“İndi nədənsə elə verilişlər görmürəm, məndən heç kim inciməsin…”

“Hərdən Qarabağdan söz düşəndə ürəyim az qalır partlasın. 44 günlük müharibədə o qədər ağlayırdım ki. Gecəm, gündüzüm yox idi. Yemək yemirdim, 15 kilo çəki atdım. Deyirdim ki, “Ay Allah, məni görəsən kim cəbhəyə aparar ki, gedim o əsgərlərin formalarından öpüm, bağrıma basım”. Müharibə bitib, amma yenə də ürəyim əsgərlərimizin, hərbçilərimizin yanındadır. Bu günlərdə bir hərbçini gördüm, onun geyimindən öpdüm, dedim ki, Allah səni qorusun. O da mənim əlimdən tutdu. Şuşaya getmək istərdim, amma gücüm yoxdur. Bilmirəm dözə bilərəm ya yox?! Mən çox çətinlik çəkmişəm, gör neçə müharibə görmüşəm, amma möhkəm olmuşam, dözmüşəm. Mən özümü çox şanslı insan hesab edirəm”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib. O daha sonra televiziyanın bu günki fəaliyyətindən danışıb.

“Mən ömrümü televiziyaya həsr etmişəm. Evimdə 5-6 televizor var, hər otaqda biri. Aparıcılarda vurğu xoşuma gəlmir. Danışığın danışıq tərzi var. Aparıcı danışır, elə bil ki, üzündən nəsə oxuyur. Halbuki heç nə oxumur. Uşaqlar, gənclər üçün verilişlər yoxdur. Bu həqiqətən də mənim yaralı yerimdir. Biz o vaxt yeni tamaşaçıları yeni gənclərlə, müğənnilərlə tanış edirdik. İndi nədənsə elə verilişlər görmürəm, məndən heç kim inciməsin” deyə sənətkar bildirib.

 

Ofeliya Sənani uşağlığını da xatırlayıb.

 

“Uşağlıqda çox gözəl səsim olub.  Akademik Milli Dram Teatrının yanında balaca bir bağ var idi, orada o qədər konsertlər vermişəm ki. Atam gəlib camaatın yanında qolumdan tutub, yerə çırpırdı, evə aparırdı. Deyirdi ki, “bir də oxusan sənin ayağını sındıracam”. Amma oxumaq istəyirdim. Deyirdi ki, “sənin atan, ana yoxdur?”. Sən məndən icazə alıb, bura gəlmisən? Deyirdim ki, ay ata, məni bura məktəbdən gətirdilər, onları qırmaq istəmədim. Dedi ki, bir də bu bağa ayaq basmayacaqsan” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button