“Vətənim uğrunda döyüşdə aldığım yaralar mənim üçün medaldır…”

“Artıq 3-cü dəfədir ki, Şuşaya gedirəm. Bu dəfə 30 ildən sonra Şuşada tamaşa nümayiş olundu, mən də orada çıxış edirdim. Qolum qırılmışdı, amma Şuşaya getməyə bilməzdim. Mənim üçün çox həyəcanlı, sevincli və kədərli bir gün idi. Bir gözümüz gülürdü, bir gözümüz ağlayırdı. Təbiətin qoynunda, təbiətlə, torpaqla vəhdətdə “Lənkəran xanının vəziri” tamaşasını oynadım. Şuşa teatrında o illərdə çıxış etdiyim günlər, aylar gözümün önündə bird aha canlandı. Bu sevinci bizə yaşadan dövlətimizə, şəhidlərimizə, qazilərimizə sonsuza qədərə minnətdarıq. Orda o qədər həyəcanlanmışdım ki, heç bilmirdim tamaşanı oynaya bilərəm ya yox”.

 

Bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası, xalq artisti Şükufə Musayeva deyib. O daha sonra əlavə edib.

“Hər zaman deyirdim ki, o torpaqlar, o yurd bizimdir. Biz nə vaxtsa qayıdıb yenidən Şuşada tamaşa oynayacağıq. Bu hiss hər zaman, hər saniyə məndə olub. Məni Şuşa qədər kövrəldən ikinci söz, ikinci nəsə yoxdur. O vaxt müharibə başlayanda bütün arzularımızın üstündən qara xətt çəkildi, mən kənardan dayanıb baxa bilməzdim, mütləq getməli idim. Döyüşə gedib, ağır yaralandım. Vətənim uğrunda döyüşdə aldığım yaralar mənim üçün medaldır. Bəzən mənə deyirlər ki, çox ağır xasiyyətlisən. Döyüşçü, vətənpərvər qadın olduğum üçün çox ciddi görünə bilərəm. Azərbaycan qadını qəhrəmandır, lazım gələndə əri ilə birlikdə döyüşə yollanıb, lazım gələndə zərif olub. Bəzən efirlərdə qadınlara yaraşmayan hərəkətlərin şahidi oluram. Azərbaycan qadını oturuşunu, duruşunu, özünü aparma qabiliyyətini bilməlidir. Harada olur olsun, bilməlidir ki, kiminlə necə davranmaq lazımdır. Bəzən mənə deyirlər ki, size efirlərdə çox az görürük. Sözün düzü dəvətlər çox olur, özümə, ruhuma yaxın bildiyim verilişlərə gedirəm. Bəzən isə iş, tamaşa olur deyə gedə bilmirəm” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button