“Deyəsən, bu dəfə SSRİ-nin gerçək bərpası Azərbaycandan başlayacaq…”

“Fəqət, başı Zaurların, Xoşqədəmlərin, Elgizlərin və s. “çox milli-mənəvi əhəmiyyətli”, “maraqlı” və “vacib” şoularına qarışmış vətəndaşlar üçün Azərbaycanda, yoxsa Azərbaycan SSR-də, rusun, yaxud öz “milli”  çomaqlı Xudayarbəylərinin qapazı altında yaşamağın fərqi yoxdur…”

 

-FİKİR SAVAŞI…-

 

On ilə yaxındır ki, deyirlər, Putin SSRİ-ni bərpa etməyə çalışır… Belarusla ittifaq alındı… Amma Ukraynanı dinc yollarla ruslaşdıra bilmədiyindən Kreml zorakılığa əl atdı… Saxta referendumla Krımı ilhaq etdi… Və rusdilli əhali yaşayan Donbası qarışdırdı… Bunlardan da bir nəticə hasil olmadığını görüb 3 günə Kiyevi tutub Ukraynanı özünə tabe etdirmək üçün “xüsusi əməliyyat”a başladı… Ancaq Ukrayna xalqı Putinin neonasist ordusunu gül-çiçəklə yox, “Molotov” kokteylləri ilə qarşıladı…

 

Odur ki,  dinc insanlara qarşı Hitler Almaniyasından da amansız qəddarlıqlara, qətliamlara rəğmən  Putinin Ukraynanı “denasifikasiya” edib “sovetləşdirmək” planı 5-ci aydır ki, bataqlığa düşüb çıxa bilmir… Bu səbəbdən o, ümidini keçmiş SSRİ-nin digər keçmiş müttəfiq respublikalardakı separatçı caynaqlarına bağlayıb.  Belə caynaqlar əsasən Gürcüstanda, Moldovada və Azərbaycandadır… Amma son günlər Özbəkistandakı Qaraqalpaqıstan caynağını da fəallaşdırıb… Zahirən ən güclü caynaqlar Gürcüstandakı iki qondarma separatçı “respublika”: Abxaziya və Osetiyanın timsalında olsa da, son günlər bu ölkədə rusiyapərəst hakimiyyətə qarşı kütləvi etiraz aksiyalarıyla müşayiət olunan  ciddi ictimai müqavimət müşahidə edilir…  Moldovada da Kremlin “Dnestryanı Respublika” caynağı olsa da, bu ölkədə də həm dövlət, həm xalq səviyyəsində Moskvaya qarşı kəskin etirazlar var… Vətəndaşlar arasında itkilərə rəğmən Özbəkistandakı Qaraqalpaqıstan probleminin qardaş Türkiyə və Qərbin dəstəyi ilə tezliklə həllini tapacağı gözlənilir…

 

Azərbaycana gəldikdə, burada müstəqilliyin bərpasından bəriki 31 ildə hələ də sovetləşmə, rusifikasiya əlamətləri qalmaqdadır. Çünki bizdəki Rusiya “5-ci kalon”u hətta Belarus, Ukrayna kimi slavyan mənşəli ölkələrdəkindən də güclüdür… Biz hər dəfə ruslarla rastlaşanda ölkəmizdəki rusdilli məktəblərin sayı ilə, şagirlərimizin 10 faizinin ya rusdilli məktəblərdə, yaxud Azərbaycandilli məktəblərin rus şöbələrində təhsil alması haqda fəxrlə danışırıq… Bunu küçələrimizdəki adlardan da sezmək olar. Paytaxtımız Bakının yalnız mərkəzi İstiqlaliyyət(keçm. Kommunist), Məhəmməd Əmin Rəsulzadə küçələrini gəzmək kifayətdir ki, orada Azərbaycan dili və əlifbasında nadir adlara rast gəlinməsinə rəğmən ingilis dili ilə yanaşı, rus dili  və əlifbasıyla da çoxsaylı obyekt adlarına rast gələsən… AZTV-nin köhnə binasının üzərindəki “möhtəşəm” “Азәрбајҹан СCР” sözü son illər sökülüb.  Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası üzərindəki “АЗƏРБАЙЧАН ССР ЭЛМЛƏP АКАДЕМИЙАСЫ” yazısı, isə yalnız 2020-ci ilin yayında sökülüb… 

