Britaniya kəşfiyyatı Lavrovun yalanını ifşa etdi, nədən “coğrafi bəyanat” verdiyinı açıqladı…

“Bu bəyanat Rusiyanın işğal etdiyi ərazilərdə saxta referendumların keçirilməsinə yol açmaq məqsədini güdür…”

 

“Rusiya Donbasda azmiqyaslı hücumlarında minimum irəliləyişə nail olub…”

 

 

Rusiyanın baş diplomatı Sergey Lavrov Ukraynadakı müharibənin “coğrafiyasının genişlənməsi” barədə  Donetsk və Luqansk vilayətlərinin hüdudlarından kənarda müvəqqəti işğal edilmiş ərazilərində saxta referendumların keçirilməsinə yol açmaq üçün bəyanat verib.

 

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya hərbi kəşfiyyatının 24 iyul tarixli hesabatında deyilir.

 

20 iyul 2022-ci ildə Rusiya xarici işlər naziri Ukrayna coğrafiyası və Rusiyanın Ukraynanı zəbt etmək planlarının dəyişilməsi barədə bəyanat verib.

 

O, iddia edib ki, Rusiya ordusu “ardıcıl surətdə və inadla” Qərb ölkələrinin Ukraynaya uzaq mənzilli silah verməsi ucbatından Ukrayna ərazilərini, o cümlədən Xerson və Zaporojye vilayətlərini zəbt etməkdə davam edir.

 

“Bu, tamamilə yalandır. Rusiya öz müharibəsini “genişləndirməyib”. Bu ərazilərdə uzunmüddətli nəzarəti saxlamaq, böyük ehtimalla, hərbi müdaxilənin ilkin məqsədi olub”, – Britaniya kəşfiyyatı qeyd edib.

 

İdarə xatırladıb ki, Rusiya Xerson və Zaporojye vilayətlərinə hələ fevralda soxulub, yeni peyda olan işğalçı hakimiyyət orada ən azı martın ortalarından saxta referendumun keçirilməsi perspektivlərini müzakirə edib.

 

“Gerçək ehtimalla Lavrov bu bəyanatı Donetsk və Luqansk vilayətlərinin hüdudlarından kənarda müvəqqəti işğal edilmiş ərazilərdə saxta referendumların keçirilməsinə yol açmaq üçün səsləndirib”, –  Böyük Britaniya müdafiə nazirliyinin məlumatında deyilir.

 

Bundan  başqa, britaniyalı kəşfiyyatçılar məlumat verib ki, Donbasda Rusiyanın azmiqyaslı hücumları Bahmut istiqamətində cəmləşib, lakin minimum irəliləyişə nail olunub.

 

Xatırladaq ki, Lavrovun “coğrafi bəyanatı”nı Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın təbliğatı adlandırıb.

 

“Rusiya hər dəfə yeni dəlillərdən istifadə edir. Hazırda Rusiya hakimiyyəti iddia edir ki, bu, Ukraynaya Qərb tərəfdən dəstək verilməsi ilə bağlıdır. Lakin onlar əvvəllər də Kiyevə və Ukraynanın başqa ərazilərinə hücum edib”, – Berbok xatırladıb.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button