“AMEA ləğv olunmalı, onun bazasında bir neçə müasir universitet yaradılmalıdır”

Qüdrət Həsənquliyev: “Elmin inkişaf etdiyi ölkələrdə bütün elmi naliyyətlər, kəşflər universitetlərdə əldə olunur”

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik

 

– Qüdrət bəy, AMEA ətrafında cərəyan edən hadisələr və aparılan müzakirələrə münasibətinizi bilmək maraqlı olardı.

 

– Əvvəllər də söyləmişəm, AMEA ləğv olunmalı, onun bazasında bir neçə müasir universitet yaradılmalıdır. Elmin inkişaf etdiyi ölkələrdə bütün elmi naliyyətlər, kəşflər universitetlərdə əldə olunur. Şox istərdim ki, Prezident Azərbaycanda, Xankəndi və Xocalı da daxil olmaqla yeni universitetlərin açılması barədə sərəncam imzalasın və Ağdama növbəti səfəri zamanı ilk universitetin təməl daşanı qoysun. Elmə və təhsilə ayrılan vəsait dəfələrlə artırılsın.

 

“Hakimiyyət hərisi Paşinyanın vəzifəsini itirmək qorxusundan Qərblə Rusiya arasında “Lambada” oynaması həm özünə həm də ölkəsinə yaxşı heç nə vəd etmir”

 

– Bəzi şəxslər yaxın vaxtlarda Ermənistanla Qarabağda üçüncü savaşın olacağı barədə danışırlar. Siz necə düşünürsünüz?

 

– İkinci Qarabağ savaşı kimi genişmiqyaslı müharibənin olacağına inanmıram. Çünki Ermənistan ordusunu darmadağın etmişik. Ordunun psixoloji baxımdan bərpası, silah-sursatla təmin edilməsi, peşəkar döyüşçülər hazırlanması xeyli vaxt alacaq. Böyük müharibə o halda baş verə bilər ki, İran və Rusiya açıq formada müharibəyə qoşulsun. Bu isə real deyil. Amma bizim Daxili Qoşunların, yaxud ayrı-ayrı qoşun növlərinə aid xüsusi təyinatlıların ölkə daxilində anti-terror əməliyyatı həyata keçirməsini heç vaxt istisna etməmişəm. Çünki Ermənistan 10 nayabr 2020-ci il sazişi üzrə öz öhdəliklərini yerinə yetirmir. Nə vasitəçi Rusiya, nə də bölgədə marağı olan digər güclər Ermənistana öz öhdəliklərini yerinə yetirməsi üçün təzyiq etmir. Hakimiyyət hərisi Paşinyanın vəzifəsini itirmək qorxusundan Qərblə Rusiya arasında “Lambada” oynaması həm özünə həm də ölkəsinə yaxşı heç nə vəd etmir.

 

– Son zamanlar, tez-tez siyasi analitiklər tərəfindən Ukrayna-Rusiya müharibəsində Qərbin Rusiyanın məğlubiyyətindən qorxduğunu bildirirlər. Bu məsələyə də münasibətinizi bilmək istərdik.

 

– Müharibə başlayan günədək ümid edirdim ki, ABŞ Rusiya ilə anlaşa biləcək və müharibədən qaçmaq mümkün olcaq. Təəssüf ki, bu iki böyük dövlətin “maraq”ları humanitar fəlakətdən yayınmağa imkan vermədi. Qərb Rusiyanın məğlubiyyətində yox, zəiflədilməsində maraqlıdır. Rusiya məğlub olarsa nüvə silahı tətbiq etməyəcəyinə heç kim zəmanət verə bilməz. Yaxud nüvə silahı tətbiq etməyib məğlub olarsa, sabitliyin pozulmayacağına və nüvə silahının millətçi ekstremistlərin əlinə keçməyəcəyinə də heç kim təminat verə bilməz. Qərb istəyir ki, müharibənin uzadılması ilə əldən salınmış Rusiya kiçik uğurla sülhə razı olsun. Hadisələrin bu günkü inkişafı onu göstərir ki, sonda Ukrayna öz müttəfiqləri tərəfindən müəyyən güzəştlərə məcbur ediləcək.

 

– Ukraynaya Azərbaycanın dəstəyini yetərli sayırsınızmı?

 

– Biz kiçik ölkəyik və öz problemlərimiz var. Bizim Ukraynaya böyük həcmdə dəstəyimiz də heç nəyi dəyişən deyil. Ukrayna bizdən və işğalçı Ermənistandan çox-çox böyük dövlət olsa da, bizim torpaqlar işğal olunanda Ukrayndan gözləntilərimiz böyük deyildi. Ukraynanın da heç bizdən elə bir böyük gözləntisi yoxdur. Sadəcə bəzi siyasi dələduzlar işğalla üzləşmiş insanlarımızın emosional və psixoloji durumundan ölkənin milli maraqları əleyhinə yararlanmaq, kimdənsə bir “sağ ol” almaq istəyirlər. Müharibədən çıxmış, hələ də müharibə vəziyyətində olan Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və imkan daxilində hamanitar yardım göstərir. Ukraynanın ərazi bütövlüyünə görə siyasi, hüquqi və mənəvi məsuliyyət daşıyan ölkələr Budapeşt memorandumunu imzalamaqla Ukraynanı nüvəsiz dövlət etmiş ABŞ və Böyük Britaniya, Ukraynanı NATO-ya cəlb etmək istəyən dövlətlər, o cümlədən BMT TŞ-nın nüvə silahına sahib daimi üzvüləridir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button