Elmlər Akademiyası dedim, yadıma “5-ci kalon”un ictimai-siyasi qanadının başçısı düşdü. AMEA-dakı sonuncu postundan götürülməklə “başından güclü zərbə” alsa da, hələ də 30-40 illik cinayətlərinə görə cəzalandırılmayıb. Hərbi qanadın general başçısı da onun kimi… Odur ki, hələ Rusiyanın “5-ci kalon”u Azərbaycanda qol-qanad açmaq üçün Putindən siqnal gözləyir…

 

Azərbaycanda SSRİ izlərinin əsas əlamətlərindən biri də, nə yazıqlar ki, 2020-ci ilin 44 günlük savaşında şəhid və qazilərimizin canı-qanı hesabına torpaqlarımızın əksər hissəsinin Rusiya-Ermənistan işğalından azad edilməsindən sonra baş verdi. Belə ki, 10 noyabr 2020-ci il gecəsi beqafıl imzalanmış üçtərəfli razılaşmaya əsasən rəsmən “sülhməramlı” adı altında olsa da, Rusiya ordusu 26 ildən sonra(Qəbələ RLS-dəki kiçik kontingenti nəzərə alsaq,  7 il sonra) yenidən müstəqil Azərbaycan Respublikasının suveren ərazisinə daxil oldu… Və nəticədə işğaldan hərbi və dinc yolla azad edilmiş ərazilər istisna olmaqla Şərqi Zəngəzur və Qarabağın ermənilərin qanuni-qanunsuz məskunlaşdığı bir hissəsi müvəqqəti(!) olaraq Rusiyanın  nəzarətinə verildi. Bunun sayəsində də dinc yolla azad edilmiş Laçın rayonun dəhliz edilmiş təxminən 35 kv.m-lik ərazisi, 1 şəhər və 6 iri kəndi  də “sülhməramlı”ların məsuliyyət zonasına çevrildi. Dinc yolla qaytarılmalı olan Ağdam, Kəlbəcər rayonlarının ərazisi isə  rəsmi Bakının yurisdiksiyasına müstəqil Azərbaycan Respublikasının 1992-ci ildən bəriki inzibati-siyasi xəritəsinə uyğun olaraq deyil, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının köhnə xəritəsi əsasında təhvil verildi. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 nömrəli Qərarına əsasən 1992-ci ildə ləğv edilmiş  Ağdərə rayonunun rəsmən Ağdam rayonuna daxil olmuş 8 iri kəndi, Kəlbəcər rayonuna daxil olmuş 23 kəndi keçmiş SSRİ xəritəsinə uyğun şəkildə “sülhməramlı”ların xəritəsində də “Mardakert rayonu” adlanmaqla  faktiki olaraq separatçı-terrorçu erməni rejiminin əlində qaldı. Həmçinin Tərtər rayonunun  44 günlük savaş zamanı azad edilmiş Talış, Seysulan, Çaylı və Suqovuşan kəndləri istisna olmaqla Ağdərə şəhəri və 9 kəndi də Rusiya-Ermənistan nəzarətində qalmış oldu… Təəssüf ki, bu haqda media və sosial şəbəkələr istisna olmaqla heç bir rəsmi qurumdan açıqlama verilməyib… 

 

Və bunlardan əlavə, ötən  1 il 7 ay ərzində Azərbaycan mediası, ictimaiyyəti, nəhayət, bir neçə dəfə Müdafiə Nazirliyinin tələblərinə rəğmən Rusiya Müdafiə Nazirliyi öz rəsmi saytının “sülhməramlı”lara aid bölməsindəki xəbər, bülleten və xəritələrdə nə SSRİ dönəminə aid “Dağlıq Qarabağ” birləşməsindən əl çəkdi, nə də Xocalı, Laçın rayon adları və bir neçə kənd istisna olmaqla digər Azərbaycan toponimlərini sovet dönəmindəki Azərbaycan SSR xəritələrinə uyğun adlandırdı: “Stepanakert”, “Mardakert”, “Martuni”, “Levonarx”, “Getavan”, “Vaquas”, “Djrabert” və s…

