“Rusiya Litva iqtisadiyyatının yarısını “neytron silahla” məhv edə bilər…”

“Qadağalar ərzaq məhsullarına şamil edilməyib, amma sementsiz məktəb və ya xəstəxana tikmək mümkün deyil…”

 

Rusiya Litva iqtisadiyyatını “neytron silahla” çökdürməklə təhdid edib

 

Litvanın Avropa İttifaqının sanksiyalarına əməl edəcəyi və ölkə ərazisindən Kalininqrad vilayətinə bir sıra malların tranzitinə qadağa qoyacağı təqdirdə Kreml Litvanın nəqliyyat kompleksinə xeyli ziyan vura və hətta onu məhv edə bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov Rusiyanın “Vedomosti” qəzetinə verdiyi müsahibəsində bəyan edib.

 

O, rəsmi Moskvanın cavabını güclü silahla müqayisə edilə biləcək ciddi iqtisadi tədbir adlandırıb.

 

“Zənnimcə, Rusiyanın Baltikyanıya iqtisadi cavabı neytron silahla müqayisə edilə biləcək daha effektiv və son dərəcə dağıdıcı tədbirdir. Rusiya elə edə bilər ki, Litva iqtisadiyyatının yarısı olmaya bilər. Amma belə təəssürat yaranır ki, Litva Kalininqrad vilayətinin Rusiyanın bir hissəsi olduğunu, bizim bu problemi həll etməyə imkanımızın olduğunu və bu məsələdə tək olmadığımızı, sadəcə, anlamır”, – Əlixanov deyib.

 

Vilayət rəhbəri Moskvaya mümkün cavab tədbirlərinin siyahısını təqdim edib, bununla yanaşı, bəzi malların Avropa İttifaqının quru yol dəhlizi ilə tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına ümid edib.

 

Əlixanov Avropa İttifaqının Kalininqrada tətbiq etdiyi sanksiyaları blokada adlandırır, çünki tikinti materiallarının gətirilməsinə qoyulan qadağa ucbatından dəniz xərcləri çox bahalaşıb. 

 

Məhdudiyyətlər ərzaq məhsullarını əhatə etmir, amma sementsiz məktəb və ya xəstəxana tikmək mümkün deyil.

 

Onun sözlərinə görə, Qərbin “dost olmayan” addımları Kalininqrad vilayətinin bir milyondan artıq sakininin normal yaşamasına təsir edib. Lakin qubernator əmin edib ki, hakim dairələr Kalininqrad vilayətinin yaşamaq üçün vasitələrsiz qalmaması məqsədilə bütün tədbirləri görür.

 

“Biz sanksiyalar səbəbindən işsizliyin artmasını görmürük. Ola bilsin ki, nəticələr hələ özünü büruzə verməyib. İstənilın halda biz hazırda bizim sənaye parklarımızda yeni zavodların istismara verilməsi üzərində işləyirik. Çernyaxovskda “Rosatom” Günəş batareyalarının istehsalı üzrə böyük zavod tikir və gələn il istifadəyə veriləcək. Bu, bir neçə min iş yeri deməkdir. Bu, mümkün işsizliyi aradan qaldırmalıdır”, – vilayət rəhbəri qeyd edib.

 

Əlixanov Kalininqradın blokadasının Odessa limanlarının blokadasına qarşı cavab tədbirləri olduğunu inkar edir.

 

“Mən hər şeyin insanın axmaqlığı və ya Brüsselin hər hansı bürokratının uzaqgörən olmaması ilə izah edilən yerdə konspirologiyaya inanmıram. Məsələnin siyasiləşdirilməsi üçün bundan istifadə etmək mümkündür, amma bunun əvvəlcədən düşünüldüyünə inanmaq olmaz”, – rusiyalı məmur belə deyib.

 

Xatırladaq ki, Avropa İttifaqı xüsusi olaraq Rusiya vilayətinin məhdudiyyətlərdən azad edilməsi barədə danışıqlar aparır.

 

Hələlik, iki variant nəzərdən keçirilir.

 

Bunlardan biri ondan ibarətdir ki, söhbət “adi beynəlxalq ticarətdən” deyil, Rusiya tərəfindən yüklərin öz eksklavına tədarükündən gedir.

 

İkinci variant Kalininqrada qaydalardan istisnalar tətbiq edərək, “humanitar əsaslar”dan istifadə edilməsini nəzərdə tutur.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button