“İllər keçdikcə Anar evləndi, başqa evdə yaşadı, biz Təranə ilə ünsiyyətdə olduq…”

“Bizim evdə hər zaman şeir oxunub, daim müəyyən məsələlər müzakirə olunub, çoxlu ədəbiyyat haqda söhbətlər olub. Biz bunların hamısını uşaqlıqdan eşitmişik. Evimizə gələnlər də şairlər, bəstəkarlar, yazıçılar olub. Atam ciddi adam idi, bir qədər sərtlik də var idi xasiyyətində, amma anam yox, anamın çox yumuşaq, mülayim xasiyyəti var idi”

 

Bunu Moderator.az-a açıqlamasında Rəsul Rza və Nigar Rəfibəylinin qızı Fidan Rzayeva deyib. O daha sonra əlavə edib.

“Mən Anarla çox yaxın idim, aramızda 5 yaş fərq var idi. Bacım Təranə ilə də 5 il aramızda fərq var idi. Amma Təranə balaca idi də. Ona görə Anarla mənim söhbətim tuturdu. Mən yaşımdan böyük inkişaf etmişəm nədənsə. Hətta Anar əsərlərini yazanda ilk mənə oxuyurdu. Hələ mən məktəbdə oxuyurdum. İllər keçdikcə Anar evləndi, başqa evdə yaşadı, biz Təranə ilə ünsiyyətdə olduq. Anamın yazmaq imkanı çox az idi, çünki bütün evin qayğıları onun boynunda idi. Məişət qayğılarını o həll edərdi. Atama gəldikdə isə. Bəli çox işləyirdi. Öz otağı var idi, qapını bağlayırdı, şeir yazırdı. Şeir yazandan sonra bizi toplayardı qonaq otağına, oxuyardı şeirləri, fikirlərimizi alardı. Birimiz bəyənirdik, birimiz tənqid edirdik. Atamın bir xüsusiyyəti var idi, o fərqli idi.  Çıxışları da elə idi, tribunaya çıxıb danışanda həyəcan keçirirdim, amma fikirləşirdim ki, atam nəsə bir yeni söz deyəcək. Təkcə əsərlərində yox, məişətdə də yenilikçi idi. Yeni nə çıxardısa birinci bizim evdə olurdu. Birinci soyuducu yəqin ki, bizim evdə olub, gedib hardansa alıb gətirmişdi” deyə Fidan Rzayeva bildirib.

 

Fidan Rzayeva təhsil aldığı illərdən də danışıb.

 

“Mən musiqi məktəbində oxumuşam, ümumiyətlə biz hamımız orada oxumuşuq. Anar 10-cu sinifdə musiqini buraxdı, Təranə 7-ci sinifdən davam etmədi, mən isə 11 il orada oxuyub bitirdim, amma özümə söz verdim ki, “mən konservatoriyaya getməyəcəm, gündə 7 saat royalın qabağında otura bilmərəm”. Ərəb dilini sevirdim, ona görə də Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə sənədlərimi verdim. O vaxt çox böyük konkurs var idi. Mən universitetə daxil oldum. Bu gün də ərəb dilindən dərs deyirəm, artıq 55 ildir” deyə o bildirib.

 

Fidan Rzayeva Nəsiminin məzarını ilk ziyarət edən azərbaycanlılardan biri olduğunu deyir.

 

“1968-ci ildə həyat yoldaşım Raufla Suriyaya tərcüməçi işləməyə getdik. Biz ikimiz də şərqşünaslığı bitirmişdik. 1-2 ay keçəndən sonra bizə xəbər gəldi ki, sizi Dəməşqə çağırırlar, Azərbaycandan da nümayəndə heyəti gəlib. Biz getdik Dəməşqə. Getdik Dəməşqə, orda doğurdan da bizim heyət gəlib çıxmışdı. Heyətin sədri Süleyman Vəzirov idi, mənim də qaynatam. Gördüm ki, heyətin içərisində də atam var. Biz də o nümayəndə heyətini müşahidə edirdik, gəldik Hələbə. Hələbin Bələdiyyə başçısı bizi qəbul etdi, ona Hələb haqda bir çox suallar verildi. Sonda da atam dedi ki, “mənim də sualım var”. Bir çoxları dedi ki, “sən Allah sual vermə, yorulduq gedək”. Hiss etdim ki, bu sözlər atamın xoşuna gəlmir. Atam Bələdiyyə sədrinə dedi ki, “burada bizim bir şairimiz dəfn olunub, İmadəddin Nəsimi, istərdik qəbrini tapaq”. O da dedi ki, “bəli var, gedə bilərik” O göstəriş verdi, səhəri gün gül dəstələri ilə Nəsiminin məzarını ziyarət etməyə getdik” deyə Fidan Rzayeva bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button