 

Bu günlərdə isə SSRİ-yə aid daha bir əlamət üzə çıxdı… 2020-ci ilin yazından koronavirus pandemiyasıyla bağlı bağlanmış quru sərhədləri bir müddət öncə Türkiyə və İranla açılsa da, son aylar infeksiyaya yoluxma hallarının, demək olar ki, heçə enməsinə rəğmən Nazirlər Kabinetinin müvafiq qərarıyla nəinki Gürcüstan və Rusiya ilə sərhədlər bağlandı, hətta Türkiyə və İranla sərhədlər də yenidən qapandı… Maraqlıdır ki, yalnız Şimali Koreya və bir neçə Afrika ölkəsi kimi ölkələrin sərhədləri tam qapalıdır. Hətta Mozambikin vətəndaşları belə, qismən məhdudiyyətlərlə quru sərhədlərindən gedib-gəlirlər. Rusiya özü, Rusiya ilə ittifaqa qol çəkmiş Belarus belə,  demək olar ki, bütün ölkələrlə quru və hava sərhədlərini açırlar. Qazaxıstan, Qırğızıstan, Tacikistan kimi türk, müsəlman ölkələri sərhədləri açır, hətta postsovet məkanında avtoritar rejimli, ən  qapalı ölkələrdən biri sayılan Türkmənistan belə, müəyyən məhdudiyyətlərlə vətəndaşlarını quru sərhədlərindən buraxır.  Amma Azərbaycan Respublikası öz bütün sərhədlərini qapadır… Üstəlik, sovet dövründəki kimi dövlət qurumları qətiyyən vətəndaşla hesablaşmadan, xəbərdarlıq etmədən bu tədbiri həyata keçirir… Buna dövlətin açıqlaya bilmədiyi sirli bir məqam səbəb olubsa, olmazmıdı ki, Nazirlər Kabineti və Dövlət Sərhəd Xidməti heç olmasa, xaricdə xüsusən Türkiyədə təhsil alan tələbələri nəzərə alaraq 10 gün öncədən xaricdə olan vətəndaşları xəbərdar edəydi. Nəticədə təyyarə ilə Vətənə dönmək imkanı olmayanlar qərib diyarlarda sərgərdan, pulsuz-parasız qalmaz və avtobuslarla geri qayıdardılar.  Və yaxud xaricdə imtahan verən tələbələri nəzərə alıb qapanmanı iyulun 1-dən yox, 5-10-dan tətbiq edəydilər…

 

Hə, yaxşı yadıma düşdü, quru sərhədlərinin bağlanmasından ən çox qazanan getdikcə daha “çox alan”  “AZAL” rəhbəri Cahangir Əsgərov olacaq. O “Canik” ki, onun rəhbəri olduğu qurumun nəzarət etdiyi Bakı Hava Limanına girəndə əməkdaşların danışığından, kafelərdə vurulan rusca qəbzlərdən və s. özünü Rusiyadakı kimi hiss edirsən… 

 

Nə deyək, vallah, belə görürük ki, deyəsən, bu dəfə SSRİ-nin gerçək bərpası nə Belarusdan, nə Türkmənistandan, nə də Ermənistandan yox, məhz Azərbaycandan başlayacaq…

 

Fəqət, belə baxıram, başı Zaurların, Xoşqədəmlərin, Elgizlərin və s. “çox milli-mənəvi əhəmiyyətli”, “maraqlı” və “əvəzolunmaz” şoularına qarışmış vətəndaş üçün Azərbaycanda, yoxsa Azərbaycan SSR-də, rusun, yaxud öz “milli”  çomaqlı Xudayarbəylərinin qapazı altında yaşamağın fərqi yoxdur…

 

Allah Özü axırımıza xeyrə calasın!..

 

Sultan Laçın 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button