“Evlilik həyatımız sənətə yeni gələn gənc qızlara örnək idi, fikirləşirdilər ki…”

“Mən professional səhnəyə Opera və Balet teatrından gəlmişəm. Elə bir dövr idi ki, səhnədə Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova kimi xanım xanəndələrimiz var idi. Opera və Balet teatrı indikindən tamamilə fərqli idi. Təsəvvür edin, bir ayın içərisində 20 muğam tamaşası olurdu. O çətinliyi mən hiss etməmişəm, çünki hər şey çox sistemli şəkildə gedirdi. Özümü çox xoşbəxt sənətkar sayıram ki, 30 il öz sənətimi teatrda nümayiş etdirmişəm və teatrla da bütün dünyaya çıxmışam. O reallığı da qəbul edirəm ki, səhnə daimidir, ifaçılar dəyişirlər. Əsas odur ki, hər yeni gələn ifaçı özünün dəsti-xəttini yaratsın və yadda qalan olsun. Qoy desinlər ki, bunun Əslisi, Şahsənəmi, Leylisi bir fərqli idi. Sənətə qarşı böyük eşqin olmalıdır, onu sevməlisən”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Şöhrət ordenli sənətkar Səkinə İsmayılova deyib. O daha sonra əlavə edib.

“Mənim bütün xəzinəm, varidatım, sənətə aid olan bütün incilər Dövlət Televiziyasının şəxsi arxivində qorunur. Bu gün çox xanımların müraciət etmədiyi dəstgah muğamlar var ki, zamanında onları lentə aldırmışam. Gənclərə deyirəm ki, nə qədər Allah bu səsi sizə verib, gedin muğamlar oxuyun, lentə yazdırın. Vaxt gedir, bu səs bir də sizə verilməyəcək” deyə xanəndə bildirib.

 

Səkinə İsmayılova həyat yoldaşını da xatırlayıb.

“Həyat yoldaşımla bərabər 44 illik ömür-gün yaşadım. 44 il az deyil. Evlilik həyatımız istər bizim nəsilimizdə olan gənclərimizə, istərsə də sənətə yeni gələn gənclərimizə, xanım qızlarımıza örnək idi ki, bəli sənətkar xanımın sənəti ilə yanaşı ailəsi də ola bilir. Bu 44 illik bərabərliyimizdə biz bunu sübuta yetirdik. Övladlarım həyat yoldaşımın yoxluğunu mənə hiss etdirmirlər, amma əlbəttə ki, onun öz yeri var idi. Hər zaman mənim yanımda idi. Nümunəvi bir ailə başçısı, insan idi” deyə xanəndə bildirib.

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button