“Mənim əhdim var idi ki, Şuşaya gedəndə oranı öpəcəm, bunu şəkil çəkmədən etdim”

“İşğaldan sonra Şuşada ilk dəfə idi ki, teatr ən-ənəsi var idi. Şuşa teatr ən-ənəsi olan şəhərdir, amma bildiyimiz səbəblərə görə uzun müddət, 30 il orada teatr sənəti olmayıb, görünməyib. Bu bir teatr bayramı idi. Elə açıq havada, tut meydanında yerlər milli abu-havada döşənmişdi, açıq məkan teatrı idi. Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Loğman Kərimovun quruluşunda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” tamaşası nümayiş olundu. Mən Ağdamda, işğaldan azad olunmuş digər ərazilərdə olmuşdum, amma Şuşada yox. Bəxtim, taleyim elə gətirdi ki, ilk dəfə idi Şuşada olurdum. Bu dəfə çox səmimi bir heyətlə, əsasən mədəniyyət və teatr insanları camiyəsinin adamları-teatrşünaslar, rejissorlar, aktyorlar, yazarlar, dramaturqlarla birlikdə getdik”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Mehriban Ələkbərzadə deyib. O daha sonra əlavə edib.

“Şuşa mədəniyyət beşiyimizdir, amma bunlardan da başqa Şuşa mənim üçün tamam ayrı bir yer idi. Yolla gedə-gedə o qayalara dırmanmış övladlarımızın, Şuşanı bizə qaytaran oğulların harada, hansı qəhrəmanlığı ediblər, hansı mümkünsüzü mümkün ediblər dediyim mənzərəni görə-görə hər dəfə heyrətə gəlirdim ki, bu insan gücündə olan bir şey deyil. O qayalığı, Şuşanın yerləşdiyi coğrafi ərazini yaxından, gözünlə görəndə mahiyyəti bir daha anlayırsan. Şuşa elə bir yerdə yerləşir ki, ora istəsən də “əlini uzat, çatacaq” deyilən bir anlam yoxdur, “gedəcəksən, çatacaqsan” anlamı yoxdur. Yol yoxdursa, ora getmək yoxdur, bu mümkünsüz bir şeydir. Qədimdə bilirsiniz də, istər Sasanilər dövründə, istər Səfəvilərin vaxtında düşmən gəlib-gedəndə torpaqları yandırırdı ki, ora yararlı olmasın və özləri bu cür əlçatmaz yerlərə qalxırdılar, sirli yolları bilirdilər. İndi Şuşa kimi bir torpağın əlçatan yeri də yoxdur. Bizim hamımızın balaları nələrdən keçiblər, o yerlərə necə çıxıblar. Bax bütün bunlar mənə o qədər təsir etdi ki. Mən ömrümdə telefonumda video çəkən adam deyiləm, sevmirəm belə şeyləri. Amma inanın ki, mən özümü saxlaya bilmirdim, hər anı video çəkib, əbədiləşdirirdim. Şuşa o qədər əsrarəngiz, o qədər qürurverici idi ki. Şuşanı qəmbərli küçələrlə gəzirdik, sevindirici hal budur ki, o küçələri həmin o qəmbərlər estetikasında bərpa edirlər. Həyətlərin qapısında yazılmışdı ki, “yoxlanılıb, mina yoxdur!”. Bu söz mənə o qədər təsir edirdi, yandırdı ki.

Boylananda görürdün ki, sahibsiz həyətlərdir, ot, ağac hamısı qarışıb bir-birinə. Məndə qəribə bir təəssürat var idi, sanki bu həyətlərin hər biri ruhlarla dolu idi. Mən hiss edirdim ki, orada ruhlar var. Tək vaxtilə orada yaşamışların deyil, bütün əcdadlarımızın ruhu orada idi. Elə hiss edirdim, məni sevinc, qəhər boğurdu, çox duyğusal hisslər yaşayırdım. Çox təəssüf ki, 1-2 gün orada qalmaq imkanı yox idi. Ən azı o həyətlərə daxil olub asta-asta gəzmək, bəlkə hiss etmək istəyirdim. Silahlı düşmənə silahsız olaraq qalib gələn oğullarımızın ruhuna ürəyimdə dua oxuyurdum. Məni bu boyda sevgi qəhərinə boğan, məni milli kimliyimdə bir daha boy verməyə vadar edən, sahiblik hissimi qaytarmağı məcbur edən bu əməllərin sahiblərinə dua etdim, şəhid olanlara rəhmət oxudum. Şuşa məni çox qürurlu etdi. Mən çoxdandır belə qürur hissini yaşamırdım. Çox kövrəlirdim, özümdən asılı deyil, özümü saxlaya bilmirdim, gözlərim yaşarırdı, danışırdım səsim titrəyirdi. Biz teatr təntənəsinə yığışmışdıq, amma Aydın Talıbzadə çıxdı tamaşadan öncə iki kəlmə söz deməyə, titrəyə-titrəyə qalmışdı.

Mənim əhdim, istəyim var idi ki, Şuşaya gedəndə ilk bayrağın sancıldığı yerin altında kölgəni öpəcəm. Bunu şəkil çəkmədən, heç kimə göstərmədən etdim. Xurşudbanu Natəvanın ayağının altından daşı öpdüm, torpağı da götürdüm. İndi bir dibçəyim olacaq, daim o torpaqda bitkilər yetişdirəcəm. Şuşa bizim 30 il yox, bəlkə də 3 əsr sahiblik hissimizdə dimdik dayanmağımıza kömək edəcək” deyə tanınmış rejissor bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button