.

 

2020-ci ildə Ərdoğan qaz kəşfiyyatı üçün qırıcıların müşayiəti ilə yunan suları yaxınlığındakı zonaya gəmi göndərərək, Fransanı NATO üzvü olan Yunanıstana dəstək üçün gəmiləri göndərməyə vadar edib.

 

O, həmçinin Suriyada ABŞ-a İŞİD-lə mübarizədə kömək edən kürd qruplaşmalarına qarşı hərbi əməliyyatlara başlayıb.

 

Ərdoğan bir sıra məsələlərdə, o cümlədən Suriya və Liviya məsələlərində NATO ilə razılaşmır və qonşu münaqişə zonalarından qaçqınları Avropaya buraxmaqla təhdid edib.

 

Türkiyənin, demək olar ki, ən ziddiyyətli addımı 2019-cu ildə Rusiyadan C-400 raketəleyhinə sistemlərin tədarükü olub, bu sistemlər NATO təyyarələrini vurmaq üçün nəzərdə tutulub.

 

Mahiyyət etibarı ilə Moskva və NATO arasında münaqişəyə çevrilən Ukrayna müharibəsində Türkiyə özünü neytral tərəf kim göstərərək, düşmən tərəflər arasında vasitəçilik missiyasını təklif edir. Hətta NATO üzvü olaraq, Ankara özünün mühüm siyasi və iqtisadi tərəfdaşı olan Moskvanı təhrik etməməyə çalışır.

 

Lakin Qərblə Rusiya arasında belə həm coğrafi, həm də geosiyasi vəziyyəti Türkiyəni alyansın çəkili iştirakçısına çevirib.

 

Ərdoğan bunları yaxşı bilir və öz ölkəsinin alyansda yerindən öz milli maraqlarının təmin edilməsi üçün istifadə edir.

 

Şimali Avropanın iki ölkəsi ilə birgə memorandumun imzalanmasından öncə Ərdoğan bəyan edib ki, NATO Türkiyəni blokun iştirakçısı qismində itirilməsinə “yol verə bilməz”.

 

Türkiyə alyansın cənub-çərq cinahında yerləşərək, Rusiya ilə Qərb arasında həlledici buferdir. O, alyansda ABŞ-dan sonra sayına görə ikinci orduya malikdir, tarixən qeyri-sabit və ABŞ-ın da ciddi maraqları olan  bir sıra Yaxın Şərq dövlətləri ilə həmsərhəddir.

 

Ankara heç də həmişə problemsiz tərəfdaş olmayıb.

 

Türkiyə NATO-ya onun yaradılmasından üç il sonra, 1952-ci ildə daxil olub və alyansı öz müdafiə və təhlükəsizlik siyasətinin “təməl daşı” hesab edir.

 

“Soyuq müharibə” zamanı Türkiyə Qərbin təhlükəsizlik infrastrukturunda yaxşı uzlaşıb”, – bunu Pensilvaniyadakı Elizabettaun kollecinin politologiya üzrə professoru və “Türkiyə ilə Qərb arasında münasibətlər: alyansdaxili müxalifət siyasəti” kitabının müəllifi Oya Dursun-Özkança deyib.

 

Onun sözlərinə görə, bu ölkə yarım əsrdən çox müddətdə Qərbin “kifayət qədər etibarlı” müttəfiqi olub.

 

2003-2014-cü illərdə baş nazir, 2014-cü ildə prezident olan Ərdoğanın hakimiyyətə gələndən sonra bu vəziyyət dəyişməyə başlayıb. Zamanla Türkiyənin NATO üzrə müttəfiqləri  arasında ziddiyyətlər getdikcə artıb, çünki Ankara aktiv surətdə xarici siyasətində antiQərb mövqeyi tutub. Bu, xüsusilə 2016-cı ildə baş tutmayan çevrilişdən sonra güclənib, çünki Ərdoğan bu çevrilişdə qismən ABŞ-ı günahlandırıb.

 

“Türkiyə NATO-nu üzvüdür, lakin Ərdoğanın dönəmində bu ölkə bu böyük alyansın əsasını təşkil edən dəyərlərə əməl etmir”, – bunu bu yaxınlarda ABŞ-ın  Konnektikut ştatından olan müstəqil senator Cozef Liberman və Ərdoğanı tənqid edən Türkiyə demokratik qrupunun rəhbəri Mark Uolles yazıb.

 

“The Wall Street Journal” jurnalında dərc edilən essedə xəbərdarlıq edilib ki, Ankaranın siyasəti, o cümlədən Putinlə dostluq münasibətləri NATO-nun maraqlarını sarsıdıb və Türkiyənin alyansdan çıxarılmasının mümkünlüyü öyrənilməlidir.

 

Bu ideya yeni deyil. 

 

“Ərdoğan dönəmində Türkiyə müttəfiq kimi qəbul edilə bilməz və edilməməlidir”, – bunu Türkiyənin 2019-cu ildə Suriyaya müdaxiləsindən sonra ABŞ senatoru, beynəlxalq münasibətlər üzrə senat komitəsində baş demokrat Bob Menendes bəyan edib.

 

Eyni zamanda başqaları deyir ki, Türkiyənin alyansdan çıxarılması onu Rusiya ilə daha sıx birləşməsinə gətirə bilər və Qərb üçün yeni problemlər yarada bilər.

 

“Türkiyə özünün imicinə zərbə vurub”, – bunu sabiq türkiyəli diplomat, hazırda beynəlxalq sülh uğrunda Karnegi Fondunun baş elmi əməkdaşı Alper Köskün deyib. Lakin o, əlavə edib ki, “Türkiyə alyansın ən vacib üzvü olaraq qalmaqdadır”.

 

Analitiklər deyir ki, Türkiyə NATO üçün öz dəyərni bilməyinə rəğmən, bu üzvlükdə öz mənfəətini də görür. Ankara dəfələrlə təhlükəsizlik sahəsində strateji dəstək üçün NATO-ya müraciət edib, bunu sabiq türkiyəli diplomat və EDAM analitik mərkəzinin sabiq sədri Sinan Ülgən deyib. Onun sözlərinə görə, bu, “təhlükəsizlik və siyasət sahəsində qarçılıqlı faydalı mübasibətlərdir”.

“Nəticə etibariləTürkiyə ilə NATO-nun bir-birinə ehtiyacı var”, – o, belə deyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button