Ermənilər nazirimizi Xankəndində- Moskva nümayəndəsinin yanında necə qarşıladı?..

“Artıq bir gün eşidəcəyik ki, dövlət başçısı Xankəndində bayrağımızı ucaltdı, ardınca, nazirlər, digər məmurlar, eləcə də deputatlar dövlət quruculuğu, tikinti-bərpa, abadlıq işləri ilə bağlı Qarabağın bu və adı çəkilən digər şəhər və kəndlərinə səfərlər etməyə başladı…”

 

“Əllərində armatur parçaları tutmuş 5 minə yaxın erməni: “Orucov, von iz Karabaxa!”(“Orucov, Qarabağdan rədd ol”) deyib qışqırırdı…”

 

“Bu mənada nazir, məmur və deputatlarımızı hələ çox sınaqlar gözləyir…”

 

Qarabağdakı son 44 günlük müzəffər savaşımızdan sonra Azərbaycanı, Türk-İslam dünyasını sevən hər kəs səbirsizliklə dövlətimizin, ordumuzun sorağının Xocalıdan, Xankəndindən, Əsgərandan, Ağdərədən, Xocavənddən  və s. yaşayış məntəqələrindən gələcəyi günü gözləyir.  Bəli, artıq bir gün eşidəcəyik ki, dövlət başçısı Xankəndində bayrağımızı ucaltdı, ardınca, nazirlər, digər məmurlar, eləcə də deputatlar dövlət quruculuğu, tikinti-bərpa, abadlıq işləri ilə bağlı Qarabağın bu və adı çəkilən digər şəhər və kəndlərinə səfərlər etməyə başladı. Təbii ki, ermənilərin həmin məntəqələrimizdən çıxmayacağı halda, onların Azərbaycan vətəndaşlığını könüllü şəkildə qəbul edərək Konstitusiya və qanunlarımız çərçivəsində yaşamağa razılıq vermələri də müəyyən bir dövr tələb edəcək. Bu mənada nazir, məmur və deputatlarımızı hələ çox sınaqlar gözləyir. Belə bir durumda haylarla, xüsusən onların separatçılığa, terrorçuluğa meyilli kəsimi ilə ünsiyyət qurmağa risk edən və bunu bacara bilən, ən yaxşısı, bu sahədə təcrübəsi olan dövlət, hökumət adamlarına ehtiyac duyulacaq. Deyilənləri nəzərə alaraq hesab edirik ki, sonu xarici, geo-siyasi şərtlərin yetişməməsi, həmçinin müəyyən daxili xəyanət, səhv, günah və cinayətlər ucbatından uğursuzluqla nəticələnməyinə rəğmən 1988-1992-ci illərdə  Qarabağda işğala müqavumətlə yanaşı, rəsmi Bakının yurisdiksiyasının bərqərar olması uğrunda mümkün qədər mübarizə aparmış dövlət adamlarının təcrübəsindən də yararlanmaq gərəkdir.  

Bu baxımdan dəyərli Moderator.az oxucularının diqqətinə  SSRİ tərkibindəki Azərbaycan hökumətinin son və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra ilk Ədliyyə naziri olmuş, bununla yanaşı bir müddət Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini daşımış Əlisaab Orucovun 2011-ci ildə çap olunmuş “Mübarizəmiz Qarabağdadır”adlı kitabından ən maraqlı epizodları müəllifin özünün gündəmə uyğun yeni şərh, açıqlamaları, meydana çıxan suallara cavalarının müşayəti ilə təqdim etməyi qərara aldıq. 

 

İlk olaraq hörmətli oxucuları sabiq Ədliyyə naziri Əlisaab Orucovun 1989-cu ilin mayında Xankəndində separatçı ermənilərin kəskin qarşıdurmasına məruz qalmasını təsvir edən  bir epizodla tanış edirik.

 

Öncə həmin dövrdə Qarabağdakı durumu, qismən də olsa, anlamaq üçün müəllifin özünün bəhs edilən kitabında təqdim etdiyi bir neçə cümləni nəzərinizə çatdırırıq:  

 

“1989-cu ilin yanvarında Moskva tərəfindən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində(DQMV) Xüsusi İdarəetmə Komitəsi yaradıldı  və onun sədri Arkadi Volski təyin olundu. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanıyla DQMV hüquqi cəhətdən Azərbaycanın tərkibindən çıxarılıb  birbaşa SSRİ-nin tabeliyinə verildi. Sonra Sovet İttifaqının lideri M.Qorbaçov vilayətin tədricən Ermənistanın idarəçiliyinə verilməsinə imkan yaratdı. Onu da deyim ki, Moskva bu fərmanından bir müddət əvvəl, yəni 1988-ci ilin yazından A.Volskini  Dağlıq Qarabağı idarə etməyə göndərmişdi. O, Yuxarı Qarabağdakı vəziyyəti ətraflı öyrənərək SSRİ Ali Sovetinin bir fərmanı üçün zəmin hazırlamışdı. Bununla da  Azərbaycan SSR DQMV üzərindəki suveren hüquqlarından tamamilə məhrum edildi…” 

