“Nazirimiz Xankəndində Köçəryana xəbərdarlıq etdi… Haylar rus generalın yaxasından yapışdı…”

“Vilayətdə yalnız ermənilər yaşamalıdır ki, qırğın olmasın”- deyən Volski öz fəaliyyətində bu yolu rəhbər tuturdu…”

 

Qarabağdakı son 44 günlük müzəffər savaşımızdan sonra Azərbaycanı, Türk-İslam dünyasını sevən hər kəs səbirsizliklə dövlətimizin, ordumuzun sorağının Xocalıdan, Xankəndindən, Əsgərandan, Ağdərədən, Xocavənddən  və s. yaşayış məntəqələrindən gələcəyi günü gözləyir.  Bəli, artıq bir gün eşidəcəyik ki, dövlət başçısı Xankəndində bayrağımızı ucaltdı, ardınca, nazirlər, digər məmurlar, eləcə də deputatlar dövlət quruculuğu, tikinti-bərpa, abadlıq işləri ilə bağlı Qarabağın bu və adı çəkilən digər şəhər və kəndlərinə səfərlər etməyə başladı. Təbii ki, ermənilərin həmin məntəqələrimizdən çıxmayacağı halda, onların Azərbaycan vətəndaşlığını könüllü şəkildə qəbul edərək Konstitusiya və qanunlarımız çərçivəsində yaşamağa razılıq vermələri də müəyyən bir dövr tələb edəcək. Bu mənada nazir, məmur və deputatlarımızı hələ çox sınaqlar gözləyir. Belə bir durumda haylarla, xüsusən onların separatçılığa, terrorçuluğa meyilli kəsimi ilə ünsiyyət qurmağa risk edən və bunu bacara bilən, ən yaxşısı, bu sahədə təcrübəsi olan dövlət, hökumət adamlarına ehtiyac duyulacaq. Deyilənləri nəzərə alaraq hesab edirik ki, sonu xarici, geo-siyasi şərtlərin yetişməməsi, həmçinin müəyyən daxili xəyanət, səhv, günah və cinayətlər ucbatından uğursuzluqla nəticələnməyinə rəğmən 1988-1992-ci illərdə  Qarabağda işğala müqavumətlə yanaşı, rəsmi Bakının yurisdiksiyasının bərqərar olması uğrunda mümkün qədər mübarizə aparmış dövlət adamlarının təcrübəsindən də yararlanmaq gərəkdir.  

 

Bu baxımdan dəyərli Moderator.az oxucularının diqqətinə SSRİ tərkibindəki Azərbaycan hökumətinin son və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra ilk Ədliyyə naziri olmuş, bununla yanaşı bir müddət Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini daşımış Əlisaab Orucovun 2011-ci ildə çap olunmuş “Mübarizəmiz Qarabağdadır”adlı kitabından ən maraqlı epizodları müəllifin özünün gündəmə uyğun yeni şərh, açıqlamaları, meydana çıxan suallara cavablarının müşayiəti ilə təqdim etməyi qərara aldıq.

 

 

Bu dəfə hörmətli oxucuları bəhs edilən kitabın 42-ci səhifəsində “Mənəvi terror” başlıqlı bölməsindəki sabiq Ədliyyə naziri Əlisaab Orucovun 1988-ci ilin yazında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisindəki soydaşlarımızın Moskvaya arxalanan separatçı haylar tərəfindən iş yerlərindən uzaqlaşdırılması prosesinə qarşı o dövrün verdiyi imkanlar çərçivəsində mübarizə aparmasını təsvir edən  bir epizodla tanış edirik:

 

“Dağlıq Qarabağın azərbaycanlı əhalisi 1988-ci ilin mart-aprel aylarından çalışdıqları idarə və müəssisələrə buraxılmadı və bununla da ermənilər azərbaycanlılara qarşı mənəvi terrora başladılar. Vilayətin ipək kombinatında çoxlu sayda azərbaycanlı çalışırdı. Onlar da başqa müəssisələrdəki azərbaycanlılar kimi işə buraxılmırdılar. Kombinatın partiya təşkilatının katibi Robert Köçəryanla(Ermənistan Respublikasının keçmiş prezidenti) görüşüb söhbət etdim. Onu  xəbərdar etdim ki, azərbaycanlıların kombinatda qalıb işləmələrinə şərait yaradılmalıdır. Söz verdi ki, azərbaycanlılar qalıb kombinatda işləyəcəklər. Lakin çox çəkmədi ki, ipək kombinatında bir nəfər də azərbaycanlı qalmadı. Beləliklə, ermənilər mənəvi terror yoluyla vilayətdə yaşayan azərbaycanlı əhalini  iş yerlərindən məhrum edirdilər ki, onlar işsizlikdən bezərək öz dədə-baba yurdlarını tərk etməyə məcbur olsunlar. Bunların qarşını almaq məqsədi ilə vilayətdə yaşayan azərbaycanlıların peşələrinə uyğun olaraq yaşadıqları ərazilərdə yeni iş yerləri yaratmalı olurduq. Xankəndindən işdən qovulmuş sürücülərə Xocalıda, ipəkçilərə Kosalarda, toxuculara Kərkicahanda, çəkməçilərə Cəmillidə və sair kəndlərdə peşələrinə uyğun olan iş yerləri yaradıldı. Xocalıda toxuculuq kombinatının filialının və digər müəssisələrin inşasına başlandı. Bəzən elə olurdu ki, vilayətə rəhbərlik edən ruslara arxalanan ermənilər azərbaycanlılar üçün yeni iş yerlərinin yaradılmasına heç cür imkan vermirdilər…

