“Danışıqlarla Xankəndi və digər ərazilərdə Azərbaycanın suverenliyi təmin olunmayacaq”

Azərbaycan prezidentinin iki gün öncə Ermənistana və Rusiyaya yönəlik açıq mesajları 10 noyabr sazişinin asanlıqla yerinə yetirilməyəcəyini və qarşı tərəfin götürdüyü öhdəliklərə əməl etmək niyyətində olmadığını çılpaqlığı ilə ortaya qoymuş oldu. Bu bəyanat əslində antiterror əməliyyatlarının qaçılmaz olduğunu və payıza doğru onlara haqq etdikləri qulaqburması verilmə ehtimalının ötən hər gün daha da artdığını göstərir. 

 

Elə prezident İlham Əliyevin son bəyanatını Moderator.az-a şərh edən tanınmış ermənişünas alim, politoloq Qafar Çaxmaqlı da bu qənaətdədir ki, 10 noyabr sazişinin yerinə yetiriləcəyinə ümid ölməkdədir və Azərbaycanın növbəti dəfə gücə əl atmaqdan başqa yolu qalmayıb:

“10 noyabr 2020-ci il üçtərəfli bəyanatda tərəflər üzərinə öhdəliklər götürüblər. Qarabağ ərazisindən erməni silahlı birləşmələrinin çıxarılması yalnız Ermənistanın öhdəliyi deyil, həm də Rusiyanın sülhməramlı kontingentinin öhdəliyidir. Müharibənin bitməsindən iki ilə yaxın bir müddət keçməsinə baxmayaraq hələ də erməni silhalı birləşmələri Qarabağ ərazisindədir. O dövrdən indiyədək  bu məsələ Azərbaycan tərəfindən dəfələrlə qaldırılsa, tələblər ən sərt şəkildə irəli sürülsə də Ermənistan hərbi birləşmələrini çıxarmayıb. Demək Rusiyanın özünün bu işin başa çatmasına marağı olmayıb, ya da hansısa məqsəd güdüb. İndi Azərbaycan prezidenti İlham Əliyev son çıxışında  işarə vurur ki, Ermənistan Qarabağ ərazisindən hərbi birləşmələrini çıxarmasa, Azərbaycan 10 noyabr sazişinə uyğun olaraq məsələnin həlli ilə bağlı yeni yanaşmasını ortaya qoyacaq. Bu həm də Rusiyaya mesajdır və onsuz da Azərbaycanın keçən bu dövr ərzində xoş məramını hər iki dövlət anlamayıb, tərəflər öz öhdəliklərini yalnız ordu birləşmələrinin Qarabağdan çıxarılmasında deyil, digər məsələlərdə yerinə yetirməyib. Bu, 27 sentyabrda başlanan antiterror əməliyyatlarının davam etdirilməsinə gətirib çıxararmı? Əlbəttə, əgər ortada həll olunmamış məsələ varsa, onu sonlandırmaq lazımdır. Bu qədər müddətdə məğlub ölkə hələ də sülh sazişi imzalamaq istəmirsə və Azərbaycan ərazilərindən ordusunu çıxarmırsa, yeni revanşist iddialarla çıxış edirsə, bu, yeni bir müharibəyə səbəb olacaq hadisələrdir. Mən məsələnin həllinin başqa yolu olmadığını düşünürəm. Xankəndi və digər işğaldan azad olunmamış ərazilərdə Azərbaycanın suverenliyinin təmin olunması danışıqlarla olmayacaq. Ermənilər buna beynəlxalq qüvvələri cəlb etmək istəyirlər, bir çox şeylərə ümid edirlər. Tabe olmaq istəmirlər. Məsələni kökündən həll etmək üçün isə bizim əlimizdə yetərincə əsaslar var. Qarabağdan Ermənistan ordusu çıxmır və biz onu oradan çıxarmaq üçün güc tətbiq etməliyik. Məncə bunun üçün münasib məqam da yetişəcək”.

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button