“Söz üçün məəttəl qalmamışam, amma bu dəfə nitqim quruyub, Cənnət nəymişsə, Kəlbəcər də odur”

“Hal-hazırda da Kəlbəcərdəyəm. Açıqlamaq istəmirəm niyə burdayam, amma qanuni səfərdir. Çəkilişlə bağlı getməmişəm, sadəcə arzuma çatdım Kəlbəcərə getməklə. Kəlbəcəri gördüm və çox xoşbəxtəm. Axşam 5 dərəcə, gündüz də 12-13 dərəcə isti olur. Baxırsan ki, günəş çıxıb, amma günəşlə bərabər sürətli bir quru soyuq üfürür sənə. Saç yağlansın, insan tərləsin, belə şeylər yoxdur. Cənnət nəymişsə, Kəlbəcər də odur”.

 

Bunu Moderator.az-a açıqlamasında şairə Nazilə Səfərli deyib. O daha sonra əlavə edib.

“Mən həyatım boyu Kəlbəcəri görməmişəm, ilk dəfədir orada oluram. Amma görmədiyim Kəlbəcəri xəyalımda canlandırmışam. Öz-özümə deyirdim ki, görəsən mənim xəyalımdakı Kəlbəcərlə görəcəyim Kəlbəcər üst-üstə düşəcək?! Xəyalım kölgədə qaldı. Ən gözəl rəssam Allahdır, amma mən deyərdim ki, Kəlbəcər dünyanın 7 möcüzəsindən biridir. İstisudan da dadmışam, çox ləzzətli sudur. Fikirlərimi ilk dəfədir ki, ifadə edə bilmirəm. Sözüm çatmaz ki, Kəlbəcərin gözəlliyini vəsf edim. Heç vaxt söz üçün məəttəl qalmamışam, amma bu dəfə deməyə söz tapmıram. Kəlbəcər nitqimi qurutdu. Düzdür, gözümüz yaşarır, hər addımda şəhidlərimizi xatırlayırıq. Görün onlar necə qəhrəmanlıq göstərib, bu torpaqları işğaldan azad ediblər. Allah bütün şəhidlərimizə rəhmət etsin” deyə Nazilə Səfərli deyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button