Kərkicahan kəndində(bu kənd son vaxtlar Xankəndinin 26-cı məhəlləsi adlanırdı) yaşayan azərbaycanlılarla belə qərara gəldik ki, məhəllənin aşağı hissəsində olan fermanın binasında yenidənqurma işləri aparıb, toxuculuq sexi yaradaq. Orada işlər başlanan kimi ermənilər hücum çəkib işin getməsinə maneçilik törətdilər. Camaata ermənilərə əhəmiyyət verməyb öz işlərində olmalarını tapşırdım. Azərbaycanlılar erməniləri oradan qovub işi davam etdirdilər. Ertəsi gün mənə xəbər çatdı ki, Volski rus hərbçilərinin vasitəsi ilə həmin tikinti gedən binanı mühasirəyə aldırıb…

 

Kərkicahana getdim. Ora çatanda gördüm ki, həqiqətə də bina rus hərbçiləri tərəfindən mühasirəyə alınıb, bir tərəfdə ermənilər, digər tərəfdə isə bizim camaat dayanıbdı. Oradan birbaşa Volskinin komitəsi olan qərargaha yollandım. Qərargahda ona bildirdim ki, ya sex yaradılmalıdır, ya da azərbaycanlılar əvvəlki iş yerlərinə qaytarılmalıdır. Çox danışıqdan sonra onunla birlikdə fermaya gəldik. Volski orada dedi ki, fermaya yaxın olan ərazidə ermənilər yaşadığına görə sexin bu yerdə təşkil olunması qeyri-mümkündür. Bədbəxt hadisələr baş verə bilər. O, Dağlıq Qarabağdan azərbaycanlıları təmizləmək siyasətini belə həyata keçirirdi…

 

“Vilayətdə yalnız ermənilər yaşamalıdır ki, qırğın olmasın”- deyən Volski öz fəaliyyətində bu yolu rəhbər tuturdu. Bu siyasət SSRİ rəhbərliyinin ermənilərlə birlikdə Dağlıq Qarabağda yaratdıqları mənəvi terrorun əsasını təşkil edirdi…

 

Bəs görəsən, Volskinin “Burada sex tikmək olmaz, bədbəxt hadisələr baş verə bilər” deyimindən sonra Azərbaycan rəhbərliyini təmsil edən Ə.Orucov Kərkicahandakı soydaşlarımızın işsiz qalmaması üçün başqa vasitələrə əl atmayıbmı?

 

Bu sualımızı sabiq Ədliyyə naziri özü belə cavablandırır:

 

“Axı mən Volskinin qarşısında tələb qoymuşdum ki, Kərkicahanda sex tikilmirsə, camaat əvvəlki iş yerlərinə qaytarılmalıdır. Buna görə də yenidən onun yanına gedərək məsələnin həll olunmasını bir daha tələb etdim. Volski də onunla birlikdə Moskvadan gəlmiş general-leytenant Kupreyevə bu məsələ ilə məşğul olmağı və azərbaycanlıların Xankəndindəki əvvəlki iş yerlərinə qaytarılmasını təmin etməyi tapşırdı. Həmin generalla razılaşdıq ki, bir neçə kərkicahanlını özü ilə bərabər Xankəndinə aparıb ipək kombinatındakı işlərinə bərpa elətdirsin. General Kupreyev azərbaycanlılarla birgə kombinata daxil olan kimi ermənilər onlara hücum edir və hətta rus generalın da yaxasından yapışaraq onun qalstukunu dartıb boynundan  çıxarırlar. Həmin vaxt mən Kərkicahanda idim. Kombinata gedənlər geri dönüb başlarına gələni mənə danışdılar. Bundan sonra mən ikinci dəfə kombinatın rəhbəri Köçəryanın kabinetinə gedib ona sərt şəkildə dedim ki, axı sən azərbaycanlıların iş yerlərinə qayıdacağına söz vermişdin. Əksinə, rəhbəri olduğun müəssisədə nəinki geri qayıdan azərbaycanlıları qəbul etmir, Moskvadan gələn generalı da döyüb qovlayırlar. Mən ona daha ciddi şəkildə xəbərdar etdim ki, sənə vaxt verirəm, azərbaycanlıların iş yerlərinə qayıtmasını təmin et.  Cavabında  Köçəryan dedi ki, bu, çox çətin olacaq, erməni camaatı azərbaycanlıları yaxın qoymaq istəmir.  Bundan sonra general Kupreyevin yanına gedib onunla səmimi söhbət etdim. O, bildirdi ki, real vəziyyəti görürsüz, bu qaydada işləmək mümkün deyil. Qeyd edim ki, həmin rus general vicdanlı insan idi, Qarabağda haqq-ədalətin bərpası, azərbaycanlıların təqib olunmaması üçün əlindən gələni etməyə çalışırdı. Lakin Moskvanın da separatçı və ekstremistlərin qarşısını almaqda maraqlı olmadığını görərək Kupreyev  özü də bu haqsız siyasətə dözməyərək tezliklə Azərbaycanı tərk etmişdi…