 

Nəhayət, sabiq nazirin bəhs edilən kitabından “Qarabağ” futbol komandasının Ermənistan birinciliyində iştirakı” yarımbaşlıqlı epizodun əsas hissəsini təqdim edirik: 

 

“Respublika İdman Komtəsinə xəbər çatdırdım ki, vilayətin “Qarabağ” futbol komandası Ermənistan birinciliyində çıxış edir. Həmin dövrdə Respublika İdman Komitəsinin sədri Yura Məmmədov idi. 1989-cu il mayın 6-da o, Ağdama gəldi. Biz ləngimədən həmin gün Xankəndinə getdik… Hadisəni Yura Məmmədov belə xatırlayır: 

 

“Bu məsələni aydınlaşdırıb tədbir görmək üçün həmin dövrdə Respublika Ədliyyə naziri kimi çalışan Əlisaab Orucovla birlikdə Xankəndinə getdik. Keçmiş Dağlıq Qarabağ Vilayət Komitəsinin qabağında sakitlik idi. Həmin vaxt Qarabağdakı Xüsusi İdarə Komitəsinin sədri olan A.Volskinin qarşısında bir çox məsələləri  qaldırdıq.  O da bizə dedi ki, gedin müavinim Plisovun yanına, məsələləri o, həll edir. Mən,  Əlisaab Orucov və o vaxtkı Respublika Nazirlər Sovetinin sədr müavini Protokovets Volskinin müavini – o vaxtkı SSRİ rabitə nazirinin müavini Plisovun yanına getdik. O, A.Volskinin oturduğu Vilayət Partiya Komitəsi ilə yanaşı olan Vilayət İcraiyyə Komitəsinin binasında əyləşirdi. Şuşa rayon partiya komitəsinin birinci katibi Vaqif Cəfərov da orada idi. Heç beş dəqiqə keçməmiş bayırdan səslər eşidildi və qapı açıldı. Guya gözətçi rus əsgərləri heç kimi içəri buraxmaq istəmirdilər. Bir azdan bar-bar bağıran qadın və kişi dəstəsi kabinetə daxil oldu. Onların əllərində qəzet və polietilen torbalar var idi. Bu zaman mən Əlisaab Orucovdan soruşdum ki, bu nədir? O da mənə dedi ki, ehtiyatlı ol, özünü içərisində dəmir parçaları olan torbalar və bükülü qəzetlərdən qoru. Plisov isə özünü itirmişdi. Dərhal hara isə zəng vurdu və əlavə hərbi qüvvə göndərilməsini xahiş etdi. Lakin heç kim gəlmədi. Erməni qadınları da ara vermədən: “Biz Bakını Beyruta çevirəcəyik!”, “Orucov Qarabağdan rədd olsun!”- deyə bağırırdılar. Plisov üzünü Orucova tutdu ki, yaxşısı budur, kabinetdən çıxın, bu iş pis sonluqla nəticələnə bilər. Lakin Əlisaab  müəllim inadından dönmədi ki, mənsiz məsələləri həll edə bilməyəcəksiniz. Protokovets də vəziyyətin gərginləşdiyini görüb Əlisaab müəllimlə otağı tərk etməyi məndən xahiş etdi. Dəhliz adamla dolu idi. Ermənilərin səs-küyündən aləm qarışmışdı. Ağzından süd iyi gələn bir erməni Ə.Orucovun qabağını kəsdi ki, səni bu meydanda tikə-tikə doğrayacağıq. Əlisaab müəllim: “Qorxaq erməni millətindən elə kişi çıxmayıb ki, adam doğrasın!”- deyə kütləni yararaq dəhlizdən aşağı endi. Vilayət İcraiyyə Komitəsinin qarşısındakı meydana toplaşanlar – əllərində armatur parçaları tutmuş 5 minə yaxın erməni: “ Orucov, von iz Karabaxa!”(“Orucov, Qarabağdan rədd ol”) deyib qışqırırdılar. Hətta bu hadisəni o vaxtlar Moskvadan “Vremya” proqramı da geniş şəkildə göstərmişdi. 50-100 metr qalırdı ki, Vilayət Partiya Komitəsinin binasına çataq, ermənilər üstümüzə cumdular. Əlisaab müəllim əlimi sıxıb dedi: “Qamətini dik tut. Ola bilsin ki, binaların damlarında qurulmuş kameralarla bizi çəkirlər”. SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin hərbçiləri ora gəlsələr də, əhəmiyyətli bir iş görə bilmədilər. Artıq A.Volski və digər generallar, hərbçilər də oturduqları kabinetdən Vilayət Partiya komitəsinin qarşısına enmişdilər. Mən A.Volskiyə yaxınlaşıb soruşdum: “Bu 5 min nəfər erməni haradan bilir ki, Ə.Orucov buradadır?”

