Sabiq baş prokuror 70 illiyində doğulduğu Kəlbəcərin gözəlliklərindən danışdı…

“Xoşbəxtəm ki, belə bir gözəl yurdda, belə bir ucalıqda dünyaya göz açmışam…” 

 

“Bugünkü doğum günümdə – yubileyimdə bizləri yad etdiyinizə görə saytınıza, rəhbərliyinizə minnətdarlığımı bildirirəm… Beyləqan rayonunda böyüyüb boya-başa çatsam da, atamın təsərrüfat rəhbəri işləməsi səbəbindən düz 16 yayı, şükür Allaha ki, artıq işğaldan azad olunmuş cənnətməkan  Kəlbəcərdə keçirmişəm.  Və 70 il öncə  Kəlbəcərin məşhur İstisuyu yaxınlığında, Ala Göllər yaxınlığındakı Ayıçınqılı dağındakı Azərbaycanın ən hündür yaylaqlardan birində – 3 min metrə yaxın yüksəklikdə dünyaya  göz açmışam. Xoşbəxtəm ki, belə bir gözəl yurdda, belə bir ucalıqda doğulmuşam”.

 

Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycanın sabiq baş prokuroru İxtiyar Şirinov ifadə edib.

 

“Hələlik Kəlbəcərə – o dilbər guşəyə getmək qismətim olmayıb. Lakin yaxın adamlardan, təsərrüfatla məşğul olan həmkəndlilərimizdən gedib-gələnlər var. Anadan olduğum, 16 ilin yay ayları qarış-qarış gəzdiyim o yaylaqların, meşələrin, zirvələrin, bulaqların video-görüntülərini yollayıblar. Baxıb çox kövrəlmişəm. Həmin videoları çəkən adam dediyim yaylağı, bizim o illərdə yayladğımız yurd yerlərini, o cümlədən Turşsu bulağını tapa bilmirdi. Mən ona yolbayol, cığırbacığır anlatmışam –  gedib tapıb həmin yerləri… Onu demək istəyirəm ki, Kəlbəcərdə uşaqlığımda gəzdiyim yerlərin hər daşı, qayası, cığırı yaddaşıma həkk olunub”- açıqlamasının davamında bunları söyləyən İxtiyar Şirinov Kəlbəcər torpaqlarının ölkəmiz üçün əhəmiyyətindən də danışıb.

 

“Kəlbəcər nəinki Azərbaycanın, dünyanın ən qiymətli, ən dəyərli torpaqlarından, məkanlarındandır. Qarabağ bölgələrinin su ehtiyatının 50  faizindən çoxunu Kəlbəcər dağları, gölləri, çayları, bulaqları təmin edir. Allah nəsib eləsin, öncə hər bir kəlbəcərli Kəlbəcərə – doğma yurd-yuvasına dönsün, sonra da hamı, hər bir Azərbaycan vətəndaşı gedib o gözəllikləri seyr edə bilsin” – deyə keçmiş baş prokuror yubileyində ürək sözlərini dilə gətirib.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button