 

Bu minvalla rus general da soydaşlarımızı iş yerlərinə qaytarmağı təmin edə bilmədikdən sonra Nazirlər Soveti qarşısında məsələ qaldırdım ki,  o vaxtkı Dağlıq Qarabağda azərbaycanlılar daha sıx, kompakt yaşadıqları yerlərdə işsiz qalıb, tədbir görmək lazımdır. Nəticədə Nazirlər Sovetindən Azərbaycan SSR yüngül sənaye naziri Zöhrab İbrahimova tapşırıldı ki, Qarabağdakı soydaşlarımızın işlə təmin edilməsi ilə məşğul olsun.  Z. İbrahimov əməkdaşlarıyla birgə Ağdama gəldi və mən onu qarşılayıb Kərkicahana gəlməsini təmin etdim.  Orada 5 gün ərzində camaatla görüş keçirildi, onların ərizələri alındı və bu minvalla 1860 nəfər kərkicahanlını işlə təmin etdik. O vaxt “ev əməyi” deyilən qanuni bir iş sistemi vardı. Belə ki, insanlara material və ləvazimat verilir, onlar da verilən  sifarişləri evdə toxuyub hazırlayıb dövlətə təhvil verib aylıq maaşlarını alırdılar. Beləliklə, Kərkicahandakı azərbaycanlı toxucular işlə təmin olundu. Eyni sistemlə Kosalardakı ipəkçilər də işlə təmin edildi. Bu sistem, demək olar ki, o ərazilər işğal edilənədək işlədi və Qarabağdakı vətəndaşlarımız həmin müddətdə işsiz qalmadı…”

 

Sabiq ədliyyə nazirinin kitabında bəhs edilən epizodun ardında bildirilir:

 

“Vilayətdə yaranmış kriminogen durumla bağlı respublika rəhbərliyi SSRİ rəhbərliyinə müraciət etmiş, Dağlıq Qarabağda əvvəlki vəziyyəti bərpa etmək məqsədilə hazırlanmış bir sıra tədbirlərin həyata keçirilməsinə icazə istəmişdi. Lakin SSRİ rəhbərliyi bu tədbirlərin həyata keçirilməsinə icazə vermədi və respublika rəhbərliyini də bu hüquqdan məhrum etdi. Belə ki, Azərbaycan SSR daxili işlər nazirinin müavini, general-mayor Ramiz Məmmədovunn rəhbərliyi ilə vilayətdə asayişin bərpa edilməsi məqsədilə orada kriminogen vəziyyət yaradan “KRUNQ” təşkilatı üzvlərinin həbsə alınması ilə bağlı hazırlanmış əməliyyatın da həyata keçirilməsinə Moskva icazə vermədi… 

 

M.Qorbaçov respublika rəhbərliyini ermənilərin hüquqlarını pozmaqda təqsirləndirərək onların hüquqlarının bərpasını tələb edirdi. Əslində ermənilər tərəfindən bütün hüquqları pozulan azərbaycanlıların vəziyyətinə Moskva əhəmiyyət vermirdi. M.Qorbaçov qanunları istədiyi kimi ermənilərin xeyrinə tətbiq edirdi…”

 

 

Zəruri şərh:

 

Göründüyü kimi, sabiq nazirin təsvir etdiyi epizoddakı 34 il öncəki hələ A.Volskinin Qarabağa yenicə gəldiyi, onun başçılığıyla Xüsusi İdarə Komitəsinin yaranmış olmadığı dövrdəki durum öz müəyyən xüsusiyyətlərinə görə 2020-ci il noyabrın 10-dan bəriki bir il 8 aydan çox dövrdəki duruma bənzəyir.  O zaman Moskva rəsmi Bakıya yenicə açıq fəaliyyətə başlayan separatçı-terrorçu “KRUNQ” təşkilatı üzvlərinin həbsinə icazə vermirdi və əksinə, onları Azərbaycana qarşı bəsləyirdi, bu gün isə artıq 34 illik təcrübəsi olan və əksəriyyəti dövlətimiz tərəfndən axtarışa verilmiş separatçı-terrorçu rejimin nə öz rəhbərlərini həbs etməyə,  nə də qanunsuz silahlı birləşmələrini tərksilah etməyə imkan verir… Və yenə də onları himayə etməklə, daha da gücləndirməklə məşğul olur…

 

Sultan Laçın

 

 

 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button