“Bir rus görəndə oluruq xar yanında- Quzu, keçiyik biz…”- Dahi Sabirin 111-ci anım günü…

“Rüşvət həramdır, dedin, aldın, utanmadın!
Mali-yetimə – od – deyə uddun da, yanmadın!..”

 

Bu gün – 12 iyul dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin xatirə günüdür. Onun dünyasını dəyişməsindən düz 111 il keçir.  Bu il eyni zamanda şairin 160 illik yubileyi qeyd olunur…

 

Sabirin öz satirik şeirlərində təsvir və tənqid etdiyi türk, müsəlman sayılan Azərbaycan cəmiyyəti bu gün,  demək olar ki, yalnız zahirən, yəni geyim-geçimi, miniyi, yaşadığı, işlədiyi evlər, binalar, şəhərlər, qəsəbələr, kəndlər, gəzdiyi küçələr, prospektlər,  yeyib-içdiyi kafelər, restoronlar və s. baxımından dəyişib. Qalan hər çey öz yerindədir. Həmin mənfi xarakter, keyfiyyət və xüsusiyyətlər də, onları özündə daşıyan “insan”, “müsəlman”, “türk”, “azərbaycanlı” adlanan hədəflər də… 

 

Nadanlıq, cahillik, əziyyət çəkib elm öyrənməkdən çəkingənlik –  öz yerində: 

 

 

Bir söyüşdən ötəri etmə əziyyət balama,

 

Göyərib coşma, utan, qonşuları yığma dama,

 

Sənə söydükləri getsin başı batmış atama,

 

Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!

 

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

 

…Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!

 

Yəni məktəblə uşaq kamil edərmiş özünü?

 

Bir söyüşdən yana az danla bu tiflin üzünü!

 

Sözü ləzzətli, şirin dilli uşaqdır uşağım!

 

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

 

Dini avamlıq, cahillik -yerində:

 

 

Aç dilini, yum gözünü, zahida, 

Vird oxu, heç anlama mənasını! 

Baxma bir ibrətlə bütün aləmə, 

Görmə həqqin nuri-təcəllasını!.

 

 

Tamahkarlıq, pulgirlik öz yerində:

 

 

Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?

 

İsmətim, namusum, arım, qeyrətim, qanımmısan?

 

Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?

 

Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?

 

Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?..

 

 

Acgözlük, müftəxorluq yerində:

 

 

O qədər xoşlanıram tüstüsü çıxcaq kababın –

 

Ac pişik tək cumuram şövq ilə birbaşa ətə!

 

Görürəm ta əti qəssab dükanından asılıb,

 

Az qalır it kimi nəfsim hürə, dırmaşa ətə!

 

Nuş olur canıma ət, xasə o həngamədə kim,

 

Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa ətə!

 

Əti çox istəyirəm, leyk pulu ondan çox,

 

Nola, quzğun kimi ta müftə qonam laşa, ətə!..

 

 

Rüşvətxorluq, dələduzluq öz yerində:

 

 

Yatdıqca xabi-qəflət ilə millətin sənin,
Vəqf oldu layla söyləməyə xidmətin sənin,
Hər gün genəldi daireyi-hörmətin sənin,
El uğradıqca fəqrə, şişib sərvətin sənin,
Millət arıqladıqca kökəldi ətin sənin!
Rüşvət həramdır, dedin, aldın, utanmadın!
Mali-yetimə – od – deyə uddun da, yanmadın!..

 

 

Şərdən, Vətəni söküb-talayanlardan kütləvi qorxaqlıq yerində:

 

 

Yaşamaq istər isək dəhrdə əmniyyət ilə,

 

Elmə, fənnə, üdəbayə baxalım nifrət ilə,

 

Uyalım fitnələrə əldəki vəhşiyyət ilə,

 

Yatalım bəstəri qəflətdə uzun müddət ilə;

 

Püxtəlikdən nə yetər, biz hələ xam olmayılız!

 

Yaşamaq istər isək sırf əvam olmalıyız!..

 

 

Seçkilərdə saxtakarlıq yerində:

 

 

Qlasnı seçkisini qoydu dum müzakirəyə,

 

Çatır sezon ki, yenə əlbəəl gəzə rüşvət.

 

Qlasnı olmaq iki şərtə bağlıdır ancaq:

 

Birinci rüşvət, ikinci hədə, fəqət xəlvət…

 

 

Cəmiyyətdə sosial ədalətsizlik, ifrat varlıların yoxsulları, kasıbları adam yerinə qoymaması yerində:

 

 

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Qoy mən tox olum özgələri ilə nədir karım,

Dünyavü cahan ac olur olsun nə işim var?!

 

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,

Yatmışları razı deyiləm kimsə oyatsın,

Tək-tək ayılan varsa da həq dadıma çatsın,

Mən salim olum cümlə cahan batsa da batsın;

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!.

 

 

Məmurlar, hakim zümrə tərəfindən tənqidə dözümsüzlük öz yerində:

 

 

Niyə bəs boylə bərəldirsən, a qare, gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Şerə məşğul edərək xatiri-qəmmaliyimi,

Qoyuram qənşərimə kağizimi, çernilimi,

Gəlirəm yazmağa bir kəlmə, – tutursan əlimi,

Qorxuram, ya nə üçün, – çünki kəsirsən dilimi!

Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,

Hələ gördüklərimin dörddə birin yazmayıram!..

 

 

Məmləkətdə Azərbaycana, vətənə, yurda, xalqa yox, imperiyaya Rusiyaya bağlı olan məxluqların hökmranlığı ö yerində:

 

 

Neyliyim, ey vay! Bu urus başdılar,

Bilməyirem hardan aşıb-daşdılar?!

Ölkədə gündən-güne çoxlaşdılar,

Hər əmələ hər işə çulğaşdilar,

 

*** ***

Bir rus görəndə oluruq xar yanında- 

Quzu, keçiyik biz…

Keçməz sözümüz bir pula sərdar yanında,

Çünki nəçiyik biz?!

Tanrı buna sahid –

Quzu, keçiyik biz…

 

 

Gerçək insanlığın bərqərar olması üçün vacib olan azadlığın korrupsioner, rüşvətxor, imperiyapərəst hakim təbəqə tərəfindən məhdudlaşdırılması da  öz yerində:

 

Kim ki insanı sevər, aşiqi-hürriyyət olur,

Bəli, hürriyyət olan yerdə də insanlıq olur…

 

Bir sözlə Sabirin haqq dünyasına qovuşmasından nə az, nə çox, düz 111 il ötür. Ancaq bizlər hələ də öz vətənimizdə əsl insani həyata qovuşmaq üçün  çabalayırıq…

 

Allah rəhmət eləsin dahi şairimizə!..

 

Sultan Laçın

 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button