“Kaş bircə dəfə onu görəydim, heç nə deməzdim, sadəcə qucaqlayardım”

“Şəhid olmazdan 3 gün öncə danışdıq, ad gününü təbrik etdik, dedi ki…”

 

“Fərid 2000-ci ildə Kürdəmir rayonunun Şıxımlı kəndində anadan olub. Uşaq kimi uşaq, böyük kimi böyük idi. Hər şeyin yerini bilən bala idi. Məktəbdə çox yaxşı oxuyurdu, amma başqa sahələrlə maraqlanmırdı, ancaq hərbçi olmaq istəyirdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil ola bilmədi, arzusu ürəyində qaldı. Vaxt yetişdi, vədə gəldi hərbi xidmətə yollandı. Biz onun yanına gedəndə deyirdi ki, “ana, mən hərbidə olub, qalıb burada işləyəcəm”. Bu ən böyük arzusu idi. 2020-ci ilin iyul ayında hərbi xidməti bitirsə də pandemiya ilə əlaqədar evə gələ bilmədi. Hərbidə qalıb, müddətdən artıq hərbi qulluqçu oldu. Amma avqust ayında 5 günlük məzuniyyət götürüb evə gəldi, biz sonuncu dəfə Fəridi onda gördük”

 

Bunu Moderator.az-a açıqlamasında şəhid Fərid Məmmədovun anası Kifayət Məmmədova bildirib. O, daha sonra əlavə edib.

“Müharibə başlamazdan öncə zəng edib dedi ki, “heç bir narahatlıq yoxdur, rahat olun”. Hətta zarafatca deyirdim ki, “Fərid, mən də gəlim yanına?” Deyirdi ki, “yox, bura çox çətindir, gəlmə”. Fərid Talış, Suqovuşan, Fizuli və Ağdərə istiqamətində döyüşlərdə iştirak edib. Evə sonuncu dəfə  oktyabr ayında zəng etdi. Bu dəfə də dedi ki, hər şey yaxşıdır, heç vaxt şikayətlənmirdi. Oktyabr ayının 12-də 20 yaşı tamam oldu, 3 gün sonra Suqovuşanda şəhid oldu. 12 oktyabrda ona zəng etdik ki, doğum gününü təbrik edək, dedi ki, “heç bilmirəm bu gün ad günümdür. Daha sonra bizə zəng edib halallıq aldı, dönə-dönə tapşırdı ki, özünüzə yaxşı baxın” deyə şəhid anası bildirib.

 

Kifayət xanım deyir ki, Fəridin şəhid olma xəbərini işə gedəndə öyrənib.

“Biz onun şəhid olmasını bilmirdik. Oktyabr ayının 16-da həyat yoldaşımla işə gedirdik. Gördük ki, qabağımızdan bir təcili tibbi yardım maşını keçdi. Həyat yoldaşıma dedim ki, “elə bil şəhid gətirməyə gedir”. Fəridimi gətirməyə gedirdilər, heç bizim xəbərimiz yox idi. O günü mənə maşın tutub, işdən evə göndərdilər. Onda bildim ki, oğlum şəhid olub. Bütün millət həyətimizdə idi, amma hələ Fəridimi gətirməmişdilər. Fərid mənim sirrim, sirdaşım, dostum idi. Ona “qaragözlüm”, “ömrüm” deyirdim. Çox zəhmətkeş övlad idi. Hətta mənə bir dəfə dedilər ki, “Fərid bazarda araba sürür”. Ondan soruşanda dedi ki, “ay ana, oğurluq ki, etmirəm, sənin başını uca edəcəm”. Mən də onun başını uca edəcəm, kaş bircə dəfə onu görsəydim, heç nə deməzdim, sadəcə qucaqlayardım” deyə şəhidin anası bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button