“Mətbuatın incitmədiyi adam yoxdur, bunu mənə özümə yaxın bildiyim jurnalist dostlarım etdi, başlıqları bəyənmirəm”

Mətbuat daha çox onlardan-tanınmış və məşhur simalardan yazır. Moderator.az olaraq bu dəfə sualımızı məşhurlara ünvanlamışıq. Görəsən, tanınmışların mətbuatla arası necədir?

 

Xalq artisti Firəngiz Mütəllimova:

 

“Mütəmadi saytları izləyirəm, düzgün xəbərləri bəyənirəm. Bəzi saytlarda şişirdilmiş xəbərlər xoşuma gəlmir. Ümumiyyətlə düzgünlük, dürüstlük tərəfdarıyam. Bəzi hallarda olub ki, mətbuat məni incidib, cüzi incimişəm, amma keçib gedib. Haqqımda gedən müsahibələrimdə qoyulan başlıqlar xoşuma gəlməyib. Sizi təbrik edirəm. Peşə bayramınız mübarək. Düz və kəsəkli yolu olan peşə bayramınızda sizə uğurlar arzulayıram” deyə Firəngiz Mütəllimova deyib.

Xalq artisti Həmidə Ömərova:

 

“Mətbuatın incitmədiyi adam yoxdur (gülür). Amma “sarı mətbuatın”. Nə yaxşı ki, bizim mətbuat bu rəngdən azaddır. Siz və saytınız başda olmaqla bütün jurnalistləri təbrik edirəm, hamınıza xoş xəbərəri yazmağı arzu edirəm” deyə xalq artisti bildirib.

Tanınmış müğənni Nazənin Salayeva:

 

“Çox nadir hallarda mətbuatda qələminə hörmət edən jurnalist görmüşəm. Məni mətbuatda çox incidiblər. Əvvəllər mətbuatı, jurnalistləri çox istəyirdim, elə bilirdim ki, hamı mənim dostumdur. Amma haqqımda sifarişli yazılar, şər-böhtanlar yazılanda anladım ki, heç biri dostum deyil. Ümumiyyətlə ağlıma belə gətirmirdim ki, jurnalist nəyisə bilmədən, dəqiqləşdirmədən yaza bilər. Hamısını gördüm, gözlərimin şahidi oldum, o acıları yaşadım. Mənə, ailəmə, balalarıma sifarişlə olmazın yalanları yazdırdılar. Bunu mənə ağlıma belə gətirmədiyim, özümə dost bildiyim jurnalist “dostlar” etdilər. Ondan sonra çəkildim bir kənara, artıq onlara salam belə verməyə qorxuram. Məhkəmədə hər şey sübut olunandan sonra hamısının üzünü gördüm. Amma mənim qəlbim qırılırsa, o insanlara yaxın gedə bilmirəm, ikiüzlü oyun oynaya bilmirəm. Allah hamısının canını sağ etsin, amma iç üzlərini görmüşəm, tanıyıram. Hamısının bütün toy məclislərində, tədbirlərində başda idim. Bir-ikisinə sual verdim, biri dedi ki, “mən etməmişəm, işçilər edib”, digəri dedi ki, “filankəs etdi, mən də ondan götürdüm”. Sırf sifariş idi. Hamısının xətrini istəsəm də, artıq mətbuatla haqq-hesabımı bitirmişəm, yaxınlıq etmirəm” deyə müğənni Nazənin deyib.

 Əməkdar artist Sevinc Sarıyeva:

 

“Əvvəla hər bir vicdanlı jurnalistin bayramını ürəkdən təbrik edirəm. Mətbuat biz sənətçilərin dostudur. Heç bir qələm əhlindən şikayətim yoxdur. Hətta 44 günlük müharibədə ön cəbhədə əsgərlərimiz, arxa cəbhədə isə jurnalistlərimiz oldu. Çünki mətbuatımız olmasaydı bizim əsgərlərimizin qəhrəmanlıqları, şücaətləri göz önündə ola bilməzdi. Hətta bütün xəbərləri ön cəbhədə olan jurnalistlərdən alırdıq. Bilirsiniz ki, iki jurnalistimiz Sirac və Məhərrəm şəhid oldu. Mən bu gün onları da xatırlamaq istəyirəm, çünki onlar iş başında şəhid oldular” deyə əməkdar artist bildirib.

Müğənni Əminə Şirinqızının mövzuya münasibəti qısa olub.

 

“Mən sizi və bütün jurnalistlərimizi təbrik edirəm. Mətbuat məni heç bir zaman incitməyib, çünki hamı ilə ünsiyyət qurmağı, dost olmağı bacarıram” deyə müğənni bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button