O, mənə hiyləgərcəsinə: “Bunu məndən niyə soruşursunuz? Budur, mənim də köynəyimin düyməsini qırıblar. Azərbaycanlıları müdafiə etdiyim üçün məndən də Moskvaya şikayət yazırlar”- deyə Volski özündən çıxdı. Ə.Orucov  üzünü ona tutub: “Bəsdirin, hamısı öz quramanızdır”- dedi. A.Volski kinayə ilə: “ De, çıx görüm, bunların caynağından, necə çıxacaqsan?!..- deyib dişlərini ağartdı. Bu zaman Vaqif Cəfərov və Protokovets də Plisovun yanından çıxıb bizim yanımıza gəldilər. Onlara dəyib-dolaşan  yox idi. Məlum oldu ki, bizsiz onlar heç bir məsələni həll edə bilməyiblər. Ə.Orucovla mən V.Cəfərovun sürücüsü Nəbinin idarə etdiyi maşına oturaraq kütlənin ortasıyla maşını sürdürdük. Biz oturan maşını ermənilər daş-kəsək və armatur atəşinə tutdular. Kinolarda, tamaşalarda, hətta Afrikada olanda çox vəhşilik görmüşdüm, amma ömrümdə beləsini görməmişdim. Onda hiss elədim ki, Ə.Orucov Qarabağda olduğu illərdə nələr çəkib…” 

 

Bu maraqlı epizodla bağlı “Mübarizəmiz Qarabağdadır” kitabının müəllifi, sabiq Ədliyyə naziri Əlisaab Orucova bir neçə sual ünvanladıq:

 

– Əlisaab müəllim, Xankəndində təsvir etdiyiniz hadisə yerində erməni məmurlardan, partiya funksionerlərindən kimsə var idimi?

 

-Xeyr. Həmin dövrdə keçmiş DQMV birbaşa Moskva tərəfindən idarə olunduğu üçün ermənilər də faktiki olaraq icra etdikləri vəzifələrdən kənarlaşdırılmışdı. Yadımdadır ki, o vaxt Vilayət İcraiyyə Komitəsinin sədri Babayan, şəhər İK-nin sədri isə  Qriqoryan soyadlı bir erməni idi. Amma onları mən istər Volskinin, istərsə də Plisovun əyləşdiyi binada görmədim. Lakin ola bilsin ki, bu erməni məmurlar meydandakı ermənilər arasında olublar və hətta Volskinin göstərişi ilə ermənilərin toplanıb hökumət binalarının qarşısına gətirilməsini təşkil ediblər…

 

-İnsident barədə Bakıdakı rəhbərliyə yazılı  rəsmi məlumat verdinizmi? Reaksiya necə oldu? 

 

-Bilirsiz, əvvəla, dəqiq yadımda deyil.  İkincisi də belə hadisələr o qədər olurdu ki, onlar haqqında hər dəfə heç şifahi də məlumat vermək istəmirdik ki, Bakıdakı Moskvanın hər göstərişini icra etməyə məcbur olan rəhbərlik bizə, ümumiyyətlə, Qarabağa getməyi qadağan etməsin. Və belə qadağalar doğrudan da olurdu. Məsələn, 1990-cı ildən Qarabağdakı Respublika Təşkilat Komitəsinin rəhbəri olmuş  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Polyaniçko  mənim Xankəndinə və ermənilər yaşayan digər ərazilərə daxil olmağıma qeyri-rəsmi qadağa qoymuşdu. Buna rəğmən mən dəfələrlə müxtəlif yollarla  Şuşa, Laçın, Qubadlı və  s. ilə yanaşı Xankəndinə, Hadruta və s. də gedir, oradakı hadisə və prosesləri mümkün qədər Azərbaycanın xeyrinə yönəltməyə çalışırdım…

 

Təqdim etdi və qələmə aldı: Sultan Laçın 

 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button