BDU-nun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin İctimai Nəzarət
Şurasının üzvləri ilə görüşüb.
Görüşdə çıxış edən BDU-nun rektoru Elçin Babayev 2021-2022-ci tədris ilində
Universitetdə tədris və elm istiqamətində həyata keçirilən işlər, yeniliklər, yay imtahan
sessiyasının yekunları barədə məlumat verib.
Bildirib ki, hazırda Universitetdə tədris tarixi ənənələrin və modern dünya təcrübəsinin
vəhdəti şəklində müasir, innovativ təlim texnologiyaları əsasında qurulur, elmi-tədqiqat
işlərinin məzmunu günün tələblərinə uyğun şəkildə yenilənir, beynəlxalq akademik
əlaqələr və ölkədaxili əməkdaşlıq daha da inkişaf etdirilir, struktur islahatları həyata
keçirilir, gənc kadrlar irəli çəkilir. Dünyanın bir sıra aparıcı universitetləri ilə birgə ikili
diplom proqramları həyata keçirilir.
Görüşdə BDU-nun qarşısında duran vəzifələrin səmərəli icrası ilə bağlı geniş fikir
mübadiləsi aparılıb.
İctimai Nəzarət Şurasının sədri, millət vəkili Arzu Nağıyev və şuranın üzvləri – millət
vəkili Əminə Ağazadə, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə
BDU-da tədris prosesinin, elmi fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərini
bölüşüblər.