“Əliqismət Lalayev qolundakı saatı çıxarıb mənə hədiyyə etdi, orada bir çoxları kövrəldi…”

“Fizulidən Şuşaya qədər döyüş yolu keçmişəm, Şuşada Cıdır düzündə, Topxana meşəsində, dağlarında çox döyüşmüşəm. Bu günlərdə Şuşaya ayaq basdım. Sonradan döyüşdüyün torpaqlara mülki formada qayıdanda insana çox böyük təsir göstərir. Həmin hisslər insanın duyğularını dilə gətirir. İnsan bir iş görər, zəhmət çəkər, daha sonra onun bəhrəsini görər. Bax bu da belə bir hissdir. 30 ildən sonra o torpaqlara ayaq basmaq demək ki, bizlərin alnına yazılmışdı”.

Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili Teatrın balet artisti, 2-ci Qarabağ müharibəsi döyüşçüsü Murad Ağayev deyib. O, daha sonra əlavə edib.

“Döyüşlərdən gəlib teatra qayıdanda kollektiv məni böyük təntənə ilə qarşıladı, mənə “Dəmir yumruğ” mükafatını verdilər. Bu günlərdə teatr mövsüm finalına çıxanda da məni mükafatla təltif etdilər. Hətta Təbrizli rəssam Qadir Fəthi mənim portretimi çəkmişdi. Teatrımızın direktoru Əliqismət Lalayev məni səhnəyə çağırıb, qolundakı saatı mənə hədiyyə etdi. Orada bir çoxları kövrəldi, göz yaşlarını saxlaya bilmədilər. Bu diqqətdir, qayğıdır. Bu hərəkət hər bir insanın ürəyi üçün deyil. O çox böyük ürəyə malik şəxsiyyətdir. Akademik Musiqili Teatr ailəsinin bir üzvü kimi 44 günlük Vətən müharibəsində könüllü olaraq döyüşlərdə iştirak etdiyimə görə qürur duyuram. Belə düşünməyə mənəvi səbəblərim var. Kollektivimizin üzvləri muharibə dönəmində arxa cəbhədə daim bizim ailələrimizin yanında oldu, həmçinin ön cəbhədə də fəallıq göstərdi, döyüşdü. Teatrımızın işıqçısı Əliağa Məmmədov 19 yaşında, ömrünün ən gözəl çağında şəhid oldu. Bütün şəhidlərimizlə qürur duyuram. Böyük Qələbəmiz birliyimizin təntənəsidir. İndi o anlar kino lenti kimi göz önümdən keçir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin” deyə döyüşçü bildirib.

Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının kollecini bitirən Murad Ağayev 2015-ci  ildən Akademik Musiqli Teatrda çalışır, indiyə qədər teatrın repertuarında olan əksər tamaşalarda iştirak edib. Böyük qələbədən sonra teatrda ona baletmeyster assistenti vəzifəsinin  icrası da  həvalə olunub.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button