“Mən sizə telefonumun mesaj və zəng bölməsini göstərsəm, təəccüb qalarsınız…”

“Bu gün Akademik Musiqili Teatrın 112-ci mövsümünün bağlanışı oldu. Mən məlum səbəblərdən artıq 4-cü ildir ki, səhnəyə çıxmıram, daha doğrusu çıxa bilmirəm. Şükür Allaha, artıq indi toparlanıram. Mənimlə birlikdə bu neçə ildə əziyyətimi çəkən həkimlərimə, həyat yoldaşıma, ailəmə, dostlarıma, çox minnətdaram. Ən əsası da teatrda uşaqdan böyüyə hamıya. Uşaq deyəndə mən universiteti yeni bitirib gələn tələbələri nəzərdə tuturam. Mən sizə telefonumun mesaj və zəng bölməsini göstərsəm təəccüb qalarsınız. Nə qədər mesajlar, xoş gün arzulamalar, müqəddəs cümə günündə xüsusi mesajlar, mənim üçün nə qədər darıxdıqlarını bildirməklər, “birlikdə bir neçə tamaşaya oynayacağıq” yazıb məni ruhlandırmaqları məni çox sevindirirdi. Çox sağ olsunlar!”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Musiqili Teatrın aparıcı aktrisası, sevilən sənətkar Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib.

“Bu gün mənim ürəyim dağa döndü, təsəvvür edin kollektivim üçün necə darıxmışdım! Çox böyük sevinc içərisində idim. Səhnəyə çıxaraq 4 nominassiyanı da mən təqdim etdim. Eyni zamanda çox böyük qürur hissi ilə deyə bilərəm ki, artıq texniki heyətdən tutmuş yaradıcı heyətə qədər hamı işləmək istəyir, hamı teatrdadır, heç kəs teatrdan sui-istifadə etmir, özlərini teatrdan ayrı görmürlər. Teatrın direktoru, əməkdar incəsənət xadimi, Əliqismət Lalayev onlara böyük qayğı, diqqət göstərir. Hər bir sosial problemindən tutmuş yaradıcılıq probleminə qədər onlara çox böyük kömək edir. Yeri gəlmişkən bu gün canım dostum Əliqismət Lalayevin də ad günüdür. Mən ona can sağlığı arzu edirəm, kollektivin üstündən əskik olmasın, mənim də elə səhnəyə çıxmağımın ən böyük səbəbkarı odur. Çünki o məni ruhdan düşməyə qoymadı, heç vaxt xəstəliyə aludə olmağıma imkan vermədi, bütün bunlara görə ona, kollektivimə və hamıya can sağlığı arzulayıram, sevgilərimi bildirirəm. Mən deyən olmasın, Allah deyən olsun, sentyabr ayından iki böyük əsərin məşqinə başlayırıq. Bu mənim yarımçıq qalmış işimdir. Elə bil ki, bizim bu 44 günlük müharibəmiz bu əsərdə cəmlənmişdir. 44 günlük müharibədə qalib olanların kökü hardan gəlir?! Yəni bu əsərdə belə bir sual var. Həm də ulu öndər, dahi şəxsiyyət, həddindən ziyadə əsrlərin ağıllısı, dünya görüşlü Heydər Əliyevin 100, Azərbaycan Cumhuriyyətinin 105, Azərbaycan Teatrının yaranmasının 150 illiyi münasibəti ilə bu əsəri biz hazırlayacağıq. İkinci əsər isə mənim çoxdan arzusunda olduğum bir əsərdir. Təbii ki, digər əsərlər də var, amma mən bunu sirr saxlamaq istəyirəm. Məni sevənləri, qədir bilən tamaşaçılarımı öpürəm, onların hamısını teatrda gözləyirəm” deyə böyük sənətkar bildirib.

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button